AZ

8 noyabr –Zəfərimizi əbədiləşdirən gün

2020-ci ilin 27 sentyabrında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərinə hücum etməsi, yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması regionu qarşısıalınmaz bir müharibəyə sürüklədi. Belə ki,  Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu istiqamətində sürətli əks-hücum əməliyyatı başlandı. Ordumuzun əks-hücumu sanki  böyük bir hərbi hərəkatı xatırladırdı. Şübhəsiz ki, bundan öncə Ermənistan ordusunun hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun və hərbçi yoldaşlarının şəhadətə ucalması da bu hərəkata böyük təkan olmuşdu. Azərbaycan xalqı və dövlətimizin şəhidlərimizin qisasını almaq, torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda müştərək arzusunun zamanı yetişmişdi.   

Beləliklə, Azərbaycan Ordusunun geniş əks-hücumu nəticəsində Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. Moskva şəhərində imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. 

Bundan sonra, 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edildi. 

Bu müstəsna qələbəmizin əsasında Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda Müzəffər Ali Baş Komandan  Prezident İlham Əliyev tarixi sərəncam verdi.  Bu sərəncamla Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbənin – Zəfər Gününün hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alındı.

Artıq 4 ildir ki, Azərbaycan xalqı 8 Noyabr tarixini Zəfər Günü kimi qeyd edir. Bu günün fəlsəfəsinə vardıqda böyük mətləblər, gələcək nəsillərə ötürülməsi vacib olan böyük bir irslə qarşılaşırıq. Əlbəttə, bu günün fəlsəfəsi, tarixi əhəmiyyəti, gələcək nəsillərimizin formalaşmasındakı əhəmiyyətinə keçməzdən öncə bir sıra mətləblərə toxunmaq istərdik.  2020-ci il sentyabrın 27-də başlanan və 44 gündən sonra bitən Vətən müharibəsi zamanı Ali Baş Komandanın əzəmətli sərkərdəliyi, dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın birliyi, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı ilə erməni işğalına son qoyuldu. Qarabağ münaqişəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycan dövləti və xalqı qalib olaraq dünya tarixinə öz möhürünü vurdu. Noyabrın 8-də üçrəngli bayrağımızın Qarabağın döyünən ürəyində, mədəniyyətimizin beşiyi olan Şuşada dalğalanması hər birimizi qürurlandırdı. Şuşanın işğaldan azad olunması Ermənistanın bir əsrə yaxın əsirinə çevrildiyi “Dənizdən-dənizə, böyük Ermənistan” xülyasını iflasa uğratdı, yüz illik anti-türk siyasətinə sarsıdıcı zərbə vurdu, erməni diaspor və lobbi təşkilatlarının ümidlərini puç etdi. Bu qələbə regionumuzda yeni tarixi, siyasi, iqtisadi reallıqlar yaratdı. Məhz bu qələbəmizin sayəsində Azərbaycan diktə olunan tərəfdən diktə edən tərəfə çevrildi. 

Şübhəsiz ki, burada mühüm məqamı xatırlatmaq yerinə düşər. Milli Ordumuzun bu səviyyəyə gəlməsi məhz Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşmışdı və bir vaxtlar ulu öndərin dediyi kimi, biz doğma Qarabağ torpaqlarına mütləq qayıdacağıq tezisini illər sonra gerçəyə çevirmişdi. Şübhəsiz ki, Şuşa azad edilərkən Ali Baş Komandanın çıxışında dediyi ata vəsiyyətini yerinə yetirməsi danılmaz gerçəklik idi.  Danılmazdır ki, bu gün Azərbaycan Ordusu maddi-texniki təchizat, döyüş hazırlığı baxımından regionun ən güclüsüdür. Danılmazdır ki, tam üstünlüyə malik  ordumuzun torpaqlarımızı erməni işğalından azad etməsi labüd idi və bu reallığı Ermənistan dərk etmirdi. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında parlaq qələbəsini təmin etdi.  Müzəffər Ali Baş Komandanımızın və rəşadətli ordusunun əməyi nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız tarixdə olduğu əzəmətli keçmişini, şan-şöhrətini, dünyada mübariz, döyüşkən xalq kimi yenidən tanınmağa başladı.  

