“Azərbaycan-ABŞ münasibətləri necə qurulmalıdır” sualının cavabı bu məktubdadır
Prezident İlham Əliyevin ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa təbrik məktubu yeni Ağ Ev hakimiyyəti dövründə Vaşinqton-Bakı münasibətləri üçün “yol xəritəsi” də hesab oluna bilər.
Məktubda vurğulanır ki, Azərbaycan Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir: “Siz birinci prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırırdınız”. Prezident xüsusi vurğulayıb ki, Azərbaycan ABŞ ilə ikitərəfli tərəfdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindədir: “İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır.
Azərbaycan bundan sonra da Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Əminəm ki, Azərbaycan-ABŞ dostluq münasibətlərinin güclənməsi, ölkələrimizin milli maraqları, o cümlədən milli təhlükəsizlik maraqları əsasında tərəfdaşlığımızın irəli aparılması yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.
Hakan Fidanın açıqlaması Ermənistana “Azərbaycanla münasibətləriniz düzəlməsə Türkiyənin sizə əl uzatmasından dən əlinizi üzün” mesajıdırmı?
Abutalıb Səmədov
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirdi ki, ABŞ Azərbaycan-Ermənistan sülh danışıqlarında və sülh sazişinin hazırlanmasında kifayət qədər müsbət rol oynadı. 2022-ci ilin sentyabrından bu prosesə qoşuldu. Həm Ağ Ev, həm Dövlət Departamenti sülh sazişinin irəliləməsində ciddi səylər göstərdi. Azərbaycan da bunu daim müsbət qiymətləndirdi. Hətta Valdayda keçirilən forumda Rusiya lideri Vladimir Putin Vaşinqton variantının olduğunu dedi, Ermənistan cəmiyyətini Nikol Paşinyana qarşı qaldırmağa çalışdı və onları duyuq salmağa cəhd etdi ki, Ermənistan hökuməti Azərbaycanın Qarabağ üzərində suverenliyini qəbul eləmək istəyir. 2023-cü ilin əvvəllərində qədər ABŞ müsbət rol oynadı sülh sazişinin hazırlanması istiqamətində. Çox təəssüf ki, 2023-cü ilin əvvəllərindən başlayaraq Ermənistan anti-Rusiya bəyanatları verdi və bu da ABŞ-ın Azərbaycana və Ermənistana münasibətinin dəyişməsinə, Ağ Evin açıq ermənipərəst mövqe tutmasına gətirib çıxardı. Sonrakı dövrdə xüsusilə, antiterror əməliyyatı ərəfəsində sentyabrın 15-də Senatdakı dinləmələrdə dövlət katibinin müavini Azərbaycanı Qarabağ ermənilərinə qarşı “zor tətbiq etmək cəhdi”ndən çəkindiməyə çalışdı və “biz buna imkan verməyəcəyik” dedi. Daha sonra Rusiyanı da bu prosesə qoşub ant-terror əməliyyatının qarşısının alınmasına cəhd göstərdilər. Təəssüf ki, Azərbaycanın bütün ərazisində suverenliyinin təmin olunmasından sonra da Bayden hökuməti qeyri-konstruktiv mövqe tutmaqda davam elədi və Azərbaycan-ABŞ münasibətləri kifayət qədər aşağı səviyyəyə düşdü. Azərbaycan prezidenti İlham Əliyev Donald Trampa göndərdiyi təbrik məktubunda müasibətlərin yaxşılaşmasının yolunu göstərir: “Cənubi Qafqaz bölgəsində Azərbaycan olmadan təhlükəsizliyi təmin eləmək, bölgəni iqtisadi əməkdaşlıq bölgəsinə çevirmək qeyri-mümkündür. Bu məktubda bunu ABŞ-ın yeni prezidentinin diqqətinə çatdırmağa çalışılır. Azərbaycana qarşı ədalətli mövqe tutmadan bölgədə möhkəmlənmək qeyri-mümkündür, bölgədə nüfuz sahibinə çevrilmək qeyri-mümkündür. Bunu Tramp və onun komandası anlamalıdır. Baydenin buraxdığı səhvlər təkrar olunmamalıdır. Azərbaycanla zor mövqeyindən, təzyiqlə, ultimatum verməklə münasibət qurmaq mümkün deyil. Azərbaycanla bu cür danışmaq Amerikaya yaxşı heç nə vəd eləyə bilməz. Hesab edirəm ki, cənab Prezidentin məktubunda həqiqətən də yol xəritəsi var. Azərbaycan-ABŞ münasibətləri necə qurulmalıdır sualının cavabı bu məktubdadır”.
Mütəllim Rəhimli
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli isə bildirdi ki, Trampın seçilməsi özü ilə yeni çoxsayli suallar doğurub. Dünyanın hegemon dövləti olaraq ABŞ-nin yeni prezidentin dönəmində aparacağı siyasət bütün ölkələr üçün maraqlıdır: “Məsələ bundan ibarətdir ki, ABŞ öz siyasətini qarşı tərəfin istəyi əsasında qurmur. Zəngin dövlətçilik təcrübəsinə malik və dünyanın super gücü rolunu oynayan ABŞ həm beynəlxalq siyasətdə, həm də ikitərəfli münasibətlərdə diktə edici tərəf kimi çıxış edir. Ona görə də Azərbaycanla münasibətlərdə də ABŞ-ın bizim istəyimizlə hərəkət edəcəyi inandırıcı deyil. İndiyədək ABŞ ölkəmizə qarşı münasibətində çoxsaylı ədalətsizliyə yol verib. Ona görə də ictimai fikirdə zaman-zaman qınaq obyektinə çevrilib. Azərbaycanın istəkləri Prezidentin təbrikindən də göründüyü kimi ümumi maraqlar, xüsusilə təhlükəsizliyin təmin olunması, sülh və inkişafın tələb etdiyi yeni istiqamətlər üzrə əməkdaşlığı özündə ehtiva edir. Bütün bunlar bərabər və ədalətli əməkdaşlığı nəzərdə tutur. Amma təəssüf ki, indiki dünyada super güclər uçün ədalət məsələsi arxa plana keçib və maraqlar əsas rol oynayır”.
Etibar SEYİDAĞA,
Musavat.com