"Bişkekdə əsas devizlərindən biri türk dünyasının güclənməsi olan Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvəsi dostlarımızın və eləcə də bizə düşməncəsinə yanaşanların reaksiyasız buraxmayacaqları açıqlamalarla zəngin oldu ki, mən onlardan ikisinin üzərində özəlliklə dayanmaq istərdim. Həmən açıqlamalardan birini cənab İlham Əliyev səsləndirərək bildirdi ki, hazırda dünyada artan təhlükələri nəzərə alaraq üzv ölkələr müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığı genişləndirməlidirlər".
Ölkə.Az xəbər verir ki, bunu deputat Sahib Alıyev parlamentdə çıxışı zamanı deyib.
Deputat ümid edir ki, qardaş ölkələr ən azından Ukraynanın acı təcrübəsini göz önünə gətirərək müdafiə ehtiyaclarını tam da olmasa, böyük həcmdə məhz özlərinin hərbi-sənaye potensialını artırmaqla ödəməklə, bu sahədə digərlərindən asılılıqlarını mümkün dərəcədə azaldacaqlar.
"Eyni zamanda, əgər biz daha sıx inteqrasiyadan, rəqəmsal gələcəkdən danışırıqsa, onda cənab Ərdoğanın vahid türk əlifbasına mümkün qədər tez keçidlə bağlı çağırışına əməl edilməlidir.
Onun da bildirdiyi kimi Azərbaycan və Türkiyə buna tam hazırdırlar, növbə digər qardaşlarmızdadır. Vahid əlifba hay havadarlığı adı altında hibrid savaş aparan türkəfob, islamafob çevrələrə qarşı birgə və koordinasiyalı fəaliyyət baxımından da çox önəmlidir. Yeri gəlmişkən, məhz həmən çevrələrin kontrolundakı medianın ölkəmizi hədəfləyən azğın informasiya hücumlarının neytrallaşdırılmasında bu həftə fəaliyyətə başlayan ANEWZ televiziya kanalının böyük rol oynayacağı düşüncəsindəyəm.
Dünyanın 110-dan artıq ölkəsində yayılacaq bu kanalda əcnəbilərin də çalışmalarına baxmayaraq, icraçı direktor başda olmaqla orada bizi qlobal müstəvidə uğurla təmsil edə biləcək xeyli azərbaycanlı kadrlar var ki, bu da məhz Müzəffər Ali Baş Komandanımızın insan kapitalına göstərdiyi böyük diqqətin nəticəsidir. Bəli, Azərbaycanda heç vaxt qlobal media müstəvisində ölkəmizi uğurla təmsil edə biləcək indiki qədər çox və hazırlıqlı jurnalistlər olmayıb.
Ölkəmizə qarşı aparılan hibrid savaşın iki müstəvidə dayanmadığını nəzərə alaraq ümid edirəm ki, onlar peşəkarlıq baxımından bizə zəfər qazandıranların önündə gedən xüsusi təyinatlılarımızdan heç də geri qalmayacaqlar", - deputat bildirib
Mürtəza
Ölkə.Az