İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Vətən müharibəsində 44 gün ərzində əldə edilmiş qələbə Azərbaycanı dünya dövlətləri arasında ucaltdı, zirvələrə qaldırdı. 30 il əvvəl itirilmiş ərazi bütövlüyümüz yenidən bərpa olundu, xalqımızın milli mənəviyyatı dirçəldi, vətən həsrətimizə son qoyuldu. Tariximizin acı məqamı olan ərazilərimizin işğal tarixləri yadelli əsarətindən torpaqlarımızın azad olunma tarixləri ilə əvəz olundu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibənin ilk günlərindən tarixi ərazilərimizi və strateji yüksəkliklərimizi işğaldan azad edən rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində Qarabağ torpaqlarında mərdliklə vuruşaraq əsl qəhrəmanlıq dastanı yazdı. Ermənilərin 30 il ərzində qurduğu istehkamları qısa müddətdə darmadağın edərək uğurlu əks-hücum əməliyyatları ilə 8 Noyabr - Zəfər Gününə gedən yolu günbəgün yaxınlaşdırdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i ölkəmizdə Zəfər Günü elan edildi.
Zəfər Günü Azərbaycan xalqının tarixinin ən fəxarətli günüdür. Qarabağa qovuşduğumuz tarixi gündür. Şanlı tariximizə daxil olan böyük Qələbə Günüdür!
8 Noyabr Zəfəri müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi oldu. Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin qazandığı möhtəşəm Zəfər təkcə bizim ölkəmizin deyil, həm də bütün Cənubi Qafqaz bölgəsinin əmin-amanlığı və inkişafı üçün yeni imkanlar yaratdı.
Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat isə Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən andır. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın diz çökdürülərək kapitulyasiyası, Azərbaycanın tam və şərtsiz qələbəsinin əyani sübutu idi.
Yenilməz Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində doğma Qarabağımız işğaldan azad edildi, Vətənimizin ərazi bütövlüyü bərpa olundu, müstəqil Azərbaycan işğalçı Ermənistan üzərində qətiyyətli tarixi qələbə qazandı, onilliklər boyunca Vətən torpağında həlak olan şəhidlərimizin, etnik zəmində xüsusi qəddarlıqla qətlə yetirilən dinc azərbaycanlıların, amansız işgəncələrə məruz qalan günahsız insanlarımızın, körpələrin, qadınların, uşaqların, ahılların, doğma yurd-yuvasından didərgin salınan soydaşlarımızın qisası bu faciələri törədən erməni qatillərindən və onların cinayətkar-faşist dövlətindən alındı.
Ali Baş Komandan İlham Əliyev Xalq-İqtidar-Ordu birliyinin simvolu olan "dəmir yumruğ"u ilə işğalçı Ermənistanın belini qırdı və ümumilikdə "dünya erməniliyinə" sarsıdıcı zərbə vurdu. Ermənilərin əsl xislətini, həyasız yalanlarını, faşist simasını əsaslı sübutlar və konkret faktlarla bütün dünya ictimaiyyətinə nümayiş etdirdi.
Beləliklə, düşmən üzərində cəmi 44 gün ərzində şanlı Qələbə çalan Azərbaycan xalqı özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi. Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi.
Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti qətiyyətli qələbə qazandı, işğalçını əzəli torpaqlarımızdan qovdu. Eyni zamanda bütün Azərbaycan xalqı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək sözün əsl mənasında böyük xalq olduğunu bir daha sübut etdi, misilsiz birlik, həmrəylik nümayiş etdirərək cəmiyyətimizdə mövcud olan Xalq-Lider-Ordu birliyini daha yüksək səviyyəyə qaldırdı.
İlham Əliyev öz adını milli tariximizə qalib və müzəffər sərkərdə kimi qızıl hərflərlə əbədi həkk etdi. Azərbaycanın ürəyi olan Qarabağın tacı, göz bəbəyi, mədəniyyət paytaxtı Şuşa şəhərini, eyni zamanda 28 ildir ki, işğal altında olan Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl şəhərlərini, neçə-neçə qəsəbələrimizi, kəndlərimizi, strateji yüksəkliklərimizi, tarixi Xudafərin körpüsünü, bir sözlə Azərbaycanın mənfur düşmən tapdağında olan ərazilərini işğaldan azad edən Fateh oldu.
