AZ

COP29 Bakıda: Bakı Media Mərkəzi rəsmi yayımçı olacaq, “Yaşıl şəhər nəqliyyatı” və “Kosmik Liderlərin Sammiti” kimi tədbirlər təşkil ediləcək

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransının dünya ictimaiyyətinə təqdim olunması üçün tədbir məkanı olan Bakı Stadionundan yüksək keyfiyyətli yayımı təmin etmək məqsədilə Bakı Media Mərkəzi COP29 konfransının rəsmi yayım şirkəti təyin olunub.

Fins.az xəbər verir ki, Azərbaycanın peşəkar audiovizual istehsalçısı olan Bakı Media Mərkəzi dünya izləyicilərinə COP29 çərçivəsində yer alacaq qlobal iqlim fəaliyyətini canlı rejimdə onlayn izləmək imkanını yaradacaq.

Konfransın hər bir anını qeydə almaq məqsədilə tədbir məkanının müxtəlif zalları, auditoriyaları, görüş otaqları və digər müxtəlif sahələrində yerləşdiriləcək müasir yayım avadanlıqları sayəsində şirkət konfrans çərçivəsində baş tutacaq bütün mühüm tədbir və müzakirələrin fasiləsiz canlı yayımını təmin edəcək.

İrimiqyaslı tədbirlərin yayımında geniş təcrübəyə malik olan Bakı Media Mərkəzi tərəfindən COP29 üçün müasir texnoloji imkanlarla yanaşı peşəkar işçi heyəti də cəlb ediləcək. Belə ki, yayımın reallaşdırılması məqsədilə şirkət tərəfindən 300-dən çox yayım mütəxəssisi cəlb olunacaq. Bakı Media Mərkəzinin COP29-la əməkdaşlığı yalnız yayım ilə məhdudlaşmayaraq, həmçinin foto və videomaterialların təmin edilməsini də nəzərdə tutur.

Rəsmi yayım şirkəti olaraq Bakı Media Mərkəzi ilə əməkdaşlıq mühüm qlobal əhəmiyyətli tədbir çərçivəsində istehsal edilən multimedia materiallarının qorunmasına dair zəmanəti də əhatə edir.

Bu tərəfdaşlıq COP29-un beynəlxalq səviyyədə yüksək standartlara uyğun media təqdimatını təmin etməklə yanaşı, konfransın ehtiva etdiyi əsas mesajları qlobal auditoriyaya effektiv və geniş miqyasda çatdırılmasına xidmət edəcək. Belə ki, bu vacib vəzifəni icra edəcək Bakı Media Mərkəzi yüksək keyfiyyətli yayım vasitəsilə tarixi məqamların əlçatan olmasını təmin etmək istiqamətində daima səy göstərdiyini bir daha nümayiş etdirir. Tərəfdaşlıq çərçivəsində şirkətin zəngin təcrübəsi, müasir yanaşması və peşəkarlığı nəticəsində COP29 konfransının dünyanın istənilən nöqtəsindən istənilən şəxs tərəfindən fasiləsiz izlənməsinə şərait yaradılacaq.

* * *

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.

Fins.az xəbər verir ki, AYİB-in nümayəndə heyətinə bankın prezidenti Odil Reno-Basso rəhbərlik edəcək.

Onun tərkibinə bankın birinci vitse-prezidenti Yürgen Riqterink, vitse-prezident Mark Boumen və iqlim strategiyası və tətbiqi üzrə idarəedici direktor Harri Boyd-Karpenter daxildir.

COP29 bu il iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin gücləndirilməsinə, maliyyələşdirmənin artırılmasına və özəl sektorun cəlb olunmasına xüsusi diqqət yetirəcək.

İqlim maliyyələşdirilməsində uzun müddətdir lider olan AYİB öz layihələrinin ən azı 50 faizini “yaşıl” təşəbbüslərə yönəltməyi qarşısına məqsəd qoyub. Ötən il bank bu hədəfə çataraq “yaşıl” layihələrə 6,5 milyard avro sərmayə yatırıb.

