Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Əgər Tramp vədinə uyğun olaraq iqlim dəyişikliyi layihələrini arxa plana keçirsə və öz resurslarını maksimum istismar etməyə cəhd göstərsə, ucuzlaşma qaçılmazdır”.
Banco.az xəbər verir ki, bu fikirləri iqtisadçı Rövşən Ağayev deyib. O qeyd edib ki, hətta Tramp amili olmasa belə, dünyada ABŞ-siz alternativ enerjiyə sürətli keçid yaxın dövrdə bahalı neft erasını bitirəcək. İqtisadçı düşünür ki, bu təşəbbüslərin Trampın cəhdləri ilə birləşməsi bazarlarda daha xaotik vəziyyət yarada bilər:
“Respublikaçıların hakimiyyətdə olduğu bütün dövrlərdə enerji bazarlarında ucuzlaşmalar müşahidə olunub. Demokratların hakimiyyətdə olduğu 1977-81-ci illərdə neftin qiyməti 12 dollardan 37 dollara qədər artıb. Xüsusilə də 1978-81-ci illərdə yüksək qiymətlər müşahidə edilib. Respublikaçıların hakimiyyətdə olduğu 1981-93-cü illərdə isə qiymətlər 37 dollardan 14 dollara qədər ucuzlaşıb. 1985-1989-cu illərdə qiymətlər davamlı olaraq aşağı səviyyədə qalıb və bu amil SSRİ-nin iqtisadi çöküşündə mühüm rol oynayıb.
Demokratların hakimiyyətdə olduğu 1993-2001-ci illərdə yenidən bahalanma başlayıb və qiymətlər 16-28 dollar intervalında dəyişib. Respublikaçıların hakimiyyətdə olduğu 2001-2009-cu illərdə kəskin bahalaşma müşahidə olunub və qiymətlər 24-110 dollar aralığında dəyişib. Oğul Corc Buşun dövrü sələflərindən fərqli olaraq çox bahalı neft dövrü kimi yadda qalıb. Məhz neft tarixində ən yüksək qiymətlər (149 dollar) onun hakimiyyət dövrünə təsadüf edir.