Şanlı Vətən müharibəsində qazandığımız bu tarixi qələbədə, əlbəttə ki, Azərbaycan Ordusunun, Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin rolu danılmazdır. Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışında hərbçilərimizə xitabən demişdir: "Siz öz qəhrəmanlığınızla xalqımızın üzünü ağ eləmisiniz!".
Bu missiyanı yerinə yetirən bütün qəhrəmanlarımızın, şəhidlərimizin, qazilərimizin, ön və arxa cəbhədə fədakarlıqla bu işə töhfə verən Azərbaycan hərbçilərinin, onların valideynlərinin, ailə üzvlərinin, xüsusilə bütün şəhid analarının qarşısında baş əyirik!
Bu qələbə sevincini, Vətən torpağının azadlığını bizə bəxş edən Ali Baş Komandanımıza və Azərbaycan əsgərinə, bu şanlı tarixi qanı, canı ilə yazan şəhidlərimizə borcluyuq. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin hər bir günündə düşmənin başına od ələyən, onu əzib keçən, vətəndaşlarımıza hər gün yeni qələbə xəbərləri, yeni azad olunmuş torpaqların zəfər xəbərini bəxş edən Azərbaycan əsgərlərinin hər birinin əziz xatirəsini daim yaşadacaq və uca tutacaqdır!
Bu qədər qısa müddət ərzində yeni əsrin yeni hərb nümunəsini yaradan, düşmənin illərlə qurduğu, möhkəmləndirdiyi istehkamları, saysız-hesabsız hərbi texnikasını məhv edən və Qarabağı azad edən Azərbaycan Ordusunun bu möhtəşəm hərbi qələbəsi hələ uzun illər hərbi ekspertlər, tarixçilər, siyasətçilər tərəfindən araşdırılacaq, öyrəniləcək və zəfərlə nəticələnən uğurlu müharibə dastanına çevriləcəkdir.
Bu gün işğaldan azad olunan Azərbaycan torpaqlarında azan səsləndirilir, şanlı Azərbaycan Bayrağı dalğalandırılır, uzun illərdir ermənilər tərəfindən işğal altında saxlanılan 132 km-lik Azərbaycan-İran sərhədində artıq Azərbaycan sərhədçiləri dayanır, gənc nəslin tarix dərsliklərində haqqında oxuduğu Xudafərin körpüsündə Azərbaycan Bayrağı ucalır.
"Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" deyən Müzəffər Ali Baş Komandanımız qeyd edib ki, İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq. Azərbaycan xalqının çoxəsrlik tarixində buna oxşar parlaq və tam qələbə olmayıb.
Ötən il sentyabr ayının 19-dan başlayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatdırılması isə Prezident İlham Əliyevin düşmən üzərində qəti qələbəsi idi.
Müstəqil Azərbaycan dövlətinin özünün suverenliyini təmin etmək üçün Qarabağda apardığı və uğurla başa çatdırdığı bu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazisi daxilində yerləşmiş erməni separatçı hərbi birləşmələri tərk-silah edildi, regionun sabitliyi və gələcək inkişafı üçün etibarlı zəmin yaradıldı. Bu tarixi Qələbə Böyük Qayıdış hərəkatının hərbi-siyasi təminatı kimi mühüm əhəmiyyət kəsb edirdi.
Bu böyük qələbəni Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandan İlham Əliyev həm də həyatını öz doğma Azərbaycanına həsr edən, tariximizin ən böyük vətənpərvəri olan "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".
Qarabağ münaqişəsinin həllinə nail olmaqla regionda yeni geostrateji reallıqlar yaradan Azərbaycan bu Qələbə ilə regionun lider və qalib ölkəsi kimi öz yeni gələcəyini inşa etdi. Azərbaycan işğalçı vandalların dağıtdığı bütün infrastrukturu yenidən bərpa edərək, Qarabağı yenidən Vətənimizin gur inkişaf edən dilbər guşəsinə çevirir. Azərbaycan xalqı döyüş meydanlarında olduğu kimi, quruculuq sahəsində də bir daha öz böyüklüyünü göstərir.
İnanırıq ki, tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyada öz mövqeyini daha da gücləndirəcək. Azərbaycanın şanlı bayrağı işğaldan azad edilmiş torpaqlarda əbədi dalğalanacaq! Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan sonra Azərbaycan xalqı qürur hissi ilə müzəffər xalq kimi yaşayacaqdır.
H.Zeynallı