AZ

Deputat: “İqlim dəyişikliyi məsələsi dünyanı narahat edən bir nömrəli problemə çevrilib”

“Azərbaycan Respublikası noyabr ayının 11-dən 22-dək dünyanın diqqət mərkəzində olacaq. Ölkəmiz planetimizin ən nəhəng, mötəbər, beynəlxalq tədbirinə - COP29-a ev sahibliyi edəcək. İqlim dəyişiklikləri məsələsi bu gün dünyanı narahat edən birnömrəli problemə çevrilib”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O bildirib ki, hazırda dünyanın birnömrəli dərdi və problemi məhz iqlim dəyikşikliyi ilə bağlı məsələlərdir: “Dünya ölkələrinin yekdil mövqeyi ilə 200-ə yaxın ölkə Azərbaycanın ev sahibliyi etməsini təsdiqləyib. Bu, ölkəmizə, onun siyasətinə, rəhbərinə olan böyük etimadın bir ifadəsidir. Azərbaycan paytaxtında dünya dövlətlərinin liderləri, dövlət və hökumət başçıları, ictimai, siyasi xadimləri, tanınmış şəxslər tədbirə qatılacaq. Təxminən 70-80 min insanın ölkəmizə gəlişi gözlənilir. Azərbaycan paytaxtında olduqca vacib məsələ və prioritet müzakirə predmeti olacaq. Bu, ilk növbədə maliyyə məsələləri ilə bağlıdır”.

Deputat xatırladıb ki, Paris razılaşmasına görə 2020-2025-ci illərdə inkişaf etmiş dövlətlər inkişaf etməkdə olan dövlətlərə iqlim dəyişikliyi ilə bağlı məsələlərin tənzimlənməsi üçün ildə 100 milyard dollar vəsait ayırır: “İndi onun müddəti bitir. Azərbaycanda keçiriləcək bu beynəlxalq tədbirdə bu sualın cavabı tapılmalıdır ki, bəs 2025-ci ildən başlayacaq eyni məqsəd üçün nə qədər vəsait ayrılmalıdır. İnkişaf etməkdə olan dövlətlər 1,1-1,3 trilyon dollar vəsaitin ayrılmasını dilə gətirirlər, amma inkişaf etmiş dövlətlər yenə də 100 milyard üstündə dayanaraq, onun bir qədər də artırılmasından bəhs edirlər. Bütün məqamlar da Azərbaycan paytaxtında öz həllini tapmalıdır, amma istənilən halda bu, dövlətimizin böyük nüfuzundan xəbər verir”.

Azərbaycanın artıq Avropa, İslam Həmrəyliyi oyunları, "Evrovision" və digər bu kimi beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini xatırladan E.Nəsirov söyləyib ki, bu proses bir nümunə və örnək yaradıb: “Bizdən sonra oxşar tədbirləri keçirən dövlətlər Azərbaycanın təcrübəsindən istifadə ediblər. Azərbaycan hansı sahə ilə məşğul olubsa, o sahədə bir örnək və nümunə yarada bilib. COP29-un Bakıda keçirilməsi Azərbaycana olan beynəlxalq inam və etibarın yüksək səviyyədə təcəssümüdür. Həm də Azərbaycan Prezident cənab İlham Əliyevin "yaşıl enerji"yə, "yaşıl iqtisadiyyat"a keçid istiqamətində atdığı unikal imkanlara olan diqqət və ehtiramın təsdiqidir”.

 

İsmayıl Bakuvi

Seçilən
17
iqtisadiyyat.az

1Mənbələr