AZ

"Azərbaycan hərbi qüdrətini 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi"

Hələ iki əsr əvvəl - Çar Rusiyası zamanı əzəli Azərbaycan torpaqlarına köçürülən yurdsuz ermənilər yerli azərbaycanlıları incitməyə, sıxışdırmağa başlayaraq  ev-eşiklərindən köçməyə məcbur etməyə başlamışlar. Sonralar isə zaman-zaman yerli əhaliyə qarşı qanlı qırğınlar törədərək torpaqlarımızın bir hissəsini mənimsəmişlər.

Azərbaycan torpaqlarında Ermənistan respublikası yaradan ermənilər bununla da kifayətlənməmişlər və getdikcə Azərbaycan torpaqları hesabına ərazilərini daha da genişləndirməyə çalışmışlar.

90-cı illərdə isə ermənilər xarici havadarlarına güvənərək Azərbaycanın 20 faizdən artıq ərazisini işğal etmiş, dinc əhaliyə hücum edərək qocaları, qadınları, uşaqları işgəncə ilə qətlə yetirmişlər, Xocalı qırğını törətmişlər. Bir sıra kənd və qəsəbələrimiz erməni vandalları tərəfindən demək olar ki, yer üzündən silinmişdir. 30 il işğal altında olan torpaqlarımızdan tariximizin izlərini silmək məqsədilə düşmən tarixi yerlərimizi, məscidlərimizi, mədəniyyət mərkəzlərimizi, muzeylərimizi, qəbiristanlıqlarımızı  talan etmiş, dağıtmışdır. Ölkəmizin iqtisadiyyatına və mənəvi irsinə ağır zərbə vurmuş və eyni zamanda ölkəmizə milyardlarla dollar ziyan vurmuşdur. 

Bir milyondan artıq yerli əhali öz doğma ev-eşiyindən didərgin düşmüş və bu illər ərzində heç vaxt ümidini itirməyərək öz yurd-yuvalarına dönmək arzusu ilə acınacaqlı qaçqın həyatı yaşamışdır. 

Dövlətimizin prioritet məsələlərindən ən ümdəsi torpaqlarımızı erməni cinayətkarlarından azad etmək, üçrəngli bayrağımızı öz torpaqlarımızda ucaltmaq olub. Bunun üçün isə bizə güclü, yenilməz ordu lazım idi. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaratdı. 

Bütün bu illər ərzində Azərbaycan Ordusunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Azərbaycanda hərbi sənaye kompleksi yaradıldı. Ölkəmizin hərbi qüdrəti ilbəil artırıldı. 

Artıq Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb.

Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. 

Azərbaycan münaqişə boyunca eyni zamanda bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilirdi. 
Münaqişəsinin nizamlanması üçün  təsis olunmuş ATƏT-in  Minsk Qrupu öz uzunmüddətli fəaliyyəti dövründə məsələnin dondurulmasına və nəticə etibarı ilə Ermənistanın xeyrinə həll olunmasına çalışmışdır. BMT Təhlükəsizlik Şurasının  isə Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qalmış və icra olunmamışdır. Ermənistan silahlı qüvvələri tərəfindən isə təmas nöqtələrimiz durmadan atəşə tutulurdu. Artıq müharibə qaçılmaz idi. Öz torpaqlarımızı özümüz azad etməli idik.

2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın bu əmrini gözləyirdi. Xalqımız müharibə dövründə birlik nümayiş etdirdi. On minlərlə insan orduya könüllü yazılmaq üçün hərbi komissarlıqların qarşısına yığıldı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: \"Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın güclənməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq.”

\"Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, etnik qruplar vətən uğrunda müharibəyə yollandılar. Müharibənin ilk dəqiqələrindən belə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər an Azərbaycanın yanında olduğunu söyləmişdi. Bu, Azərbaycan xalqını döyüşə daha da ruhlandırmışdı.

Prezident İlham Əliyev tərəfindən xarici jurnalistlərə verilmiş müsahibənin hər biri  Azərbaycan diplomatiyasının uğuru idi. Ali Baş Komandan müsahibələrində Azərbaycan haqqında həqiqətləri bütün dünya ictimaiyyətinə çatdırırdı. Verdiyi müsahibələrlə dünya ictimaiyyətinin Azərbaycan haqqında fikrini tamamilə dəyişdirməyə müvəffəq oldu.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Şuşanın azad olunmasından sonra isə müharibənin taleyi demək olar ki, həll olundu.

Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

44 gün ərzində bütün dünya Azərbaycanın gücünü, qüdrətini gördü. Azərbaycan Ordusu bu müddət ərzində yeni uğurlara imza ataraq, daim irəliləyirdi. Fəxr etməli bir haldır ki, Azərbaycan Ordusundan bir nəfər belə fərari olmadı. 11 min nəfər fərarisi olan, silahı atıb qaçan  ermənilərin isə özləri haqqında yaratdıqları mif darmadağın oldu.

Azərbaycan öz haqq savaşında zəfər çaldı. Müzəffər Azərbaycan Ordusunun döyüş təcrübəsi və texnikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir.

Bakıda Hərbi Qənimətlər Parkı açıldı. 5 hektar ərazini əhatə edən Parkda Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. 

Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradı Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. 

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan Ordusu maddi-texniki təchizat, döyüş hazırlığı və döyüş ruhu baxımından tam üstünlüyə malikdir.

Bütün bunlara baxmayaraq Azərbaycan xalqı sülh istəyir. \"Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır.” – Prezident İlham Əliyev.

Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Azərbaycanın quruculuq missiyası başlanır. Böyük qayıdış davam edir. Torpaqlarından didərgin düşmüş soydaşlarımız öz doğma yerlərinə qayıdırlar.

Bu gün şəhidlərimizin ruhu şaddır. Onların azad etdikləri vətən torpaqlarında həyat qaynayır. Şəhidlərimizin xatirəsi Azərbaycan xalqının qəlbində yaşayır və daim yaşayacaq. Onların ailələri dövlətimiz tərəfində qayğı ilə əhatə olunur. \"Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik.” – Prezident İlham Əliyev.

Nizami Zalov
Abşeron rayon Ağsaqqallar Şurasının sədri, şəhid Vidadi Zalovun atası
Seçilən
9
50
azxeber.com

10Mənbələr