AZ

Zəfər Günü bütün Türk dünyası üçün Qürur, Şərəf və İftixar günüdür- ÖZƏL

"Təcavüzkar Ermənistanın 30 il ərzində işğal altında saxladığı torpaqlarımızın azad olunmasından dörd il ötür. Xalqımızın tarixinə möhtəşəm Zəfər Günü kimi qızıl hərflərlə yazılan 8 Noyabr ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətinin, Azərbaycan Ordusunun qüdrəti və döyüş ruhunun, xalqımızın milli birliyinin məntiqi nəticəsidir. Bu gün xalqımızın vətən sevgisinin, mübarizə əzminin, yumruq kimi bir olmağın nümayişi günüdür. Zəfər Günü həm Azərbaycan xalqı, həm də bütün Türk dünyası üçün Qürur, Şərəf və İftixar günüdür".

Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"Zəfər günü haqqında danışarkən mütləq tarixə də nəzər yetirmək və keçmişdən nəticə çıxarmaq lazımdır. Məlum olduğu kimi ermənilərin düşmənçilik siyasəti 200 ildən çoxdur ki, çar Rusiyası zamanı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı illərdə də davam etmişdir. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə on minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 
Ermənistan-Azərbaycan  münaqişəsinin hazırkı mərhələsi 1987-ci  ilin  sonunda  Xankəndi və Ermənistanda  yaşayan azərbaycanlılara qarşı hücumlarla başladı. Bu  hücumlar soydaşlarımızın öz ata-baba yurdlarından didərgin düşmələri  ilə  nəticələndi.  1988-ci  il fevral ayının 20-də  keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Sovetinin iclasında vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-nin  tərkibindən çıxarılaraq Ermənistan SSR-in tərkibinə daxil edilməsi ilə bağlı Azərbaycan və Ermənistan SSR Ali  Sovetlərinə müraciət etmək haqqında qərar qəbul etdilər.  1988-ci  ildə Xankəndi-Ağdam şossesində yerləşən Əsgəran qəsəbəsi yaxınlığında ermənilər keçmiş DQMV-nin Xalq Deputatları Sovetinin yuxarıda qeyd olunan qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə  atəş açdılar.  Nəticədə  həlak  olan  iki  azərbaycanlı gənc münaqişənin ilk qurbanları oldular. 
1991-ci ilin sonu 1992-ci  ilin  əvvəlində münaqişənin hərbi mərhələsi başlandı. Keçmiş Sovet İttifaqının parçalanması və Azərbaycanda daxili çəkişmələr nəticəsində  yaranmış siyasi qeyri-sabitlikdən istifadə edərək,  Ermənistan xarici hərbi  yardımla Dağlıq Qarabağda  hərbi əməliyyatlara başladı. 1992-ci ilin fevral ayında erməni vandalları tərəfindən Xocalı şəhərində azərbaycanlılara qarşı misli görünməmiş qanlı soyqırım faciəsi törədildi. 1992-ci ilin may ayında Şuşa şəhəri və  Laçın rayonu, 1993-cü  ildə isə  Kəlbəcər, Ağdam, Füzuli,  Cəbrayıl,  Qubadlı  və  Zəngilan  rayonları işğal edildi.  
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş əvvəl ATƏM daha sonra ATƏT adlandırılan təsisatın Minsk Qrupu fəaliyyət göstərdiyi 30 ilə yaxın vaxt ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Son illər ərzində, xüsusilə son 2 il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi.
Nəticədə 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistanın təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutmasına cavab olaraq Azərbaycan ordusunun bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar olaraq, Prezident İlham Əliyevin fərmanı ilə 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildi. 28 sentyabrda imzalanmış sərəncama görə isə respublikada qismən səfərbərlik elan edildi.
Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi və 10 noyabrda imzalanmış Kapitulyasiya aktından sonra noyabrın 20-si Ağdam, 25-i Kəlbəcər, dekabrın 1-i isə Laçın rayonları Azərbaycana qaytarıldı. 
Təbii ki, güclü ordu və effektli diplomatik fəaliyyət olmadan torpaqlarımızın işğaldan azad olunması üçün əməliyyatlara başlamaq mümkün deyildi. Vətən müharibəsi göstərdi ki, Azərbaycan keçən illər ərzində həm ordu quruculuğu, həm də münaqişənin həlli üçün zəmin yaradan beynəlxalq fəaliyyət istiqamətində çox böyük işlər görüb. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi.
Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olundu. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanıldı. 
Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək münaqişənin həlli üçün hüquqi baza yaratmağa nail oldu. Bu illər ərzində BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatların müvafiq qətnamələr qəbul etməsinə nail olundu. Bütün bunların nəticəsində münaqişənin həlli üçün hüquqi əsaslar əldə edildi. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratmağa nail oldu. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi və bununla da beynəlxalq nüfuzunu gücləndirdi.
 44 günlük Vətən savaşını zəfərlə taclandıran digər bir amil isə yuxarıda da qeyd etdiyim kimi milli birlik, insanımızda olan inam və ümid idi. Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərdi. 50 siyasi partiya tərəfindən "Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar", "Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair", "Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı", "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması ilə əlaqədar" bəyanatlar, həmçinin "Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair" ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalanmışdır. 
Təəssüf ki, xain mövqe ortaya qoyanlar da oldu. Azərbaycan xalqının tarixinə əbədi olaraq yazılmış Qələbə münasibətilə ölkə siyasilərinin birgə bəyanatında AXCP, Müsavat Partiyası və "Milli Şura" iştirak etmədilər. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınamaqla yanaşı, mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktını insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməsinə çağırışlar etmişdilər. Milli sevinc və qürurun təcəssümü olan birgə bəyanatda radikalların iştirak etməməsi isə onların antimilli xislətini ifşa etdi. Amma bütün bunlara baxmayaraq İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. 
Xalqımız, eləcə də hər bir keçmiş məcburi köçkün bütün bu illər ərzində bir gün də olsun ümidini sındırmayaraq düşmənin amansızlığını, törətdiyi vəhşiliyi unutmadı. Vətən həsrətinə son qoyulacağı günün gələcəyinə inandı və bu inam özünü doğrultdu. Məhz bu ianmın nəticəsidir ki, Ermənistan və onların havadarları üzərində qələbəmizin dördüncü ildönümünü şərəflə qeyd edirik. Bu şərəf isə Ali Baş Komandanın da dediyi kimi, təkcə ərazi bütövlüyümüz deyil, həm də həqiqət, ədalət və ləyaqət uğrunda vuruşmağımızdan qaynaqlanır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
50
olaylar.az

10Mənbələr