AZ

Təhsilin bir pilləsindən digərinə keçid zamanı ixtisasın uyğunluğuna dair tələblər təsdiqlənib

Təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna dair tələblər təsdiqlənib.

“İki sahil” xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyasının qərar qəbul edib.

Yeni tələblər tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin yüksək texniki peşə təhsili verən peşə təhsili müəssisələrinə şamil ediləcək.

Qərarla həmçinin təhsil proqramlarının (ixtisasların) uyğunluğu tələb edilən hallar da müəyyənləşib.

Belə ki, təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramlarının (ixtisasların) uyğunluğu “Təhsil haqqında” qanunun 20.3-2-ci, 21.5-ci və 26.4-cü maddələrinə uyğun olaraq aşağıdakı hallarda tələb olunacaq:

- peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsini və ya orta ixtisas təhsili pilləsini bitirməklə ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə keçid (bundan sonra –peşə təhsili və ya orta ixtisas təhsili pilləsindən ali təhsil pilləsinin bakalavriat səviyyəsinə keçid);

- ali təhsil pilləsinin bakalavriat səviyyəsini bitirməklə magistratura səviyyəsinə keçid (bundan sonra – magistratura səviyyəsinə keçid);

- ali təhsil pilləsinin əsas (baza ali) tibb təhsili səviyyəsini bitirməklə rezidentura səviyyəsinə keçid (bundan sonra – rezidentura səviyyəsinə keçid);

- ali təhsil pilləsinin magistratura (rezidentura) səviyyəsini bitirməklə fəlsəfə doktoru proqramı üzrə doktorantura (adyuktura) səviyyəsinə keçid (bundan sonra – doktorantura səviyyəsinə keçid).

Peşə təhsili və ya orta ixtisas təhsili pilləsindən ali təhsil pilləsinin bakalavriat səviyyəsinə keçid Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (baza ali tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”na uyğun olaraq subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslərin ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə qəbulu vasitəsilə həyata keçiriləcək.

Magistratura səviyyəsinə keçid Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul Qaydaları”na uyğun olaraq bakalavr ali peşə-ixtisas dərəcəsi almış şəxslərin magistratura səviyyəsinə qəbulu vasitəsilə həyata keçiriləcək.

Rezidentura səviyyəsinə keçid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”na uyğun olaraq həkim ali peşə-ixtisas dərəcəsi almış şəxslərin rezidentura səviyyəsinə qəbulu vasitəsilə həyata keçiriləcək.

Doktorantura səviyyəsinə keçid Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na uyğun olaraq magistr ali elmi-ixtisas (həkim-mütəxəssis ali peşə-ixtisas) dərəcəsini almış şəxslərin fəlsəfə doktoru proqramı üzrə doktorantura (adyuktura) səviyyəsinə qəbulu vasitəsilə həyata keçiriləcək.

Seçilən
4
7
ikisahil.az

10Mənbələr