AZ

“Arşın mal alan”a heyran olan “Qızıl Qlobus”lu rejissor: “Dünya kinosu çətin dövrünü yaşayır”

“Hazırda dünya kinosu çətin dövrünü yaşayır. Mən hətta deyərdim ki, müstəqil kino ilə məşğul olanlar üçün çox az imkanlar mövcuddur. Kommersiya kinosu üçün isə areal genişdir. Və bu imkanlar, münbit şəraitlə kommersiya kinosu əsl sənəti arxa plana keçirtməyə yönəlir”.

Bunu Teleqraf.com-a məşhur “Qızıl Qlobus” mükafatçısı, kinorejissor Siddiq Barmak deyib.

“Usamə” debüt filmi ilə dünya kino tarixinə adını yazdıran rejissor bu ekran əsərinə görə “Qızıl qlobus” alıb, Kann, Pusan, London kinofestivallarında mükafatlara layiq görülüb. “Tiryək müharibəsi” ikinci filmi isə Roma, Batumi, Priştina, Kiş və digər beynəlxalq film festivallarında “Ən yaxşı film” adını qazanıb. Moskvada ÜDKİ-da magistr dərəcəsi alan sənətkar, rejissorluqla yanaşı Əfqanıstanda ilk kino jurnalı olan “Cinema”nın nəşrində də mühüm rol oynayıb. O, həmçinin Kabil Universitetində kinodan dərs deyib. Bir neçə sənədli filmə müəlliflik edən rejissor, prodüser kimi də layihələrə imza atıb. O, Kino Sənətləri və Elmləri Akademiyasının, eyni zamanda “Netpac”ın üzvüdür. Hazırda Fransada yaşayan Siddiq Barmak “Poçtalyon” filminin istehsalı ilə məşğuldur.

XV Bakı Beynəlxalq Film Festivalı çərçivəsində Bakıya gələn tanınmış rejissor saytımıza dünya kinosunun problemlərindən və Azərbaycan filmlərindən danışıb:

O baxdığı ilk Azərbaycan filminin “Arşın mal alan” olduğunu bildirib:

“O filmi Bakıya ilk dəfə gələndə görmüşdüm. Təxminən on il bundan öncənin söhbəti olar. Bura Əfqanıstan Mədəniyyət Nazirliyinin xətti ilə bir qrup heyətlə gəlmişdim. Bakını ilk dəfə onda gördüm və elə səfər müddətində bir neçə filmlərinizə baxmaq şansı yarandı. “Arşın mal alan” musiqili film olması ilə diqqətimi çəkdi və yaddaşımda dərin iz buraxdı, bir sözlə o filmə heyran olmuşdum. Sonrakı illərdə müasir Azərbaycan kinosu ilə tanışlığım rejissor Elçin Musaoğlunun filmləri vasitəsilə olub. Məsələn, "Nabat"ı çox bəyəndim. Peşəkar filmdir. Təəssüflər olsun ki, sənət filmləri üçün geniş arealın olmadığı dönəmdə yaşayırıq. Bu cür filmlərə diqqət yetirən, maliyyə ayıranlar azdır. Amma hər yerdə kommersiya filmlərini çox rahatlıqla görə bilərsiniz. Hər kəs istəyir ki, filmə qoyduğu sərmayəni geri qaytara bilsin. Və bunun üçün hər şeyi edə bilirlər. Elə filmlər ərsəyə gəlir ki, onlar çox sıradan, heç bir mesajı, çəkisi olmayan, insan mənəviyyatını uçuruma aparan ekran işləridir.

Belə bir dövrdə biz əlimizdən gələni etməliyik ki, əsl kino, əsl sənət yaşasın. Kino ecazkar bir sənətdir, sehirdir və biz onu qorumalıyıq. Xüsusən bizim ölkələrin kino sahəsinə dövlət dəstəyi çox vacibdir”.

    Ətraflı   

“Siz filmlərinizə dəstəyi necə əldə edirsiniz?” sualına Barmak belə cavab verib:

“Mənim də filmlərimə çox asan maliyyə, dəstək tapdığım deyilə bilməz. Məni geniş mənada kino aləminə tanıdan “Usamə” filmi rejissor Möhsün Maxmalbafın köməyi ilə ərsəyə gəlib. O Əfqanıstana gələndə məndən soruşdu ki, “Siddiq, niyə özün heç nə çəkmirsən?”. Mən də maliyyə olmadığını dedim və ona “Usamə”nin süjetini danışdım, onun çox xoşuna gəldi mənə dedi ki, sənə yüz min dollar verəcəm, sən də bu filmi çəkməyə başlayacaqsan. Qulaqlarıma inanmadım, bilirsiniz, yüz min dollar o vaxt Əfqanıstan üçün inanılmaz məbləğ idi. Sonra dedi əgər filmi xaricə satsan, pulumu geri qaytararsan. O həqiqətən mənə çox böyük dəstək oldu, yadımdadır, “Arriflex” kamerasını mənə borc verdi, çəkilişlər bitəndən sonra isə məni filmi beynəlxalq festivallara təqdim etməyə təşviq etdi. Nə yalan deyim, o vaxt mən filmin beynəlxalq uğuru haqqında düşünmürdüm, məni maraqlandıran öz insanlarımız idi, onlar Əfqanıstana İslamın təhrif olunmuş variantını tətbiq edən Talibanın diktaturası altında çəkdikləri əzabları unutmamalı idilər. Filmin qaralama nüsxəsini Maxmalbafa göndərəndə o təkid etdi ki, mən bunu beynəlxalq festivallara, başlıca da Kanna göndərim. Göndərdim və orda “Qızıl Kamera” mükafatına layıq görüldü. Ardınca isə “Qızıl Qlobus” aldı. “Usamə”dən sonra bir çox film festivallarında mükafatlar alan “Tiryək müharibəsi” adlı bir film çəkdim.“Tiryək müharibələri” elə üzərində çalışdığım “Poçtolyon”u da böyük çətinliklə reallaşdırmaq imkanı əldə etdim. Filmlər asan başa gəlmir, bu, birmənalıdır. Deyə bilmərəm ki, intensiv film çəkirəm, yox, ola bilər illərlə film çəkməyim, amma gecə-gündüz kino barəsində düşünürəm. Ssenarilər yazıram, yaxud tələbələrim öz ssenarilərini, filmlərini mənə göndərirlər ki, onlara baxıb fikrimi deyim.

Mən dərs demişəm, Əfqanıstanda Kinematoqrafçılar İttifaqının yaradılmasında iştirak etmişəm, “Kino” jurnalına rəhbərlik etmişəm. Çoxlu layihələrin reallaşmasına dəstək göstərmişəm. Müxtəlif festivallar məni dəvət edir, orda təcrübəmi, fikirlərimi bölüşmək imkanı qazanıram. Bir sözlə, hər anım kino bağlı olur”.

 

Seçilən
9
2
turanpress.com

3Mənbələr