AZ

Azərbaycan dövlətinin uğurlarının əsasında elmə və idarəçiliyə əsaslanan müdrik yanaşma dayanır ŞƏRH

Azərbaycan Respublikası dünyada davamlı inkişafı, sosialyönümlü islahatları, inklüziv cəmiyyətin qurulmasını uğurla həyata keçirən nümunəvi ölkələrdən biridir. Bu nailiyyətlərin əldə edilməsi üçün möhkəm təməl Ümummilli Lider Heydər Əliyevin dövlət idarəçilik təcrübəsi əsasında qoyulub. Azərbaycanın qazandığı misilsiz uğurların, fövqündə müasir müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin imzası durur. İllər keçdikcə bu daha aydın görünür və dərk edilir. Gələcək nəsillər də bu təcrübədən bəhrələnərək dövlətin idarəedilməsinin elmi və konseptual əsaslarını öyrənərək ona sahib çıxacaqlar. Bu isə o deməkdir ki, Heydər Əliyevə ən böyük abidə onun siyasi kursunun saxlanması və inkişaf etdirilməsidir və bu missiya da Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla həyata keçirilir. Heydər Əliyevin bu gün yaşamaqda olan zəngin irsinə ehtiramımızı onu yeni nəslə öyrətməklə ifadə edirik.

Bu fikirləri TƏHSİL.BİZ -ə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Ağayev bildirib. Y.Ağayev qeyd edib ki, dünya dəyişir və dəyişdikcə də yeni çağırışlar yaranır. Bu çağırışlar və gözləntilər gələcəyimizin formalaşmasına bu və ya digər şəkildə təsir edir. Onlardan biri də iqlim dəyişikliyi ilə bağlıdır.

“Məlumdur ki, bir neçə gündən sonra Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçiriləcək. Azərbaycanın dünyanın ən böyük və mötəbər tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Məlum olduğu kimi, dövlətimizin başçısı ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək sıfır emissiya zonasına çevrilməsi nəzərdə tutulur. Heç şübhəsiz ki, indiyədək ölkəmizin müəyyən etdiyi digər hədəflər kimi bu məqsəd də yüksək səmərəliliklə həyata keçirilən dövlət idarəçilik texnologiyaları sayəsində qısa zamanda gerçəkliyə çevriləcək. Qeyd etmək lazımdır ki, əhəmiyyətli neft və qaz ehtiyatlarına malik Azərbaycan enerji portfelini şaxələndirmək və davamlılığı gözləmək zərurətini qəbul edir. COP29-un əhəmiyyəti isə texnoloji mübadilə və innovasiyaları əhatə edən siyasətin uyğunlaşdırılması prizmasından kənara çıxır. Bu beynəlxalq iqlim konfransında əməkdaşlıq Azərbaycana təkcə ekoloji problemləri həll etmək deyil, həm də özünü müasir innovasiyalara və rəqabətqabiliyyətli insan potensialının inkişafına töhfə verən ölkə kimi göstərmək imkanı verir. COP-29-un Bakıda keçirilməsi ölkəmizin bu statusunun qlobal miqyasda tanınmasının, siyasi və iqtisadi nüfuzunun, bərpaolunan enerji istehsalı sahəsində zəngin potensiala malik olmasının göstəricisidir. 2003-cü ildə Prezident İlham Əliyev Cenevrədə 175 ölkənin iştirakı ilə keçirilən Dünya Sammitində ölkənin inkişaf konsepsiyasının əsasında “qara qızıl”ın (neft və qaz hasilatı və ixracı nəticəsində əldə edilmiş gəlirlərin) insan potensialının (sağlamlıq, bilik və bacarıq) inkişafına və bu potensialın iqtisadiyyatda insan kapitalına çevrilməsi konsepsiyasının durduğunu bəyan etmişdi.

Ölkədə əldə edilən bu uğurların əsasında elmə və idarəçiliyə əsaslanan müdrik yanaşma dayanır. 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər uzun illərin fəaliyyətinin nəticəsi idi. Bütün bunlar Prezident İlham Əliyev tərəfindən dövlət idarəçilik texnologiyalarının yeni səviyyəyə qaldırılması, eləcə də yeni idarəetmə texnologiyalarının tətbiqini institusional islahatlarla həyata keçirməyinin nəticəsi və bəhrəsidir. Vətən müharibəsi, ölkənin ərazi bütövlüyünün bərpası yüz minlərlə qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtması məhz Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və fədakar fəaliyyətinin nəticəsidir.

Əminik ki, Ümummilli Lider Heydər Əliyev irsi Azərbaycanda daim yaşadılacaq və inkişaf etdiriləcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha böyük nailiyyətlər qazanacaq. Bu nailiyyətlərdə və ölkəmizin davamlı tərəqqisində əbədiləşən Heydər Əliyevin xatirəsi isə tariximizdə daim yaşayacaq və xatırlanacaq”, - deyə dosent Yusif Ağayev bildirib.

Seçilən
20
tehsil.biz

1Mənbələr