AZ

Dövlət Miqrasiya Xidməti COP29-a necə hazırlaşır?

Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanmış Sazişə əsasən, 15 gün ərzində olduğu yer üzrə qeydiyyat tələbi COP29 iştirakçıları üçün 30 günədək uzadılıb. Güzəştlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının qeydiyyatından keçərək, COP29 vizası ilə və ya vizasız qaydada ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil olunur.

Day.Az bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, bu tələblərin praktikada tətbiqi, tədbirdə iştirak edən əcnəbilərin maneəsiz səyahət etmələrinin təmini üçün müvafiq informasiya sistemləri üzrə texniki həllər tətbiq edilib.

"Konfransla bağlı tətbiq ediləcək miqrasiya qaydaları barədə əcnəbilərin məlumatlandırılmasının təmini üçün görülmüş birgə tədbirlər nəticəsində COP29 xüsusi viza portalında, elektron viza blankında, COP29-la bağlı rəsmi internet səhifələrində, eləcə də, Dövlət Miqrasiya Xidmətinin informasiya resurslarında və iştirakçılara göndərilən məlumat bülletenində miqrasiya qaydaları barədə məlumatlar yerləşdirilib.

Qeyd edək ki, COP29-a hazırlıqla bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən tədbirəqədərki dövrdə planlaşdırılan işlər artıq yekunlaşmaq üzrədir. Xidmət tərəfindən ziyarətçilərin məlumatlılıqlarının artırılması, dövlət sərhədinin buraxılış məntəqələrindən maneəsiz giriş-çıxışlarının təmini, eləcə də, miqrasiya idarəçiliyinin digər istiqamətləri üzrə COP29 Əməliyyat Şirkəti ilə birgə zəruri tədbirlər görülüb. Bununla belə, qeyd edilən məsələlər Konfrans müddətində və ondan sonrakı dönəmdə də diqqətdə saxlanılacaq.

Konfrans müddətində miqrasiya xidmətlərinin göstərilməsində operativliyi, məmnunluğu və əlçatanlığı təmin etmək məqsədilə ölkəyə gələn əcnəbilərin miqrasiya orqanları ilə mümkün təmas nöqtələrində - Heydər Əliyev Beynəlxalq Aeroportunda, Xidmətin 7 gün 24 saat fasiləsiz olaraq 3 dildə (azərbaycan, inglis və rus) fəaliyyət göstərən Çağrı mərkəzində və digər xidmət nöqtələrində gücləndirilmiş iş rejiminə keçirilməsi ilə bağlı hazırlıq işləri görülüb, xidmət yerlərində kadr potensialı gücləndirilib, işçilərə praktiki təlimlərin keçirilməsi təmin edilib.

Qeyd olunanlarla yanaşı, COP29 ərəfəsində iqlim dəyişikliyi və insanların yerdəyişməsi mövzusunda dialoqların genişləndirilməsinə, eləcə də, COP29 zamanı müzakirələrin məzmun baxımından zənginləşdirilməsinə töhfə vermək məqsədilə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə birgə "COP29: İqlim dəyişikliyi kontekstində insanların yerdəyişməsi üçün inteqrə olunmuş həll yolları üzrə qlobal əməkdaşlığın gücləndirilməsi" mövzusunda yüksək səviyyəli dəyirmi masanın 18 noyabr 2024-cü il tarixdə Mavi Zonada keçirilməsi planlaşdırılır, hazırda tədbirin yüksək səviyyədə təşkili ilə bağlı işlər davam etdirilir", - deyə əlavə edilib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Seçilən
34
4
day.az

5Mənbələr