AZ

Türk dövlətlərinə strateji saziş təklif edildi- Hərbi-müdafiə sazişi nə vaxt olacaq?..

Image

Abutalıb Səmədov: “Mirziyoyevin təklifi təkcə mədəni, tarixi və sair sahələrdə əməkdaşlığı nəzərdə tutmir, əgər dövlətlər zəruri saysalar, hərbi, təhlükəszilik, müdafiə sahəsində də öhdəliklər həmin sənədə salına bilər” 

“Özbəkistan Türk dövlətləri arasında strateji tərəfdaşlıq, əbədi dostluq və qardaşlıq haqqında müqavilənin qəbul olunmasını təklif edib”. Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının iclasında çıxış zamanı bildirib. 

“Dövlətlərimiz arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlığın yüksək səviyyəsini nəzərə alaraq, təşkilatın müqavilə-hüquq bazasının genişləndirilməsi və möhkəmləndirilməsini dəstəkləyirik. Bu, hərtərəfli sənədin hazırlanması təşkilatımızın fəaliyyətini daha yüksək siyasi səviyyəyə çıxaracaq”, - o bildirib.

Şavkat Mirziyoyev həmçinin qeyd edib ki, TDT-nin tarixi sənədinin (Türk dünyasının Xartiyasının) qəbul edilməsi təşkilatın qardaş ölkələri və xalqlarının çoxşaxəli əməkdaşlığının daha da güclənməsinin bariz nümunəsidir.

“Əminəm ki, bununla Türk dünyasının daha da birləşməsinə, onun nüfuzunun artmasına, qarşılıqlı faydalı və dostluq əlaqələrinin dərinləşməsinə, əməkdaşlığımızın keyfiyyətcə yeni mərhələyə çıxmasına nail olacağıq”, - Ş.Mirziyoyev əlavə edib.

Əlbəttə, Özbəkistanın bu təklifi yaxşı təklifdir, hər halda dövlətlərin yaxınlaşmasını müəyyən qədər şərtləndirir. Amma niyə daha konkret məsələ qoyulmur? Məsələn, hərbi, təhlükəsizlik, müdafiə xarakterli sazişin imzalanmasına keçilmir? Təklif olunan bu saziş dövlətlərin arasında elə də ciddi qarşılıqlı öhdəlik, hüquq müəyyənləşdirmir. Ümumiyyətlə, mənəvi birlik məsələlərini daha çox özündə əks etdirir. Ona görə də bu gün türk dövlətləri arasında hərbi, təhlükəsizlik, müdafiə xarakterli inteqrasiyaya daha çox ehtiyac var. Niyə bu dövlətlər hərbi, təhlükəsizlik və müdafiə xarakterli inteqrasiya sazişlərinə o qədər də maraqlı deyillər? Onlar belə addım atsalar, yəni hərbi, təhlükəsizlik və müdafiə xarakterli saziş imzalamağa dair addım atılarsa nə baş verər?

Türk dövlətlərinə  Strateji saziş təklif edilib, bəs hərbi-müdafiə sazişi nə vaxt olacaq?

“...Təkliflər onu göstərir ki, müdafiə, təhlükəsizlik sahəsində əməkdaşlığın baş tutacağı gün o qədər də uzaqda deyil”

“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, TDT 2009-cu ilin oktyabrında Naxçıvanda yaradılıb, bu təşkilatın yaradılmasında həlledici rolu oynayan dövlətlər içərisində Azərbaycan xüsusi yer tutur. A.Səmədovun sözlərinə görə, həmin təşkilat yaranarkən imzalanmış “Naxçıvan” bəyannaməsində TDT-yə daxil olan türk dövlərinin qarşılıqlı öhdəlikləri müəyyən olunub. “Bu, ilk növbədə xarici siyasət sahəsində əlaqələndirilmiş fəalliyyət göstərmək, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə əməkdaşlıq etmək məsələlərini özündə əks etdirir. Bişkekdə keçirilən TDT-nın sammitində Özbəkistan prezidenti Mirziyoyevin etdiyi təklif daha geniş əməkdaşlığı nəzərdə tutur.  Söhbət strateji tərəfdaşlıq, əbədi dostluq və qardaşlıq haqqında müqavilənin qəbul olunması məsələsindən gedir. Buraya hansı öhdəliklərin salınmasını artıq dövlətlər özləri müəyyən etməlidirlər. Bu cür sənədlərdə adətən hərbi sahədə əməkdaşlıq bir qayda olaraq öz əksini tapır. Misal üçün, bu yaxınlarda, bu ilin iyun ayında Rusiya ilə Şimali Koreya arasında strateji tərəfdaşlıq haqqında müqavilə imzalanıb və onun 4-cü maddəsində tərəflərin ərazisi işğal olunarsa bir-birinə hərbi yardım göstərmək öhdəliyi öz əksini tapıb. Və bu 4-cü maddəyə əsasən, Şimali Koreya əsgərləri bu gün Kurskda döyüşürlər və onların sayı 10 minə yaxındır. Əlavə əsgərlərin də gəlməsi nəzərdə tutulur. Yəni Mirziyoyevin təklifi təkcə mədəni, tarixi və sair sahələrdə əməkdaşlığı nəzərdə tutmir, əgər dövlətlər zəruri saysalar hərbi, təhlükəsizlik, müdafiə sahəsində də öhdəliklər həmin sənədə salına bilər. Ancaq hələlik bu cür sənədin imzalanması ehtimalı, təbiidir ki, yoxdur. Belə bir öhdəliyin götürülməsi çox ciddi məsələdir və bu hərtərəfli hazırlanmalıdır. 

