Sosial-İqtisadi Kollecdə 9 noyabr-Zəfər Günü qeyd edildi -Foto
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək, Vətən!” adlı tədbir keçirilib.
Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu rayon icra hakimiyyətinin nümayəndəsi Ülviyyə Rufullayeva, Bakı şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rakif Əliyev, Bakı Gənclər Mərkəzinin nümayəndəsi Kənan Şərifov, Sabunçu Gənclər Evinin direktoru Kamil Yaqubov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi Sabunçu rayon filialının sədri Çingiz Tağıyev, Vətən müharibəsi qaziləri,şəhid ailələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov çıxış edərək qeyd edib ki, Şanlı Azərbaycan Ordusu 44 günə öz gücünü nəyinki düşmənə,onun havadarlarına da göstərdi. Düşmənin növbəti təxribatı zamanı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun qətiyyətli əks hücumu ilə başlanan Vətən müharibəsi Zəfərimizlə yekunlaşdı.Biz tariximizi heç vaxt unutmamalıyıq. Biz qalib xalqıq və bu qalibiyyəti heç kim bizim əlimizdən ala bilməz.
Qarabağ müharibəsi veteranı polkovnik Etibar Pirimov çıxış edərək 8 noyabr tarixinin Azərbaycanın hərb tarixinə şanlı salnamə kimi yazıldığını bildirdi: “Ali Baş komandanın rəhbərliyi ilə xalqımız bir yumruq kimi birləşdi.Düzdür itkilərimiz, ağrılarımız, acılarımız çox olsa da qəlbimizdə bir qürur fəxarət duyğusu baş qaldırır. Poladlarımızın, Mübarizlərimizin,Cəbrayıllarımızın qisası alındı. O salnaməni bizə Azərbaycan Ordusu yaşatdı.”
YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov çıxışında qeyd etdi ki, Vətən müharibəsində Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Tədbirdə iştirak edən Şəhid İbrahim Cəfərovun həyat yoldaşı Xalidə Cəfərova öz çıxışında bu gün açıq səma altında salınan Hərbi Qənimətlər Parkında Azərbaycan Ordusunun düşməndən qənimət götürdüyü silah-sursat, hərbi texnika və döyüş bayraqlarını gördükdə qürur hissi keçirdiyini vurğulayıb.
Sonra tədbir iştirakçılarına təşəkkürnamə və sertifikatlar təqdim edilib.
Tədbir Kollecin müəllim və tələbələrinin hazırladıqları bədii hissə ilə davam edib.