AZ

Milli ruhun, iradənin və əzmkarlığın NÜMAYİŞİ: Hər bir azərbaycanlı öz ölkəsinin taleyinə SAHİB ÇIXIR – FOTOLAR

AMEA-nın Naxçıvan Bölməsində 8 Noyabr – Zəfər Günü münasibətilə “Şanlı tariximizin Zəfər bayramı” mövzusunda elmi konfrans keçirilib.

Medianews.az xəbər verir ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.

Akademik Azərbaycan torpaqlarında erməni probleminin kök salmasından, havadarlarının dəstəyi ilə xalqımıza qarşı yürütdükləri etnik və dövlət terrorizmi siyasətindən danışıb. Qarabağ probleminin meydana gəlməsindən, beynəlxalq təşkilatların problemin həllinə biganə münasibətindən, artıq tarixə qarışmış ATƏT-in Minsk qrupunun yubadıcı və yarıtmaz fəaliyyətindən bəhs edib. Problemin həllində Azərbaycanın qətiyyətli və dəyişməz mövqeyini, ordumuzun keyfiyyət və kəmiyyət baxımından komplektləşdirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.

Bölmə sədri Qarabağ Zəfərinin 3 əsas amilinin – Ali Baş Komandan-Xalq-Ordu birliyinin önəmi, 44 günlük Vətən müharibəsinin həlledici məqamları, ermənilərin Azərbaycana qarşı bu gün də davam edən təxribat xarakterli siyasəti barədə fikirlərini bölüşüb.

Çıxışının sonunda bölmə sədri Zəfər Günü münasibətilə bölmə kollektivini təbrik edib.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov konfransda “Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dövründə verdiyi müsahibələrə dövlət mənafeyi və müharibə siyasəti nöqteyindən baxış” başlıqlı məruzə edib.

Elxan Məmmədov məruzəsində ölkə başçısının II Qarabağ müharibəsinin gedişində xarici KİV-ə ard-arda verdiyi müsahibələrdən danışıb. Alim qeyd edib ki, həmin müsahibələrdə cənab Prezident mövcud realllığı, müharibənin başlanma səbəblərini, Azərbaycanın haqlı və dəyişməz mövqeyini aydın şəkildə ifadə etmişdir.

Ölkə başçısının “Lazım olan vaxtda 30-a yaxın müsahibə vermişəm və o müsahibələrdə demişəm, biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, biz beynəlxalq hüququ müdafiə edirik, biz ədaləti müdafiə edirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik”, – fikrini sitat gətirən tədqiqatçı İlham Əliyevin həmin müsahibələrdə nümayiş etdirdiyi liderlik bacarığından, siyasi və diplomatik ustalığından söz açıb.

Elxan Məmmədov ölkə başçısının bəzi xarici jurnalistlərin qərəzli suallarını cavablandırarkən nitqində, mimika və jestlərində təzahür edən psixoloji dözümlülükdən, təmkinlilikdən  danışıb.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi Hüseyn Abbasov “İkinci Qarabağ müharibəsi dövründə Müzəffər Ali Baş Komandan, ordu və xalq birliyi” mövzusunda məruzə edib.

Məruzədə qələbəmizin əsasını təşkil edən Ali Baş Komandan-Ordu-Xalq birliyindən, xalqımızın 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi həmrəylikdən bəhs olunub.

Gənc tədqiqatçı müharibə dövründə xalqın iradəsi, ordunun gücü və dövlət başçısının uzaqgörən siyasətindən ibarət həmin birliyin qələbənin qazanılmasındakı mühüm roluna diqqət çəkib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan islahatlar təkcə ordunun döyüş qabiliyyətini artırmaqla kifayətlənməmiş, eyni zamanda xalqın orduya olan güvənini daha da dərinləşdirmişdir.

Bu, yalnız hərbi bir güc deyil… Bu, milli ruhun, iradənin və əzmkarlığın özüdür. Vətən müharibəsində Azərbaycan bir daha sübut etdi ki, hər bir azərbaycanlı öz ölkəsinin taleyinə sahib çıxır.

Elm tədbirinə akademik İsmayıl Hacıyev yekun vurub.

Seçilən
34
medianews.az

1Mənbələr