Bir məsələni xatırlatmaq yerinə düşər ki, türkdilli dövlətlərin keçən əsrin 90-cı illərində keçirilən tədbirlərində siyasi məsələlərin müzakirəsi çox ciddi narazlıqla qarşılanırdı. Burada o zaman ən ciddi etirazı bildirən də elə Özbəkistan və onun prezidenti olmuşdu. O qəti şəkildə siyasi məsələlərin türkdilli dövlətlərin başçılarının iclaslarında qaldırılmasına etiraz etmişdi və bir müddət bu tədbirlərdə iştirak etməmişdi. Söhbət Mirziyoyevdən əvvəlki Özbəkistan prezidentindən gedir. Təbiidir ki, Özbəkistanın, Mirziyoyevin bu cür təkliflə çıxış etməsi çox müsbət haldır. Adətən türk dövlətlərinin daha sıx birləşməsi təklifi Türkiyə və Azərbaycandan gəlir. Bir vaxtlar Qazaxıstan da bu məsələdə kifayət qədər fəallıq göstərirdi. Nursultan Nazarbayev Türk Dövlətləri Təşkilatının yaranmasında müstəsna xidmətlər göstərmiş bir dövlət adamıdır”. 

A.Səmədovun fikrincə, indi Özbəkistanın belə bir təşəbbüs səsləndirməsi çox sevindirici haldır. A.Səmədovun sözlərinə görə, ancaq biz bir məsələni nəzərə almalıyıq ki, burda ağırlıq ilk növbədə Türk Dövlətləri Təşkilatının ən güclü dövləti olan Türkiyənin üzərinə düşür. Türkiyə hərbi sahədə dünyanın ən güclü 10 dövlətindən biridir və əgər hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalansa, əsas ağırlığı Türkiyə öz üzərinə götürməlidir. Digər dövlətlər belə bir sənədin imzalanmasında daha çox maraqlı ola bilərlər. Ancaq onu da etiraf etməliyik ki, türk dövlətlərindən biri olan Türkmənistan hələ  təşkilatın üzvü deyil, müşahidəçi kimi bu tədbirlərə qatılır. Bu da günümüzün reallıqlarıdır. Türk dövlətlərinin hamısı arzuolunan qədər müstəqil siyasət yeridə bilmirlər. Ancaq Türkiyənin, Azərbaycanın, Qazaxıstanın, indi Özbəkistanın aktiv şəkildə Türk Dövlətləri Təşkilatının əhəmiyyətinin artırılması istiqamətində irəli sürdükləri təkliflər onu göstərir ki, müdafiə, təhlükəsizlik sahəsində əməkdaşlığın baş tutacağı gün o qədər də uzaqda deyil. Türk dövlətləri addım-addım bir-birinə yaxınlaşır, çox ciddi sənədlər imzalanır. Bundan əvvəl Şuşada keçirilmiş sammitdə qəbul olunan “Qarabağ” bəyannaməsi də bu təşkilatın inkişafında mühüm rol oynayan bir sənəddir. Yəqin ki, növbəti sammitlərdə bu məsələ yenidən qalxacaq. İlk növbədə Türkiyə belə bir əməkdaşlığın yaradadılmasını zəruri saysa, Mirziyoyevin təklif etdiyi strateji tərəfdaşlıq, əbədi dostluq və qardaşlıq haqqında müqavilədə mütləq hərbi sahədə əməkdaşlıq maddəsi də olacaq. Türk dövlətləri addım-addım buna doğru gedirlər, ancaq bir məsələni də biz nəzərə almalıyıq ki, bu cür addımlar atılarkən dünyadakı güc mərkəzlərinin buna göstərəcəyi münasibət də mütləq nəzərə alınmalıdır. Əks halda ciddi problemlər yarana bilər. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Türk Dövlətləri Təşkilatının aparıcı üzvü olan Türkiyə həm də NATO-nun üzvüdür. Türkiyənin təhlükəsizliyinin təmin olunmasında NATO mühüm rol oynayır və Türkiyə NATO-dakı müttəfiqlərinin, ilk növbədə ABŞ-ın bu məsələyə münasibətini mütləq nəzərə almalıdır. Eyni zamanda türk dövlətlərinin bəziləri hələ də Rusiyanın və Çinin ciddi təsiri altındadır  və onların mülahizələrini nəzərə almadan belə cəsarətli addım atmaları o qədər də asan deyil. Ancaq Mirziyoyevin təklifi çox dəyərli təklifdir və yaxın illərdə bu məsələdə arzuladığımız addımın atılması - Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığının yaranması tamamilə mümkündür”-deyə A.Səmədov bildirdi.

İradə SARIYEVA





Seçilən
34
baki-xeber.com

1Mənbələr