AYİB tərəfindən təşkil olunan bir sıra tədbirlər canlı yayımlanacaq və geniş auditoriyaya bankın son iqlim təşəbbüsləri və özəl maliyyələşdirmə ilə "yaşıl" innovasiyalar vasitəsilə dəyişikliklərə nail olmaq strategiyası haqqında məlumat verəcək.

* * *

COP29 tədbiri çərçivəsində Azərbaycan Respublikasının Kosmik Agentliyi - Azərkosmos “İqlim dəyişikliyi ilə mübarizədə kosmik çağırışlar: Kosmik Liderlərin Sammiti”ni keçirəcək.

Bu barədə Fins.az-a agentlikdən bildirilib.

Məlumata görə, sammit COP29 tədbirinin 16 noyabr – Elm, Texnologiya və İnnovasiya Günündə saat 10:45-dən 12:45-ə kimi Mavi Zona S3/Hirkan konfrans otağında keçiriləcək.

İştirakçılar arasında 20 qlobal kosmik agentliklərin rəhbər heyəti, beynəlxalq təşkilatlar: Birləşmiş Millətlər Təşkilatının (BMT) Xarici Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Beynəlxalq Astronavtika Federasiyası, Millətlər Birliyi (Commonwealth of Nations), o cümlədən özəl sektorun rəhbər və işçi heyəti yer alacaq.

Kosmik Agentliklərin zirvə toplantısı hesab olunan bu Sammitin konseptual mahiyyəti qlobal və inkişaf etməkdə olan kosmik agentliklər arasında kosmik texnologiyanın imkanlarından istifadə etməklə iqlim dəyişiklikliyinə töhfə verilməsi üçün təşviqat aparmaq və Sammit çərçivəsində birgə addımları formalaşdırmaqdır. Sammitin nəticəsi olaraq 20 qlobal kosmik agentliyin “Kosmosa əsaslanan iqlim təşəbbüslərinin genişləndirilməsinə dair Vəd” sənədi (Pledge) imzalanacaq. Bakı COP29 tədbirində imzalanacaq vəd sənədi COP28 tədbirində kosmik agentlilərin görüşündə qəbul edilmiş öhdəlik sənədinin bir növ davamı və növbəti COP tədbirləri üçün qlobal əməkdaşlığı, ölkələrin təcrübə mübadiləsini, iqlim dəyişikliyinin mənfi nəticələrini vaxtında və effektiv şəkildə yumşaltmağın həlledici yollarını ortaya qoyan bir sənəd olacaq.

* * *

Dünya azərbaycanlıları COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar bəyanat yayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən Fins.az-a daxil olan bəyanatda deyilir:

“Biz xaricdə yaşayan azərbaycanlılar ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən ekoloji siyasəti, qlobal ekoloji böhran şəraitinin yaratdığı problemlərin aradan qaldırılması istiqamətində Azərbaycanın atdığı mühüm addımları və səmərəli fəaliyyətini təqdir edir, 2024-cü il noyabrın 11-22-də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsini olduqca vacib sayır, bu tədbirin dünyada ətraf mühitin qorunmasına mühüm töhfələr verəcəyinə inanırıq.

Sevindirici haldır ki, bu gün 30 il ərzində Ermənistan tərəfindən ekoloji terrora məruz qalmış Qarabağda, işğaldan azad edilmiş digər ərazilərdə bərpa-quruculuq işləri aparılır, ekoloji təhlükəsiz mühitin təmin olunması üçün zəruri infrastruktur yaradılır. Qarabağ, Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonaları elan edilib. Qarabağda təkcə su elektrik stansiyalarından deyil, habelə külək, günəş elektrik stansiyaları kimi alternativ və bərpaoluna bilən enerji növlərindən də istifadə ediləcək.

