AZ

Əziz Şuşa, sən azadsan!

Ali Baş Komandanın bu möhtəşəm müjdəsi həm könüllərin Şuşa həsrətinə məlhəm oldu, həm də tariximizin növbəti parlaq səhifəsinə çevrildi

Azərbaycan Ordusu 2020-ci ilin sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatlarına başladı. Bu 44 günlük savaşda ordumuz tərəfindən 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 2020-ci il noyabrın 8-də isə tariximizin ən şanlı səhifəsi yazıldı. Həmin gün ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, çox mühüm tarixi hadisə və böyük hərbi Qələbə idi. Ona görə ki, Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi.

Cəmi 44 gün ərzində bu qədər ərazini erməni hərbi birləşmələrindən azad etmək hərb tarixində bir ilk idi. Həm də yaddan çıxartmayaq ki, işğalçılar 30 ildə burada keçilməz istehkamlar qurmuşdular, eyni zamanda, onların hərbi mövqeləri yüksəklikdə yerləşirdi. Bu mənada, Şuşa şəhərinin azad edilməsi Ermənistanın belini qırdı və baş nazir Nikol Paşinyan noyabrın 10-da kapituliasiya aktını imzalamağa məcbur oldu. Şuşa uğrunda döyüşləri hətta xarici hərbi ekspertlər, o cümlədən erməni generalları əfsanə adlandırdılar. Sıldırım qayaları dırmaşaraq düşmənl əlbəyaxa döyüşə girən Azərbaycan hərbçiləri Ermənistan hərbi birləşmələrini bir gün ərzində həşərdən qovub çıxardılar. Ona görə də Prezident İlham Əliyev 2020-ci ilin dekabrın 3- də 8 noyabr tarixinin hər il «Zəfər Günü» kimi qeyd olunmasına dair Sərəncam imzaladı. Sərəncamda qeyd olunurdu ki, hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olub. Bəli, Şuşa Zəfəri həm də düşmənin bu illər ərzində yaratdığı «yenilməzlik» mifini darmadağın etdi.

Şuşa düşmənə boyun əyməyən əzəmətli mədəniyyət abidəsidir. Hətta Şuşanın abidələr şəhəri olduğunu söyləyən Ümummilli Lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, «Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur». Bir vaxtlar «Kiçik Paris», «Qafqazın sənət məbədi», «Azərbaycan musiqisinin beşiyi» və «Şərqin konservatoriyası» adlandırılan, Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olan Şuşada bu gün tikinti -quruculuq işləri sürətlə davam etdirilir. Artıq yüzlərlə şuşalı öz doğma evinə qayıdaraq burada yaşayırlar.

Bu bir həqiqətdir ki, hətta 28 illik işğal dövründə düşmən Şuşanı erməniləşdirə, tarixini, mədəniyyətini özününküləşdirə bilmədi. Əvəzində Şuşanı sadəcə dağıtmaqla məşğul oldular. Azərbaycan Prezidentinin Şuşaya olan sevgisinin ən bariz nümunəsi odur ki, ölkəmizin həyatında ən vacib və əlamətdar günlər, ən önəmli tarixlər və tədbirlər azad Şuşada qeyd edilir. Prezident İlham Əliyev Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022- ci ilin yanvarın 5-də «Azərbaycan Respublikasında 2022-ci ilin «Şuşa ili elan edilməsi haqqında» Sərəncam imzaladı. Sərəncamda bildirilirdi: «Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdı.»

Vətən müharibəsi başa çatdıqdan sonra bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət ayrılıb. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi də məhz Şuşa rayonuna təyin edilib. Əlbəttə, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Məhz bütün bu amillər nəzərə alınaraq Prezident İlham Əliyevin 2021-ci il may ayının 7-də imzaladığı Sərəncam ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Bu Sərəncam Şuşa şəhərinin əvvəlki statusunun bərpasına, tarixən malik olduğu şöhrətinin özünə qaytarılmasına, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edir. Heç şübhəsiz, dövlətimizin başçısı tərəfindən 2022-ci ilin «Şuşa İli» elan olunması barədə Sərəncamın imzalanması da eyni məqsədlərə xidmət edən növbəti tarixi qərar idi və bu qərarların hər biri bundan sonra həm Şuşamızın, həm də bütünlükdə Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr verəcəkdir.

Bəli, Şuşanın sanki bir cazibə qüvvəsi var. Hər bir azərbaycanlını özünə çəkir, özünü ona sevdirir. Hətta yaralarının tez sağalması üçün 28 il həsrət çəkən gözləri ilə insanlarımızı qarşılayır. Amma bu dəfə nikbin ruhda, azad və abad şəhər kimi, vüsala qovuşmuş doğma yurd kimi… Ötən il dekabrın 24-də doğum gününü Şuşada qeyd edən Prezident İlham Əliyev bu barədə deyib: «Şuşa hər birimizi özünə çəkir. Düzdür, mən burada - Şuşada müxtəlif tədbirlərin açılışlarında iştirak etmişdim. O tədbirlər ki, Şuşanın Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə məxsus olmasını bir daha təsdiqləyir. Amma, eyni zamanda hər dəfə Şuşada hansısa tədbir nəzərdə tutulduqda böyük həvəslə, böyük sevgi ilə, məhəbbətlə Şuşaya gəlirdim və hesab edirdim ki, bu günü də mən məhz burada - Şuşada hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etməliyəm və bunu edirəm».

Müharibədən sonra Şuşa mədəni ənənələrini bərpa edib. Artıq hər il şəhərdə ənənəvi «Xarıbülbül» musiqi festivalı keçirilir. 2024-cü ildə Şuşada Vaqif Poeziya Günləri keçirilib. Azərbaycan Milli Məclisinin «Şuşa İli»nə töhfəsi olaraq 2022-cü ildə Şuşada parlamentin komitə iclaslarının keçirilməsinə başlanılıb. Bundan əlavə, Şuşa şəhəri 2024-cü il üçün «İslam dünyasının mədəniyyət paytaxtı» missiyasını yerinə yetirir. Həmçinin 2022-ci il Şuşa Dünya Azərbaycanlılarının V Zəfər Qurultayına ev sahibliyi etdi. Eyni zamanda, ölkəmizdəki səfirliklər və digər diplomatik nümayəndələr mütəmadi olaraq Şuşaya baş çəkərək oradakı tikinti- quruculuq işləri ilə erməni vandalizminin izləri ilə də tanış olurlar.

Müzəffər Ali Baş Komandanımız Şuşanın işğaldan azad olunması müjdəsini xalqa məhz Şəhidlər xiyabanından çatdırdı: « Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!» Bu müraciət həm də o demək idi ki, şəhidlərimizin qanı yerdə qalmadı, onların ruhu artıq dinclik tapdı. Eyni zamanda, Ali Baş Komandanımız Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək ata vəsiyyətinə əməl etdiyini bildirdi. Bununla da Ulu Öndərin «Biz Qarabağı işğaldan azad etməliyik və edəcəyik» vəsiyyətinin gerçəkləşdiyini bir daha bəyan etdi. Xatırlayıram ki, Müzəffər Ali Baş Komandanımız bu sevinsli və qürürlu xəbərlə nəinki xalqımızı sevindirdi, həm də hər bir azərbaycanlını duyğulandırdı. Bir daha anladıq ki, biz bu qələbələrlə tariximizin daha parlaq səhifələrini yazdıq.

Elçin Zaman, «İki sahil»

Seçilən
36
ikisahil.az

1Mənbələr