AZ

Georgi Qoquan: Azərbaycan Qafqazda əsas oyunçudur - MÜSAHİBƏ

“Cənubi Qafqaz Yaxın Şərqdən sonra dünya güclərinin maraqlarının toqquşduğu ikinci zonadır”

Gürcü politoloq, beynəlxalq məsələlər üzrə ekspert Georgi Qoquan “Caliber” analitik mərkəzinə müsahibəsində Cənubi Qafqaz regionda gedən proseslərlə bağlı maraqlı məqamlara toxunub. Müsahibni oxucularımıza təqdim edirik.

— Bu yaxınlarda keçirilmiş parlament seçkilərindən sonra Gürcüstanda vəziyyət necə inkişaf edəcək? Bəzi analitiklər hesab edir ki, Qərb Tiflisə təzyiqləri artırmağa çalışacaq, bəziləri isə deyir ki, seçkilərdə qalib gələn “Gürcü arzusu” ilə əməkdaşlığa məcbur olacaq.

— “Gürcü arzusu” hökuməti hakimiyyətdə olduğu 12 il ərzində Qərblə yaxınlaşma istiqamətində bir çox addımlar atıb. “Gürcü arzusu” hökuməti çərçivəsində Avropa İttifaqı ilə Assosiasiya Sazişi imzalanıb, Aİ-yə üzv ölkələrlə vizasız rejim tətbiq edilib, azad ticarət rejiminə start verilib. Ümumiyyətlə, Avropaya inteqrasiya baxımından Gürcüstan müsbət dinamikanı qoruyub.

Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra mənzərə dəyişdi. Bunun fonunda indiki hakimiyyət çox sarsıntılı körpüdən keçməli olur: Qərblə sıx əlaqələr saxlamaq və Avropaya inteqrasiya prosesini davam etdirmək, digər tərəfdən isə Rusiya Federasiyası ilə balanslaşdırılmış siyasət aparmaq lazımdır.

Hadisələrin bundan sonra necə inkişaf edəcəyini dəqiq proqnozlaşdırmaq çətindir, bu, Rusiya-Ukrayna müharibəsinin nəticəsindən, eləcə də Amerika Birləşmiş Ştatlarında keçirilən seçkilərin nəticələrindən asılıdır. Respublikaçılar Partiyasının namizədi Donald Trampın seçkidə qalib gəlməsi Rusiya ilə Ukrayna arasında münaqişənin sona çatması və Yaxın Şərqdəki böhranın yumşaldılması ehtimalını artırır. Baxmayaraq ki, Cənubi Qafqazda geosiyasi vəziyyətin necə inkişaf edəcəyi hələ də bəlli deyil. Gürcüstanda mühafizəkar qüvvələr Trampa böyük ümidlər bəsləyirlər, hökumət də hesab edir ki, Donald Trampın qələbəsindən sonra Qərbin təzyiqləri zəifləyəcək, gürcü-Amerika və Gürcüstan-Avropa münasibətləri yenidən qurulacaq.

Vaşinqton və Brüsselin nəzərə almadığı çətinliklər var- gürcü cəmiyyətinin milli kimliyi həddən artıq fərqlidir, o, Qərbin ultra-liberal demokratiyasına uyğunlaşa bilmir. Gürcüstan mahiyyətcə mühafizəkar ölkədir.

— Gürcüstanda seçki kampaniyası zamanı hakim partiyanın nümayəndələri bir neçə dəfə GA-nın seçkilərdən sonra Aİ ilə münasibətlərini yaxşılaşdırmağa çalışacağını qeyd etdilər, ekspertlər bunun üçün xüsusi strategiyanın hazırlandığını deyirlər...

