“Bayern”in baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasında “Benfika” üzərində çətin ev qələbəsini şərh edib.
Arena.az xatırladır ki, “Bayern” yarışın Liqa mərhələsinin 4-cü turu çərçivəsində Portuqaliya nəhəngi üzərində 1:0 hesablı qələbə qazanıb.
Matçdan sonra baş tutan mətbuat konfransında Vensan Kompani jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Bəzən 1:0 hesabı ilə qalib gəlmək xoşdur, baxmayaraq ki, biz həmişə üç, dörd və ya beş top fərqi ilə qalib gəlməyə üstünlük veririk. Düşünürəm ki, bu gün oyuna yaxşı nəzarət etdik. Bəzi məqamlarda son ötürməmiz əskik idi. Erkən qol vura bilmədik, ona görə də sakit və səbrli olmalıydıq. Komanda tapşırığının öhdəsindən yaxşı gəldi”, – DAZN şəbəkəsi belçikalı mütəxəssisdən sitat gətirir.
Əlavə edək ki, bu oyunda Almaniya nəhəngi “qartallar”ın qapısına 24 zərbə endirib, amma bunlardan yalnız biri qol olaraq nəticələnib.
4 turdan sonra “Bayern” UEFA Çempionlar Liqasının yarış cədvəlində 6 xalla 17-ci pillədə qərarlaşıb. “Benfika” isə 6 xalla 19-cu pillədədir.