Paytaxt Bakıda və digər böyük şəhərlərimizdə avtomobil parkının yenilənməsi, ekoloji cəhətdən təmiz elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması, bu tip avtomobillərin ƏDV-dən azad edilməsi, parkların, yaşıllıqların salınması, “Yaşıl enerji” zonalarının yaradılması da ölkəmizdə ekologiyanın qorunmasının bariz nümunələridir.

Təqdirəlayiq haldır ki, bu gün ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli istiqamətində ixtisaslaşmış ictimai təşkilatlar, o cümlədən IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi də mühüm işlər görür, genişmiqyaslı layihələr həyata keçirir.

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına, yəni COP29-a ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzunun bariz göstəricisi, Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır. Bu məqsədlə Sizin Sərəncamınızla 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması bir daha sübut edir ki, qlobal ekoloji böhran şəraiti və onun cəmiyyət üçün yaratdığı problemlər, bu problemlərin həlli yolları günümüzün ən aktual məsələlərindən biridir.

Son zamanlar, xüsusilə də COP 29 ərəfəsində biz xaricdə yaşayan azərbaycanlılar ölkəmizə qarşı bir mərkəzdən idarə olunan və sistemli xarakter daşıyan fəaliyyətin şahidi oluruq. Belə ki, Azərbaycanın öz siyasi, iqtisadi, hərbi gücünə həll etdiyi keçmiş Qarabağ münaqişəsinin yenidən “canlanmasına” cəhdlər göstərilməkdədir.

Bir daha bəyan edirik ki, Azərbaycan öz gücünə otuz illik işğala və haqsızlığa son qoymaqla təkcə öz milli maraqlarını deyil, həm də beynəlxalq hüququn aliliyini və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib.

Biz xaricdə yaşayan azərbaycanlılar xalqımıza böyük zəfər qazandırmış, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycanın inkişafı naminə göstərdiyi xidmətləri və taleyüklü məsələlərin həllində göstərdiyi qətiyyəti təqdir edir, onun rəhbərliyi ilə Azərbaycanın bundan sonra da inkişaf edəcəyinə və yeni-yeni zirvələr fəth edəcəyinə əminliyimizi bildiririk.

Təsadüfi deyil ki, bu il Azərbaycanda keçirilmiş 7 fevral növbədənkənar prezident seçkilərində xaricdə yaşayan azərbaycanlıların təşəbbüsü ilə yaradılmış “BİZ - Zəfər Yoluna Davam!” platforması xaricdəki Azərbaycan icmalarının Vətənə bağlılığının, dövlətimizin milli maraqlarının keşiyində möhkəm dayanmalarının bariz nümunəsi olmuş, Azərbaycan diasporunun siyası yetkinliyinin, azərbaycançılıq ideologiyasına sadiqliyinin göstəricisinə çevrilmişdir.

Bu gün BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan yer üzündə sülhün və təhlükəsizliyin bərqərar edilməsi naminə yeritdiyi siyasət sayəsində dünya dövlətləri arasında layiqli yer tutmuşdur.

İnanırıq ki, ölkəmiz digər qlobal səviyyəli tədbirlərdə olduğu kimi, COP29-un da yüksək səviyyədə təşkilinə nail olmaqla, yekdilliklə ona göstərilmiş etimadı doğruldacaq, dünyada ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli istiqamətində mühüm irəliləyişlərə öncüllük edəcəkdir”.

Qeyd edək ki, bəyanatı 271 diaspor qurumunun rəhbəri və nümayəndəsi imzalayıb.

* * *

7 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno arasında telefon danışığı baş tutub.

XİN-dən Fins.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov ilk növbədə İspaniyada baş vermiş daşqınlar səbəbilə həyatını itirmiş şəxslər və təbii fəlakətin digər fəsadları ilə bağlı başsağlığı mesajını yenidən ifadə edib.

