AZ

İnsan papilloma virusunun müalicəsi niyə icbari tibbi sığortadan kənardadır?

Ölkədə İPV - insan papilloma virusunun icbari tibbi sığorta paketinə salınması üçün imza kampaniyası başladılıb.

Kampaniya ictimai fəal Rəbiyyə Məmmədova tərəfindən başladılıb. 

Belə ki, o, bu haqda öz sosial şəbəkə hesabında məlumat yayıb:

"İPV virusu haqqında yəqin ki, eşitmisiz hansı ki, qadınlarda uşaqlıq boyu xərçənginin yaranmasına səbəb olur. 3 etaplı vaksinlə qadınların bu virusa yoluxmasının qarşısını asanlıqla almaq olar.

İnsana dəyər verilən ölkələrdə 9-12 yaş qız uşaqlarına bu vaksin tibb sığorta çərçivəsində tamamilə ödənişsiz vurulur. Təəssüf ki, bizdə bu vaksin sığorta çərçivəsində nəzərdə tutulmayıb, özəl xəstəxənalarda isə 3 etablı vaksinin qiyməti 9 növündən qorunmaq üçün 1200 manat ətrafındadır".

İctimai fəal qeyd edib ki, İPV virusunun icbari tibbi sığorta paketinə salınması üçün imza toplamağa başlayırlar:

"Lazım gələrsə qapı-qapı insanlarla görüşüb, məsələnin cidiyyətindən, qadınları hansı təhlükənin gözlədiyi barədə məlumat verəcəyik. Bu məsələyə biganə qalmayan hər kəsin dəstəyini gözləyirəm. 1200 manata görə qadınlarımızın qəbrə qoyulmasına razı olmayın. Gəlin bir yerdə bu problemin həlli üçün çalışaq!"

Məsələ ilə bağlı tanınmış həkim-ginekoloq Rəşad Sultan "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, İPV - insan papilloma virusu cinsi əlaqə zamanı qadının uşaqlıq boynunun xarici dəliyinə daxil olur və burada özünə məskən salır:

"Əksər hallarda virus bədəndə bir müddət yaşadıqdan sonra orqanizmdən təmizlənir. Əks halda, virus orqanizmdə persistensiya (xronik iltihab orqanizmdə uzun müddət qalan) etdiyi halda da orqanizmin immuniteti vasitəsilə təmizlənə bilir. Lakin təmizlənməyib illərlə orqanizmdə qala da bilir. 

İllərlə uşaqlıqda qalan virus orada dəyişiklik yarada da bilər, yaratmaya da. Virus bədəndə dəyişiklik yaratdıqda əvvəlcə xərçəngönü proses yaranır, daha sonra xərçəng xəstəliyi başlayır. Virus bədənə daxil olduğu müddətdən 10 ilə qədər xərçəngə çevirə bilir. 10 il ərzində həm virusu, həm də toxumalardakı dəyişikliyi müəyyən edərək tədbirlər görmək olar. 

Virusun səbəb olduğu uşaqlıq boynu xərçəngi çox ağır xəstəlikdir, əməliyyatdan sonra da sağalma prosesi çətin gedir. Bəzən xəstəlik o qədər irəliləyir ki, əməliyyat üçün gecikirik, bu zaman şüa müalicəsi edilir. Həm əməliyyat, həm də şüa müalicəsi çox bahalıdır".

Ginekoloq vurğulayıb ki,  istər fərdi şəxsə, istərsə də sığorta quruluşlarına uşaqlıq boynu xərçənginin müalicəsi maddi yük olur:

"Buna görə də hər hansı bir sığorta quruluşu peyvəndi ölkəyə gətirməklə maddi olaraq daha az xərc çəkir. Eyni zamanda, bununla xəstəliyin yayılmasının qarşısını da almaq olur. Ümumiyyətlə, maddi cəhətdən yanaşsaq, peyvəndləmə proqramını həyata keçirməyən dövlət ilk növbədə maddi cəhətdən özünə zərər vurur".

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, HPV - insan papilloma virusuna qarşı vaksinin milli peyvənd təqviminə əlavə edilməsi gələcəkdə nəzərdə tutulur. 

Seçilən
15
cebheinfo.az

1Mənbələr