Donald Trampın seçkilərdəki qələbəsi ilə bağlı fond birjalarındakı aktivlik nəticəsində dünyanın ən zəngin on adamının sərvəti bir gündə 63,5 milyard dollar artıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index" (BBI) məlumat yayıb.
Bu artım 2012-ci ildə təsis edilmiş reytinqin mövcud olduğu dövrdə ən yüksək artım olaraq qeydə alınıb. Seçkilərin əsas benefisiarı "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri, dünyanın ən zəngin insanı İlon Mask olub.
Mask son bir ildə Trampın əsas dəstəkçilərindən birinə çevrilib və sərvəti 26,5 milyard dollar artıb. "Amazon"un qurucusu Ceff Bezosun sərvəti 7,14 milyard dollar, "Microsoft"un yaradıcısı Bill Qeytsin sərvəti 1,82 milyard dollar, investor Uorren Baffettin isə 7,58 milyard dollar artıb.
Analitiklər Trampın qələbəsinin fond bazarlarında artıma səbəb olacağını gözləyirdilər. Birincisi, seçkilərin hər hansı bir nəticəsi qeyri-müəyyənliyi aradan qaldırırdı. İkincisi, Trampın proqramı vergi azaldılması və bankların fəaliyyətinin derequlyasiyasını nəzərdə tutur ki, bu da iqtisadiyyatın artımına müsbət təsir göstərməlidir.