Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Şəhərimiz onsuz da gözəl idi, amma COP29-a hazırlıq üçün vaxtımız az olduğuna görə, Azərbaycan dövləti çox qısa bir müddətdə Bakının əksiklərinin aradan qaldırılması üçün tədbirlər gördü və bu tədbirlər də həqiqətən də nəticə etibarilə göz oxşayır.
Digər tərəfdən də, Azərbaycan COP29-a ev sahibliyi edən bir ölkə kimi dünyanın gündəmindədir və gündəmində olmağa davam edəcək. Doğrudur, bədxahlarımız bizi öz ağıllarınca tənqid edirlər, bu da olacaq. Amma əksərən dünyanın sağ-solunda, hətta bizdən olduqca uzaqlarda olan ölkələrdə belə Azərbaycanla bağlı danışılır, yazılır, müzakirə aparılır. Yəni bizim dünyada tanınmağımız baxımından COP29 böyük bir imkandır. Bu vaxta qədər də bu imkanlar olub, amma bu həcmdə olmayıb. Yəni COP29 ən böyük imkandır.
Digər tərəfdən də, təbiidir ki, orada müzakirə olunacaq məsələlər, özəlliklə də yaşıl enerjiyə üstünlük verilməsi, iqlim dəyişiklikləri ilə bağlı müzakirələr, bütün bunlar həm də Azərbaycanın həyatına, insanlarımızın zəkasına öz təsirini göstərəcək. Təbiidir ki, COP29 bitdikdən sonra Azərbaycan bir il ərzində ona sədrlik edəcək. Sədrlik etdiyi dövrdə də əlbəttə ki, COP29-un davamı olaraq daha müxtəlif kiçik həcmli tədbirlər də keçiriləcək.
Təsəvvür edin ki, bir il ərzində Azərbaycan dünyanın ən böyük tədbirinə rəhbərlik edəcək. Biz bunun bənzərini Qoşulmama Hərəkatına sədrlik dövründə görmüşük. Azərbaycan özünü həqiqətən də dünya siyasətinin mərkəzindəki bir dövlət kimi o təşkilat çərçivəsində göstərə bilmişdi. Düşünürəm ki, iqlim dəyişiklikləri və s. məsələlər ilə bağlı da Azərbaycan dünyanın diqqət mərkəzində qalmağa davam edəcək".