— Bəli, partiyanın baş katibi və baş nazir qeyd edib ki, seçkilərdən sonra Avropa İttifaqı və digər Qərb institutları ilə münasibətlər yenidən qurulacaq. Hesab edirəm ki, bu, Avropa İttifaqının seçkilərin nəticələrini tanıması faktına əsaslanan bir xəbərdarlıqdır. Lakin hazırda heç bir Aİ lideri GA-nı qələbə münasibətilə təbrik etməyib. Bunu edən və Tbilisiyə rəsmi səfər edən yeganə avropalı siyasətçi Macarıstanın baş naziri Viktor Orban olub.

— Moskva Tbilisiyə Sxinvali regionu və Abxaziya ilə dialoqun bərpasına kömək etmək arzusunu ifadə etdi və hakim partiyanın lideri Bidzina İvanişvili daha da irəli gedərək Tbilisinin 2008-ci ildəki hərəkətlərinə görə osetinlərdən üzr istəmək niyyətində olduğunu bildirdi. Sizcə, indi, seçkilərdən sonra bu proseslər necə inkişaf edəcək?

— İvanişvilinin sözləri gürcü cəmiyyətində qarışıq dəyərləndirmələrə səbəb olub. Fikrimcə, abxaz və osetin xalqları, münaqişələr nəticəsində əziyyət çəkən insanlar üçün belə bir addım ədalətli və layiqli addımdır. Bu, eyni zamanda, Gürcüstanın həm Rusiya ilə, həm də işğal olunmuş rayonların faktiki liderləri ilə dialoqa hazır olduğunu göstərir. Artıq qeyd etdiyim kimi, Rusiya-Ukrayna müharibəsi qlobal geosiyasəti və qüvvələr balansını dəyişdi. Rusiya indi əvvəlkindən daha çox Cənubi Qafqazla maraqlanır. Aydındır ki, Rusiya çətin ki, geri çəkilsin və Abxaziya və Şimali Osetiyanın tanınmasından imtina etsin. Növbəti 10 ildə bundan söhbət gedə bilməz. Ruslar Abxaziya və Cənubi Osetiyanın inteqrasiyasının başqa formasını, məsələn, bu respublikaları muxtariyyət kimi tanımaqla təklif edə bilərlər. Köçkün əhalinin işğal olunmuş rayonlara qayıtması ilə bağlı razılığın əldə olunacağı da gözləntilər var. Siyasət tələsikliyi sevmir, əsas odur ki, hadisələr Gürcüstan üçün ən əlverişli geosiyasi şəraitdə inkişaf edir.

— ABŞ seçkilərinin nəticələri Qərbin Cənubi Qafqazdakı geosiyasi fəallığına necə təsir göstərə bilər ki, bu fəallığı müsbət adlandırmaq olmaz? Bildiyiniz kimi, Fransa və ABŞ İrəvanı silahla doldurur.

— Gürcüstandan fərqli olaraq, Azərbaycan əsas oyunçudur. Azərbaycan dünyanın istənilən böyük dövləti ilə ticarət apara, dövlət və strateji maraqlarını nəzərə alaraq siyasi dialoq qura bilər. Kəmalə Harrisin qalib gəlməsi ola bilsin ki, dünyada yeni gərginlik ocaqları yaranmasına və ya onsuz da gərginliyin yüksək səviyyədə olduğu yerlərdə münaqişələr daha da güclənməsinə səbəb ola bilərdi. Cənubi Qafqaz Yaxın Şərqdən sonra dünya güclərinin maraqlarının toqquşduğu ikinci zonadır. Belə bir şəraitdə region dövlətləri arasında sıx əməkdaşlığın dərinləşdirilməsi vacibdir. Biz birlikdə: gürcülər, azərbaycanlılar və ermənilər- Qafqazı Cənnət bağına çevirə bilərik! Əsas odur ki, tarixi xatırlayaq. Ötən əsrin əvvəllərində bu cür əməkdaşlığın, məsələn, Qafqaz Seymi kimi diqqətəlayiq nümunələri artıq mövcud idi. Mən həqiqətən inanıram ki, biz birlikdə tarixi yenidən yaza bilərik.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Seçilən
21
sesqazeti.az

1Mənbələr