“Viskonsində Senat seçkilərində demokratların namizədi, 42 yaşlı Temmi Bolduin (Tammy Suzanne Green Baldwin) ölkə Senatına seçkidə respublikaçı kişi rəqibini məğlub edib. Bu fakt prezident seçkilərində demokratların məğlubiyyətinin onların LGBT məsələsində həssaslığı, “voukizm” kulturasına aludəçiliyi kimi səbəblərlə əlaqəsi olmadığını göstərir. ABŞ mühafizəkarları arasında bu məsələlərdən narahatlıq var, amma bu, seçkilərdə həlledici faktor deyil”.
Medianews.az xəbər verir ki, bu barədə politoloq Şahin Cəfərli bildirib.
O qeyd edib ki, Viskonsində xeyli adam eyni bülletendə prezidentlik üçün Donald Trampa, senatorluq üçün homoseksual Bolduinə səs verib.
Politoloqun sözlərinə görə, Miçiqanda da D.Tramp qalib gəldiyi halda, Senat seçkilərində xalq demokrat qadın, keçmiş CİA əməkdaşı Elissa Slotkinə səs verib: “Hər yerdə olduğu kimi, ABŞ-da da seçicilərin rəyini formalaşdıran başlıca amil sosial-iqtisadi məsələlər olur. Vətəndaş özünə sual verir ki, bu hakimiyyətin dövründə mənim vəziyyətim yaxşılaşıb, ya yox? Cavab “yox”dursa, onda prezident seçkisində həmin hakimiyyətin təmsilçisinin deyil, alternativ namizədin qələbə şansı artmış olur. Əgər LGBT, “woke” mövzularından duyulan narahatlıq seçkilərin nəticələrinə təsir göstərəcək səviyyədə olsaydı, onda 4 il əvvəl də Tramp seçilməliydi. Çünki bu mövzular son 4 ildə aktuallaşmayıb, ondan əvvəl də gündəmdə idi”.
Ş.Cəfərli deyib ki, D.Tramp ötən seçkilərdə pandemiyanın fəsadlarının, demokratlar isə bu seçkidə post pandemiya dövrünün fəsadlarının qurbanı olublar: “Dövriyyəyə buraxılmış külli miqdarda qarşılıqsız pul kütləsi inflyasiya yaratdı. Co Bayden OPEC+ formatı çərçivəsindəki kartel sövdələşmələrini əngəlləyə bilmədi, nəticədə yüksək neft qiymətləri ABŞ daxili bazarında yanacağı bahalaşdırdı. Əhalinin rifah səviyyəsi bu dövrdə ya gerilədi, ya da ən yaxşı halda yerində saydı. Sərhədlərdən qanunsuz miqrant axını gücləndi. Bu səbəblər toplusu və əlavə olaraq Baydendən fərqini ortaya qoya bilməməsi Harrisin məğlubiyyətini şərtləndirdi”.
Turan ORUC