Milli Məclis Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsini təsdiqləyib.
İndex.az xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi haqqında layihə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Belə ki, Toğrul Nəcəfəli oğlu Əliyev, Gülər Azər qızı Paşayeva, Əli İsmayıl oğlu Əhmədov və Vüsal Cahangir oğlu Xəlilov Mərkəzi Bankın İdarə Heyətinə üzv təyin edilməsi təklif olunub.
Bundan başqa, Rəşad Temraz oğlu Orucovun AMB İdarə Heyətinin üzvü vəzifəsindən azad edilməsi məsələsi də layihədə yer alıb.
Layihə səsverməyə qoyularaq qəbul edilib.
Qeyd edək ki, “Mərkəzi Bank haqqında” qanuna əsasən İdarə Heyətinin 7 daimi üzvü olmalıdır.
Xatırladaq ki, G.Paşayeva 1989-cu ildə Bakı şəhərində anadan olub.
2010-cu ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr dərəcəsini, 2012-ci ildə həmin universitetin “Kommersiya hüququ” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomları ilə, 2021-ci ildə isə Böyük Britaniyanın İdarəetmə üzrə İxtisaslaşmış İnstitutunun (The Chartered Governance Institute) İdarəetmə peşəkarları üçün ixtisaslaşma proqramını bitirib.
Əmək fəaliyyətinə 2011-ci ildə “PAŞA Bank” ASC-də “Port Baku” şöbəsinin kassiri vəzifəsilə başlayıb, 2012-ci ilin yanvar-avqust aylarında Bankın Korporativ sənədlərlə İş və protokol təminatı departamentinin icraçısı, 2012-2013-cü illərdə Hüquq və təşkilati işlər departamentin Korporativ katiblik şöbəsinin kolleqial orqanlar ilə iş üzrə koordinatoru, 2013-2015-ci illərdə həmindepartamentin Hüquq şöbəsinin hüquq məsləhətçisi, 2015-2021-ci illərdə Korporativ Katiblik şöbəsinin rəhbəri, 2021-2022-ci illərdə Korporativ idarəetmə və inzibatçılıq departamentinin direktoru vəzifələrində çalışıb.
2022-ci ilin iyun ayında Azərbaycan Respublikası Mərkəzi Bankında sədrin müşaviri vəzifəsinə təyin edilib. Bu ilin iyul ayından isə Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin olunub.
Ailəlidir.