Qərb dövlətləri Gürcüstan hakimiyyətindən seçkilərin nəticələrinə yenidən baxmağı tələb edir. Bəs Tramp Gürcüstanla bağlı necə mövqe sərgiləyəcək?..
İlyas Hüseynov: “Qərbin uzun illər ərzində Gürcüstanda müxtəlif seqmentlərlə işləməsi, vəsaitlər yatırması, qeyri-hökumət təşkilatı və media sektorunda yaxın təmasları, həm də əhalinin hakimiyyətə qarşı qaldırılması, üsyanlar, iğtişaşlar, nümayişlərin həyata keçirilməsinə yönəlmişdi”.
“Donald Tramp ABŞ-nin 47-ci prezident seçilib. Trampın 45-ci prezidentlik dövründə də Cənubi Qafqaz və Gürcüstanla bağlı məsələlər daim onun diqqət mərkəzində idi”.
Bu sözləri politoloq İlyas Hüseynov Gürcüstanda keçirilən seçkilərin Qərb tərəfindən tanınmamasını Poliqon-a şərh edərkən qeyd edib.
Oktyabrın 26-da Gürcüstanda hakim “Gürcü Arzusu” Partiyası parlament seçkilərində qalib gəldi. Lakin bir çox daxili qüvvələr hakim partiyanın qələbəsini tanımır. Həmçinin Qərb dövlətləri də Gürcüstan hakimiyyətindən seçkilərin nəticələrinə yenidən baxmağı tələb edir. Hətta ABŞ-də seçkidən bir gün əvvəl Bayden Adminstrasiyası Gürcüstanla əlaqələri düşünmədən ən aşağı səviyyəyə endirəcəkləri ilə bağlı bəyanat yayıb.
Trampın qələbəsindən sonra Gürcüstanla bağlı yaranmış vəziyyətdə hansısa dəyişiklikılər ola bilərmi və Tramp adminstrasiyası “Gürcü Arzusu” Partiyası ilə münasibətləri normallaşdıracaqmı?
Mövzunu Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.
İlyas Hüseynov: “Hazırkı vəziyyətdə biz Gürcüstan hakimiyyətinin güclü olduğunu, seçkilərdə qalib gəldiyini, eyni zamanda öz hakimiyyətini qorumaq üçün bütün vasitələrdən və imkanlardan istifadə edəcəyini deyə bilərik”.
Respublikaçılar da Gürcüstana qarşı sanksiyalar, müxtəlif məhdudiyyətlər, müxtəlif təzyiqlərin tətbiq edə biləcəyini vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu Trampa xas olan fəaliyyətdir:
“Qeyd edim ki, Gürcüstandakı seçkilər kifayət qədər böyük maraq doğururdu. Qərbin uzun illər ərzində Gürcüstanda müxtəlif seqmentlərlə işləməsi, vəsaitlər yatırması, qeyri-hökumət təşkilatı və media sektorunda yaxın təmasları, həm də əhalinin hakimiyyətə qarşı qaldırılması, üsyanlar, iğtişaşlar, nümayişlərin həyata keçirilməsinə yönəlmişdi. Lakin hakimiyyət əleyhinə gözlənilən fəaliyyət olmadı. Müxtəlif nümayişlər keçirilsə də, bu hakimiyyətin devrilməsinə yetmir. Hazırkı vəziyyətdə biz Gürcüstan hakimiyyətinin güclü olduğunu, seçkilərdə qalib gəldiyini, eyni zamanda öz hakimiyyətini qorumaq üçün bütün vasitələrdən və imkanlardan istifadə edəcəyini deyə bilərik.
ABŞ-da hakimiyyət dəyişdi, Respublikaçılar hakimiyyətə gəldi. Donald Tramp 47-ci prezident seçildi. Trampın 45-ci prezidentlik dövründə də Cənubi Qafqaz və Gürcüstanla bağlı məsələlər daim onun diqqət mərkəzində idi. Hazırda Gürcüstanın Rusiya ilə normal münasibətlər qurmağa cəhd etməsi, ikinci cəbhəni açmamaq, Rusiya sanksiyalarına qoşulmamaq maraqlıdır ki, Tramp tərəfindən bu siyasi kursun necə qarşılanacağı hələ bəlli deyil. Çünki Trampın hakimiyyəti dövründən bu günə qədər beynəlxalq münasibətlər sistemində çox şey dəyişib. Eyni zamanda dünya nizamının da dəyişməsi və eləcədə də qlobal müharibələr beynəlxalq hüququn yaşadığı çətinliklər və bu kimi problemlər mövcuddur.
Hesab edirəm ki, Tramp administrasiyası “Gürcü Arzusu”na qarşı bir sıra radikal addımlar da ata bilər. O cümlədən, sanksiyalar, müxtəlif məhdudiyyətlər, müxtəlif təzyiqlər ola bilər. Bu Tampa xas olan fəaliyyətdir. İndi bunu hansı formada edəcəyi, gürcü əhalinin də bundan zərər çəkməsi halında əhalinin ABŞ-a münasibətinin nə cür olacağı şübhəsiz ki, böyük maraq doğurur. Bunu biz yalnız qarşıdakı dövrlərdə izləyə bilərik”.
Nərminə UMUDLU
Poliqon.info