Psixoloq: "Bağça uşaqlara üç yaşından sonra lazım olur"
"Bağçalarda hər yaşa uyğun qruplar var. Ən kiçik yaşdan, məktəbəqədr yaşa qədər. Lakin uşaqların hansı yaşda və hansı kriteriyalar altında bağçaya verilə bilməsi sual doğurur. İlk öncə yaxşı olar ki, biz uşağı psixoloji və fizioloji olaraq dəyərləndirək. Tipik inkişaf göstərən azyaşlının bağçaya 2-3 yaşında getməyi uyğun hesab olunur".
Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbabazadə deyib:
"Hər hansı özəlliyi olan, inkişaf problemindən əziyyət çəkən uşaqların erkən yaşda bağçaya getməyi problem yarada bilər. Çünki bağça bizim üçün sosiallığı öndə tutur. Uşağın sosiallaşmasına kömək edir.
Özəl uşaqların erkən yaşda bağçaya getməyi onları sosiallaşmaq əvəzinə geri sala bilər. Mütləq bağçaya yazdırmazdan əvvəl psixoloji, fizioloji dəyərləndirmə aparılmalıdır".
Psixoloq bildirib ki, ailə bizim ilk sosial mühitimizdir.
"Uşaqların həyatının ilk illəri çox önəmlidir. Yaxşı olar ki, həmin illəri ailə ilə birlikdə keçirsinlər. Üç yaşa qədər bağça ana üçün lazımdır. Uşağa isə üç yaşdan sonra lazım olur. Üç yaşdan sonra oyunlar oynaya bilir. Bağçaya gedənə qədər evdə oyunlar oynaya bilən uşaq bunu bağçada da davam etdirir. Təəssüf ki, həyat şərtlərinə bağlı olaraq insanlar çox erkən dövrdə övladlarını bağçaya yazdıra bilir".
Onun sözlərinə görə, azyaşlıların bağçaya hazırlığı ən önəmli məqamlardan biridir.
"İlkin başlarda heç bir uşağı səhər 9-dan axşam 6- a qədər bağçada saxlamaq olmaz. Uşaqların bağçaya hazırlıq müddəti standart 2 həftədir. Bu orta statistikadır. Elə uşaq var ki, proses aylarla davam edə bilər.
İlk iki həftə ərzində uşaqla birlikdə bağçaya da gedilə bilər. Azyaşlının sevdiyi oyuncaq varsa, yanında apa bilər ki, güvən bağı yaransın. 2 həftə ərzində yaxşı olar ki, yarım günlük rejim tətbiq edək.
Adaptasiya müddəti başa çatana qədər bu davam etməlidir.
Bəzən valideynlər düşünür ki, övladları daha böyük yaşda olanlarla eyni qrupda olsa, faydalı olacaq. Bu, yanlışdır. Əksinə hər uşaq öz yaşıdları olan qruplarla yazılmalıdır".
Əfsanə Kamal
Demokrat.az