Donald Tramp NATO üzvlərini müdafiəyə daha çox xərcləməyə məcbur edə bilər. Söhbət müttəfiqlərin ÜDM-in 2%-dən çoxunu müdafiəyə investisiya etmək öhdəliyindən gedir.
Bu barədə Qaynarinfo NATO-nun baş katibi Mark Rüttenin Budapeştdə Avropa Siyasi Birliyinin iclası başlamazdan əvvəl verdiyi bəyanata istinadən xəbər verir.
Jurnalistlər NATO-nun baş katibinə Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsinin Ukrayna üçün nə demək olduğunu soruşublar.
"O (Donald Tramp-red.) hamımızı müdafiəyə daha çox xərcləməyə sövq edəcək”, deyə Rütte bildirib.
Rütte Trampın müdafiə xərclərinin artırılması ilə bağlı Avropanı tənqid etməsi ilə razılaşıb. Onun fikrincə, respublikaçının tənqidi NATO müttəfiqlərini ÜDM-in 2%-dən çoxunu hərbi ehtiyaclara xərcləməyə məcbur edib.
Rütte həmçinin bildirib ki, o, Şimali Koreyanın Rusiyanın Ukraynaya qarşı müharibəsinə girməsi ilə bağlı "təhlükəli yeni təhdidlərə” qarşı çıxmaq üçün ABŞ-ın yeni prezidenti ilə işləmək istəyir.
"Bu, təkcə NATO-nun Avropa hissəsi üçün deyil, həm də ABŞ üçün getdikcə artan təhlükəyə çevrilir, çünki Rusiya Şimali Koreyanı ən son texnologiya ilə təchiz edir", deyə baş katib xəbərdarlıq edib.
Nizami Bağırov