AZ

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Tədbirdə “Hadrut, sən azadsan!” sənədli filmi nümayiş olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə Mərkəzdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, Şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, həmçinin Vətən Müharibəsi Qəhrəmanlarının iştirakı ilə keçən tədbirdə Mərkəzin təlimçiləri və benefisiarlarının hazırladıqları əl işlərinə baxış olub. Həmçinin, Mərkəzin fotoqrafiya üzrə təlimçisi Orxan Əzimin işğaldan azad edilmiş ərazilərimizdən çəkdiyi fotolar ilk dəfə ictimaiyyətə təqdim olunub.  

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev çıxış edərək dörd il əvvəl möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində möhtəşəm tarixi Zəfər qazandığını, torpaqlarımızın Ermənistanın 30 ilədək davam edən işğalından azad edildiyini vurğulayıb.

Nazir müavini dövlətimizin başçısının tapşırığına əsasən, şəhid ailələri və müharibə iştirakçılarının sosial dəstəklə əhatə olunması sahəsində aparılan işləri qeyd edib.  

Həssas qruplara qayğının dövlətimizin siyasətində mühüm yer tutduğu bildirilib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin də həssas qrupların bacarıqlarının inkişafına, cəmiyyətə inteqrasiyasına xidmət etdiyi vurğulanıb.

44 günlük Vətən müharibəsinin parlaq qəhrəmanlıq səhifələrindən birinin də Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsi olduğu, bu şanlı tarixin gələcək nəsillərə çatdırılmasında filmlərin, fotosənədlərin vacibliyi qeyd edilib. Bu baxımdan “Hadrut, sən azadsan!” sənədli filminin də mühüm önəmi diqqətə çatdırılıb.

Şəhid Ayaz İmanzadənin həyat yoldaşı Gülşən İmanzadə çıxış edərək, dövlətimizin şəhid ailələrinə, müharibə iştirakçılarına göstərdiyi  xüsusi diqqət və qayğıdan bəhs edib. “Hadrut, sən azadsan!” sənədli filminin ssenari müəllifi Rasim İsmayılov, quruluşçu rejissoru Cavidan Şərifov filmin çəkilişi ilə bağlı maraqlı məqamları bölüşüblər.

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın baş prodüserliyi ilə ərsəyə gələn həmin filmin bundan əvvəl çəkilən “Şuşa, sən azadsan!” sənədli filmi kimi müasir tariximizin ən parlaq səhifələrini kino salnaməsinə çevirdiyi vurğulanıb.

Qeyd edək ki, filmin prodüserləri Orman Əliyev və Nazim Hüseynov, quruluşçu operatorları Ziya Babayev və Əli Əliyevdir.

Sonra “Hadrut, sən azadsan!” sənədli filmi nümayiş etdirilib.

Seçilən
31
8
ikisahil.az

8Mənbələr