"Gedişat onu göstərir ki, Türkiyədə yeni konstitusiyanın qəbul olunması ehtimalı yüksəkdir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın yenidən namizədliyini verə bilməsi üçün Konstitusiya dəyişikliyilə bağlı çağırışları şərh edərkən deyib.
"Türkiyə Respublikasının mövcud konsitutusiyasına görə, Rəcəb Tayyib Ərdoğan iki dəfə ardıcıl olaraq prezident seçilib. Ona görə də növbəti dəfə namizəd olması hüquqa əsasən mümkün deyil. Lakin hazırda Türkiyə iqtidarı yeni konstitusiya layihəsi üzərində işləyir. Gedişat da onu göstərir ki, yeni konstitusiyanın qəbul olunması ehtimalı yüksəkdir", deyə Kənan Rövşənoğlu bildirib.
Həmsöhbətimizə görə, Milliyətçi Hərəkət Partiyasının (MHP) lideri Dövlət Baxçalının açıqlaması bu mənada nəbz yoxlaması hesab edilə bilər:
"Əlbəttə, Türkiyədə yalnız prezidentlik müddətinə görə referendum mümkün deyil, bu, cəmiyyətin sərt etriazına səbəb ola bilər. Amma yeni konstitusiyanın qəbul olunması fonunda xüsusi dəyişikliyə ehtiyac qalmayacaq və Ərdoğan bununla növbəti dəfə də namizəd ola biləcək. Hərçənd müxalifət buna da etiraz edir".
Ekspert hesab edir ki, ötən ay Dövlət Baxçalı tərəfindən irəli sürülən barışıq prosesi və PKK-nın silahı yerə qoyması çağırışı da müəyyən mənada Konstitusiya dəyişikliyi istəyilə əlaqəlidir.
Kənan Rövşənoğlu düşünür ki, irəli sürülən prosesin reallaşması elə də asan olmayacaq:
"Türkiyə hakimiyyəti hesab edir ki, region yeni bir dövrə qədəm qoyur və bu dövrdə daxildə qüvvələri birləşdirmək, mümkün nifaq elementlərini aradan qaldırmaq lazımdır. Amma müxalifətin yanaşması Ərdoğanın yenidən seçilməsinə qarşıdır, ona görə də düşünürəm ki, bu proses elə də asan olmayacaq".
Qeyd edək ki, Türkiyədə Ərdoğanın növbəti prezident seçkisində də iştirakı məsələsi gündəmə gəlib. MHP lideri Dövlət Baxçalı deyib ki, Ərdoğan yenidən prezident seçilməlidir. Bu əsasda da o, seçki qanunları ilə əlaqədar Konstitusiyada dəyişiklik edilməsi barədə çağırış edib: "Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilməlidir. Bu barədə konstitusiyada dəyişiklik edilməlidir".
Xatırladaq ki, mövcud konstitusiyaya görə Ərdoğanın növbəti dəfə seçkilərdə namizədliyi irəli sürülə bilməz. Bunun üçün konstitusiya dəyişikliyi təklif olunur.
Rüfət Sultan