AZ

İlham Əliyev əsaslı tənqid etdi- Türk dövlətlərinə nə qədər pul lazımdır?..

Image

Fikrət Yusifov: "TDT-nın büdcəsinin formalaşması üçün üzv dövlətlərə ilk öncə üzvlük haqqı kvotası müəyyən olunmalıdır"

Prezident İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündəki çıxışında deyib: 

"Azərbaycan Türk Dövlətləri Təşkilatına maliyyə dəstəyi verəcək. Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək".

Prezidentin fikrindən də aydin olur ki, TDT-nin büdcəsi hazırda çox azdır, bu büdcə ilə qarşıya qoyulan hədəflərə çatmaq mümkün deyil.

Ortaya belə bir sula çıxır: TDT-nin büdcəsi nə qədər olmalıdır ki, o, dünyanın ən güclü təşkilatlarından birinə cevrilə bilsin? Digər tərəfdən, türk dovlətlərinin hansı həcmdə büdcə formalaşdırmaq potensıalı var? Yəni hədəflərlə imkanların kəsişdiyi nöqtə təxminən haradadır?

Sualımıza cavabında maliyyə məsələləri üzrə mütəxəssis Fikrət Yusifov bildirdi ki, Türk Dövlətləri Təşkilatı (TDT) 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş beynəlxalq təşkilatdır: "Hazırda təşkilatda üç ölkə - Macarstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası müşahidəçi qismindədir.

Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin ümumi ərazisi 4 milyon 244 min kvadrat kilometr, əhalisi 160 milyon nəfərdən çox, ümumi daxili məhsulu isə 1 trliyon 100 milyard manat ətrafındadır. Müşahidəçi ölkələrin təşkilata üzvlüyündən sonra bu rəqəmlər daha böyük olacaqdır.

Türk Dövlətləri bu müstəvidə bir araya gəlməklə yaxın və uzaq perspektivlər üçün qarşıya böyük hədəflər qoymağı düşünürlər. Bu hədəflər öz növbəsində təşkilatın büdcəsinin hansı səviyyədə olacağını müəyyən edəcəkdir. Bir araya gələn türkdilli ölkələr sürətlə qütbləşən dünyada öz layiqli yerini tutmaq üçün çox işlər görməli və gecikməməlidirlər. TDT-a üzv olan ölkələrin bir araya gələrək ümumi maraqlara söykənən qlobal layihələri reallaşdırması türkdilli xalqlarımızın normal həyat tərzinin formalaşdırılmasına öz töhfəsini verə bilər. Qərbin nəhəng güclərinin türk dünyasına sərgilədiyi qısqanc və ikili standartlara söykənən münasibəti fonunda beynəlxalq müstəvidə söz sahibi olan bir türk birliyinin mövcudluğu olduqca vacibdir.

TDT-nın büdcəsinin formalaşması üçün üzv dövlətlərə ilk öncə üzvlük haqqı kvotası müəyyən olunmalıdır. Bundan başqa, müxtəlif sahələrdə layihələrin reallaşdırılması üçün birgə İnvestisiya Fondları yaradılmalıdı. Bu fondlarda da üzv ölkələrin paylarına dair ölçülər müəyyən edilməlidi. Artıq təşkilatın yaradılmasından 15 ilə yaxın vaxt ötür, düşünürəm, indi təşkilat çərçivəsində ümumi fayda gətirən layihələrin reallaşdırılmasına start verməyin vaxtı çoxdan çatıb...".

Ekspertin də fikirlərindən belə anlaşılır ki, TDT-nın hələ konkret büdcəsi yoxdur, təşkilat üzv dövlətlərin ianələri hesabına maliyyələşir. Ona görə də TDT büdcəsi barədə konkret bir rəqəm söyləmək çətindir. Amma analogiya aparmaq mümkündur.

Məsələn, Avropa İttifaqının bu il üçün büdcəsi 189,3 milyard avro təşkil edib. Bu büdcəyə əlavə olaraq, Aİ Komissiyası COVİD-19 epidemiyasının iqtisadi təsirlərinə qarşı hazırladığı bərpa proqramı çərçivəsində üzv ölkələrə 113 milyard avro yardım etməyi nəzərdə tutub. Üst-üstə Aİ-nin builki büdcəsi 302,3 milyard avro təşkil edib. Yəni türk dövlətləri Aİ ölkələri səviyyəsinə qalxmaq üçün ən azı bu məbləğin beşdə biri qədər büdcəyə malik olmalıdır. Çünki Aİ 27 dövləti birləşdirir, TDT isə hələ cəmi 5 üzv dövlətdən ibarətdir. Amma TDT ölkələrinin bir əsas üstünlüyü var ki, beş üzv dövlətdən üçü (Azərbaycan, Qazaxıstan və Özbəkistan) petrol ölkəsidir. Aİ-də isə Norveçdən başqa petrol ölkəsi yoxdur.

Akif NƏSİRLİ





Seçilən
28
baki-xeber.com

1Mənbələr