Daha sonra tərəflər iki ölkə arasında əməkdaşlıq perspektivlərini müzakirə edib və mövcud əməkdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Telefon danışığı zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, iki ölkə arasında bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

* * *

Noyabrın 20-də Bakıda COP29 çərçivəsində “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək.

Fins.az xəbər verir ki, Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçiriləcək tədbir “Şəhər nəqliyyatının yaşıllaşdırılması” mövzusunun tematik olaraq dərindən öyrənilməsinə həsr ediləcək.

Dəyirmi masanın təşkilatçıları Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Beynəlxalq Nəqliyyat Forumu (ITF) və BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramıdır (UN-Habitat).

Tədbirlə bağlı ətraflı məlumatı bu linkdən əldə etmək olar.

* * *

BƏƏ COP29-da iştirakı çərçivəsində ölkənin milli pavilyonunu təqdim edəcək və qlobal iqlim gündəmində əhəmiyyətli irəliləyişin təşviqinə yönəlmiş 60-dan çox tədbir və dialoqlar keçirəcək.

Fins.az xəbər verir ki, BƏƏ xarici işlər nazirinin enerji və dayanıqlı inkişaf üzrə köməkçisi Abdulla Əl Balalaa ölkənin milli pavilyonunun təqdim ediləcəyi və qlobal iqlim gündəmində əhəmiyyətli irəliləyişin təşviqinə yönəlmiş 60-dan çox tədbir və dialoqların keçiriləcəyi COP29-dakı iştirakının təfərrüatını bölüşüb.

“COP29 ortaq iqlim yolumuzda həlledici məqamdır”, – o bildirib.

O qeyd edib ki, BƏƏ konsensusunun qlobal istiləşməni 1,5°C dərəcə qədər məhdudlaşdırmaq üçün zəmin yaratmasından bir il keçib.

“Bu, bizi yeni öhdəliklərə yaxınlaşdırır, çünki ölkələr İqlim Dəyişikliyi ilə bağlı planlarını təqdim etməyə hazırlaşırlar. BƏƏ bu mühüm tədbirin keçirilməsində Azərbaycanın liderliyini dəstəkləyərək, enerji keçidini irəliyə aparacaq iddialı əməkdaşlığa sadiqdir”, - Abdulla Əl Balalaa deyib.

BƏƏ-nin “birgə fəaliyyətin sürətləndirilməsi” mövzusuna həsr olunmuş pavilyonu Mavi zonada yerləşəcək və burada hökumət rəsmiləri, sənaye mütəxəssisləri, alimlər və gənc liderlər iqlim mövzusunda əsas məsələləri müzakirə edəcəklər.

Pavilyonda proqramlar iqlim dəyişikliyi ilə mübarizəyə maliyyə dəstəyinin səfərbər edilməsindən, cənub ölkələrinin dekarbonizasiya prosesinin dəstəklənməsindən və süni intellektin qida və su təhlükəsizliyində roluna qədər geniş mövzulara həsr ediləcək. Digər müzakirələr AIM4Climate və manqrov meşələri üzrə irəliləyiş kimi iqlim təşəbbüslər çərçivəsində tərəfdaşlıqları, həmçinin, 2026-cı ildə BƏƏ və Seneqalın birgə təşkil edəcəyi BMT Su Resursları Konfransına hazırlıq planlarını əhatə edəcək.

BƏƏ pavilyonunda COP28-in mirası və BƏƏ-nin konsensus nailiyyətləri də daxil olmaqla mühüm mərhələlər nümayiş olunacaq. Bioloji müxtəliflik, ərzaq və su dayanıqlılığı, həmçinin dairəvi şəhərlərə diqqət yetirən pavilyon iqlimə davamlı gələcək üçün birgə həll yollarına ilham vermək məqsədi daşıyır.

Seçilən
26
2
fins.az

10Mənbələr