44 günlük müharibənin parlaq zəfərlə bitməsinin başlıca səbəblərindən biri də yuxarıda qeyd etdiyimiz kimi,  xalqımızın hər bir fərdinin  Ali Baş Komandan və ordumuzun ətrafında sıx birləşməsi idi.  10 minlərlə insanın könüllü olaraq ordu sıralarına yazılması,  yaşlı təqaüdçülərimizin öz pensiyalarını silahlı qüvvələrimizin  yardım fonduna köçürməsi, iş adamlarımızın ordumuza təmənnasız ianələr etməsi həmin günlərin qürurlu və duyğusal anları idi. Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruq” ifadəsi milli birliyimizin və gücümüzün rəmzinə çevrilmişdi. Həqiqətən də ordumuzun qüdrəti dəmir yumruq kimi düşmənin başına, düşmənin planlarının üzərinə zərblə çırpılmışdı. Bu həm də  etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarının birləşdiyi, ulu öndərin bizlərə əmanət olaraq qoyduğu Azərbaycançılıq məfkurəsinin  müvəfəqiyyəti idi.  

Bu gün  qələbəmizin memarları sayılan Ali Baş Komandan və  onun müzəffər Ordusu regionda elə reallıqlar yaradıb ki, düşmənlərin, havadarlarının onu dəyişdirmək, pozmaq imkanı sıfıra bərabərdir. 

Artıq ermənilərin “Artsax” mifi dağılıb, siyasi müstəvidə Dağlıq Qarabağla bağlı tamamilə yeni reallıq yaranıb. Müzəffər ordumuzun yaratdığı bu reallıq ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olundu, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi ləğv edildi, tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin yaradılması planlarının üstündən həmişəlik xətt çəkildi. Bu qələbənin sayəsində Sovet İttifaqı dönəmində Azərbaycandan zorla qoparılaraq Ermənistana birləşdirilən Zəngəzur torpaqlarından doğma Naxçıvana dəhlizin açılması siyasi müstəviyə gətirildi. Bu qələbə vasitəsilə Qərbi Azərbaycana qayıdış konsepsiyası işlənib hazırlandı və beynəlxalq tribunalarda Azərbaycanın haqlı tələbləri üçün böyük stimul yaratdı. Bir sözlə, Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır və Azərbaycan olaraq da qalacaq ! 

Bu gün torpaqlarımızı işğaldan azad etdikdən sonra qarşımızda böyük çağırışlar dayanır. Bu çağırışların əsaslarından biri 30 il erməni işğalında olmuş və bu illər ərzində vəhşicəsinə dağıdılmış, talan edilmiş yurdlarımızı bərpa etmək, həmin torpaqlara yenidən həyatı qaytarmaqdır. Bəli, bu gün Azərbaycan xalqı olaraq əsas missiyamız işğaldan azad edilmiş ərazilərimizin bərpa edilməsi, keçmiş məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtmasını təmin etməkdən ibarətdir. 

2022-ci ildə Zəngilanın Ağalı kəndinə, daha sonra Tərtərin Talış kəndinə, Laçına, Füzuliyə, Xocalıya və Cəbrayıla məcburi köçkünlərimiz qayıtmağa başladı. Bu il Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universitetində min nəfərdən çox tələbə təhsil alır. Bütövlükdə işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin olunması yeni strateji mərhələdə Azərbaycanın əsas prioritetləri sırasında yer almaqdadır. 8 noyabr tarixi ilə əbədiləşən zəfər tariximizlə düşməni ağır məğlubiyyətə düşmar edən və kapitulyasiyaya məruz qoyan qalib Azərbaycan bərpa və quruculuq işlərini də qısa müddətdə və yüksək səviyyədə həyata keçirəcək və nəinki Cənubi Qafqazın, bütün Yaxın və Orta Şərqin, postsovet məkanının ən çiçəklənən ölkəsinə çevriləcəkdir. 

Beləliklə,  bu tarixi günün memarlarından sayılan şəhidlərimizin ruhları önündə baş əyirik, üçrəngli dövlət bayrağımızın hər zaman şanlı Azərbaycanın başı üzərində dalğalanmasını ulu Tanrıdan diləyirik. Zəfərimiz mübarək !

Adil Əliyev,

Suraxanı rayonu İcta Hakimiyyətinin başçısı 

 

 

Seçilən
15
50
xalqqazeti.az

10Mənbələr