AZ

Ədəbiyyat İnstitutunun Elmi şurasının iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, Elmi şuranı AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söhbət açıb. Vətən müharibəsində əldə olunmuş Zəfərin ordumuzun gücünün, xalqımızın birlik və həmrəyliyinin bariz təcəssümü olduğunu vurğulayıb.

AMEA rəhbəri, həmçinin iqlim dəyişikliyi ilə bağlı dünyanın ən irimiqyaslı tədbirlərindən biri hesab olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsini tarixi hadisə kimi dəyərləndirib.

Akademiyanın son illərdə üzv olduğu beynəlxalq qurumlar haqqında da məlumat verən İsa Həbibbəyli rəhbərlik etdiyi qurumun 2023-2024-cü illərdə Beynəlxalq Elmi Şura, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası, Avrasiya Universitetlər Birliyi və Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasına üzv seçildiyini deyib.

AMEA prezidenti son dövrlərdə elektron elmin inkişafının akademiyada həyata keçirilən kompleks islahatların mühüm istiqamətlərindən birini təşkil etdiyini vurğulayıb. O, Ədəbiyyat İnstitutunda Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi sisteminin tətbiqi haqqında məlumat verib, AMEA Rəyasət Heyəti aparatının ölkə üzrə vahid Elektron Sənəd Dövriyyəsi sisteminə qoşulduğunun, akademiyanın digər müəssisələrində bu istiqamətdə işlərin davam etdirildiyini bildirib. O, akademiya üzrə 1700 nəfər elmi işçi üçün elektron profilin yaradıldığını, həmçinin 17 elmi jurnalın elektron sənəd bazasına daxil olduğunu diqqətə çatdırıb.

Daha sonra AMEA Rəyasət Heyəti aparatının Sənədlərlə iş və protokol şöbəsinin müdiri Əsmər Əliyeva akademiyanın elmi müəssisələrində elektron sənəd mübadiləsi sisteminin istifadəsi barədə məlumat verib.

İclasda Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırlının “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycan ədəbiyyatında vətən-təbiət tandemi” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, Azərbaycanın şair və yazıçıları öz əsərlərində Vətənin müxtəlif təbiət gözəlliklərini təsvir və vəsf etməklə həm də ölkənin poetik xəritəsini yaradırlar. Onların yaradıcılığındakı təbiət təsvirləri təkcə vətənimizin füsunkar gözəlliyini təqdim etmək xarakteri daşımır, həm də Azərbaycanın tarixi keçmişini, mənəvi dəyərlərini, xalqın xarakterini göstərmək baxımından maraq kəsb edir.

Aygün Bağırlı qeyd edib ki, istər şifahi xalq ədəbiyyatında, istər klassiklərin əsərlərində, istərsə də müasir ədəbiyyatda ölkəmizin yeraltı və yerüstü zənginlikləri layiqincə vəsf olunub.

Daha sonra institutun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədli “2024-cü il Ədəbiyyat üzrə Nobel mükafatının qalibi Cənubi Koreya yazıçısı Han Kanqın yaradıcılığı haqqında” məruzə ilə çıxış edib.

Tədbirdə, həmçinin “Çingiz Aytmatov Ensiklopediyası”nın “Çingiz Aytmatov və Azərbaycan” cildinin hazırlanması və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2024-cü il üzrə illik elmi hesabatına hazırlıq məsələləri müzakirə olunub.

Bundan başqa, iclasda institutun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri Tahirə Məmmədin “Naxçıvanda ədəbiyyatşünaslıq: mərhələləri və istiqamətləri” və Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi Elnarə Qaragözovanın “Azərbaycan postmodernist ədəbiyyatı” (rus dilində) monoqrafiyalarının çapa təqdim olunması qərara alınıb.

Seçilən
18
tehsil.biz

1Mənbələr