AZ

Zəfərimiz və milli qürurumuz TƏDBİR

YAP Ağcabədi rayon təşkilatı ”Zəfər Günü” və “Dövlət Bayrağı Günü” münasibətilə tədbir keçirib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini və “Şəhidlər Xiyabanı”nı ziyarət ediblər.

Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilir.

Tədbirdə çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov xalqımız üçün əlamətdar olan “Zəfər Günü” və “Dövlət Bayrağı Günü” münasibətilə tədbir iştirakçılarını təbrik edərək, döyüşlərdə Vətənə, torpağımıza, müstəqil Azərbaycana, millətimizin bu gününə və gələcəyinə sədaqət göstərmiş hər bir vətəndaşımıza minnətdarlığını bildirərək, şəhidlik zirvəsinə yüksələn, canından keçən qəhrəmanlarımızın dərin ehtiramla anıldığını diqqətə çatdırıb.

R.Əhmədov çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qazanılmış və Azərbaycan xalqının və dövlətinin qüdrətinin rəmzinə çevrilmiş bu möhtəşəm Zəfərin tarixi əhəmiyyəti bir əsrin hüdudlarına sığmır. Bu müharibə nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulmuş, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə birlikdə, son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirilmiş və xalqımızın tarixi taleyi ilə bağlı olan son dərəcə mühüm bir məsələ həll edilmişdir.

8 Noyabr Zəfəri müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi olmuşdur.

Sevindiricidir ki, 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanaraq uzun illərdir qəlbimizdə yaşatdığımız “Bayrağımız Qarabağda dalğalansın” arzumuzu da gerçəkləşdirdik.

Dövlət Bayrağı Gününə ən böyük müjdə isə 2020-ci ildə verildi. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də Dövlət Bayrağı Günü ərəfəsində üçrəngli bayrağımızın Şuşada ucaldıldığını xalqımıza bəyan etdi. Bundan sonra yüz minlərlə insan əllərində Azərbaycan Bayrağı küçələrə çıxaraq Şuşa Zəfərinin sevincini paylaşdı. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olunacaq. Bu şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı.

Tədbirdə SHXÇ üzrə Dövlət Xidmətinin Ağcabədi şöbəsinin məsul əməkdaşı Rüstəm Xudiyev, Ağcabədi şəhər 3 saylı uşaq bağçasının müdiri, şəhidin həyat yoldaşı Samirə Xudiyeva, 8 saylı Ərazi Partiya Təşkilatının sədri Anar Qasımov, Heydər Əliyev mərkəzinin direktor əvəzi, Vətən Müharibəsi qazisi Ruhin Hüseynov çıxış edərək əlamətdar günlərlə bağlı duyğularını və təbriklərini ifadə etmişlər.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə, bir qrup şəhid ailəsinin üzvü, qazi və hərbçi Fəxri Fərmanla təltif edilib.

Sonda Ağcabədi şəhər 2 saylı və 5 saylı Körpələr evi-uşaq bağçasının uşaqlarının ifasında şeirlər ifa edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səslənməsi ilə başa çatıb.

Tədbirin sonunda şəhid ailələrinin, qazi və hərbçilərin iştirakı ilə xatirə şəkli çəkdirilib.

Seçilən
12
50
sesqazeti.az

10Mənbələr