“Sosial media uşaqlarımıza zərər vurur, mən isə buna son qoymağa çağırıram.”
Valyuta.Az-ın məlumatına əsasən bunu Avstraliyanın baş naziri Entoni Albanizi, çərşənbə günü ölkədə 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etməyi nəzərdə tutan planlarını açıqladığı zaman bildirib.
Albanizinin sözlərinə görə, təklif olunan qanunvericilik bu il parlamentə təqdim olunacaq və millət vəkilləri tərəfindən təsdiqləndikdən bir il sonra qüvvəyə minəcək. O əlavə edib ki, valideyn razılığı üçün heç bir istisna nəzərdə tutulmayacaq. Bu isə o deməkdir ki, "Instagram", "Facebook", "TikTok", "X" və yəqin ki, "YouTube" kimi platformalar uşaqların girişini məhdudlaşdırmalı olacaq.
Qeyd edək ki, Avstraliyadan başqa bir çox ölkələr də eyni istiqamətdə addım atmaqdadır. Norveçin baş naziri keçən ay bildirib ki, ölkə yaxın vaxtlarda sosial medianın istifadəsi üçün yaş həddini 13-dən 15-ə qaldırmağı planlaşdırır və kiçik uşaqların zehninə qarşı mənfəət yönümlü texnologiya şirkətlərinə qarşı daha sərt tədbirlər görməyə ehtiyac duyduğunu vurğulayıb.
Rəhim