AZ

Yeni TARİXİ FÜRSƏT: Zəngəzur dəhlizinin açılması BARƏDƏ QƏRAR…

Türk Dövlətləri Təşkilatının (TDT) ölkələri liderlərinin növbəti sammiti 2025-ci ildə Azərbaycanda keçiriləcək. Bu barədə qərar TDT Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən 11-ci iclasının yekunları üzrə qəbul edilib.

Maraqlıdır, növbəti sammitin Azərbaycanda keçirilməsi barədə qərar ölkəmizin həyatında nəyi dəyişəcək, nə ilə yadda qalacaq, nələrə səbəb olacaq?

Mövzu ilə bağlı Medianews.az-a danışan Milli Məclisin Türk Dövlətləri Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Hikmət Babaoğlu bildirib ki, Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən növbəti Zirvə toplantısı ən yeni təşkilat hesab olunacaq TDT-nin institutlaşması yolunda növbəti addımdır.

Millət vəkili Bişkekdə TDT-nin bayrağının qəbul edilməsinə diqqət çəkərək vurğulayıb ki, bu hadisədən bir qədər öncə ortaq türk əlifbası da qəbul olunub: “Zirvə görüşündə TDT-yə üzv olan ölkələrin ortaq iqtisadi inteqrasiyası, təhlükəsizlik və Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, hərbi sənaye məhsullarının mübadiləsi, müəssisələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Bu da özü-özlüyündə institutlaşmaya doğru, eyni zamanda mürəkkəb beynəlxalq münasibətlər sistemində təhlükəsizliyin ortaq şəkildə təmin olunması istiqamətində atılan bir addım idi. Ona görə də bu, çox mühüm tədbir idi. 2025-ci ildə TDT-nin Zirvə toplantısının Bakıda keçirilməsi ilə bağlı qəbul edilən qərar da mühüm və çox əhəmiyyətlidir. Əgər biz TDT-nın ümumi coğrafiyasından danışırıqsa, bu coğrafiya məhz Azərbaycanda qırılır. Bu da təsadüfi deyil. Çünki tarixi düşmənlərimiz türk etnomədəni, etnosiyasi coğrafiyasını parçalayarkən məxsusi olaraq Azərbaycanda bölünməsi üçün addım atıblar, xalqımızın strateji maraqlarının əleyhinə olan qərarlar qəbul ediblər. Beləliklə də quru ərazilərimizin bütövlüyü pozulub. Mənə elə gəlir ki, 2025-ci ildə bu təşkilatın Zirvə toplantısının məhz Azərbaycanda keçirilməsi tam da bu quru əlaqənin bərpa olunması baxımdan əhəmiyyətlidir və çox strateji məsələdir. Ümid edək ki, o vaxta qədər Zəngəzur dəhlizi bərpa olunar. Əks halda həmin toplantıda dəhlizin bərpası ilə bağlı qərar qəbul oluna bilər. Nəticə etibarı ilə TDT-nin gələcəyi, iqtisadi, siyasi, mədəni, humanitar əlaqələri, ümumən təhlükəsizliyi məhz Zəngəzur dəhlizindən keçir”.

Deputat H.Babaoğlu qeyd edib ki, hazırda TDT-nin 2025-ci ildə atacağı növbəti addımlarla bağlı yeni tarix fürsət yaradıb: “Bu, dünyada baş verən hadisələrlə əlaqədardır. Ümid edək ki, 2025-ci ilə qədər Yaxın Şərqdə, Avropada müəyyən qədər sabitləşməyə doğru addımlar atılacaq. Demokratiyanı işğalçı alət olaraq müxtəlif müstəqil dövlətlərə ixrac edən, onların daxili işlərinə qarışan bir siyasi baxış da artıq ABŞ-də geri çəkilmək məcburiyyətində qaldı. Bu da beynəlxalq münasibətlərin aktorlarının, əgər obrazlı şəkildə desək, nəfəs alması üçün yeni bir pəncərə yaratdı. Mənə elə gəlir ki, 2025-ci ildə yaranan bu reallıq da TDT-nın lehinə olacaq. Onların daha perspektivli qərar qəbul etməsi üçün strateji platforma yaratmış olacaq. Bakı hər zaman çox mühüm platforma olub. Düşünürəm ki, 2025-ci ildə də türk dövlətləri arasında tarixi görüş keçirilə bilər”.

Nailə QASIMOVA

Seçilən
5
medianews.az

1Mənbələr