AZ

“Onlara şəhid statusu vermək olmaz...” - Milli Məclisdə GƏRGİN MÜZAKİRƏ

Mili Məclisdə kreditlər və  valyutadəyişmə məntəqələri ilə bağlı təkliflər verildi

Noyabrın 7-də  Milli Məclisin növbəti iclası keçirildi. Spiker Sahibə Qafarova Zəfər günü ilə bağlı çıxış etdi: “Dörd il bundan əvvəl noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz Vətən müharibəsində Zəfər yürüşünü qələbə ilə başa çatdırmışlar. 44 gün ərzində cəsur əsgər və zabitlərimizin Qarabağ torpağında hər addımı, azad edilmiş torpaqlarda yüksəldilən bayrağımızla Azərbaycanın qanuni hüquqları bərpa edildi. 8 Noyabr Zəfəri sayəsində əzəli torpaqlarımızın 30 illik işğalına son qoyulması təkcə bizim ölkəmiz üçün deyil, həm də türk dövlətləri, bütün dünya üçün tarixi bir hadisədir”.

S.Qafarova daha sonra təklifini səsləndirdi: “İcazə verin, tarixi qələbələri Azərbaycana bəxş etmiş Ali Baş Komandana, Silahlı Qüvvələrin əsgər və zabitlərinə, qazilərimizə minnətdarlığımızı bildirək və onları ürəkdən təbrik edək. Təklif edirəm, Zəfər günü münasibətilə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq. Azərbaycan xalqının və dövlətinin rifahı və tərəqqisi naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulayaq”.

Deputatlar təbrik məktubunun göndərilməsini alqışlarla dəstəklədilər.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc də şərəfli tariximizdən bəhs etdi: “Düz bir əsr əvvəl, Vətən müharibəmizin başlandığı tarixlə eyni günlərdə beynəlmiləl irtica ilə savaşa qalxan böyük Atatürk əsgərlərinə deyir ki, siz yalnız düşməni deyil, millətin tərsinə gedən taleyini də yendiniz. Həqiqətən parlaq sözlərdir. 44 günlük müqəddəs müharibə xalqımızın Qurtuluş savaşı olduğu üçün Prezident İlham Əliyev təkcə Ermənistanı deyil, eləcə də çoxəsrlik tariximizin köçkünlük, qaçqınlıq, soyqırım və matəm keçmişini də məğlub etdi. 8 noyabr Zəfəri yeni yüz ilimizin başlanğıcı, Qələbə təqviminin birinci ilidir. Xankəndi salnaməsi onun nəticəsi və davamıdır”.

Komitə sədri Fazil Mustafa öncə Zəfər günü ilə bağlı fikirlərini bölüşdü. O, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə  2020-ci ildə Şuşanın azad edilməsi arasında paralellik apardı. Bildirdi ki, Şuşanın azad edilməsi bütövlüyümüzü təmin etdi. Millət vəkili bu bütövlüyün daha geniş spektrlərdə, bütün Türk dünyasında əksini tapmasını zəruri saydı. Ortaq ordunun, ortaq türk dilinin yaradılması istiqamətində təşəbbüsləri alqışladı.

Daha sonra F.Mustafa mühüm bir problemdən bəhs etdi. Bildirdi ki, Azərbaycanda mövcud olan problemlərdən biri təhsil problemidir. Onun sözlərinə görə, müəllimlərin iş yerlərinin yaşadıqları ünvanlardan çox-çox uzaqda olması təhsil prosesinə öz mənfi təsirini göstərir: “Orta məktəblərdə təxminən 150 min müəllim çalışır. Ancaq onların yerləşdirilməsi məsələsi qüsurludur. Yasamal rayonunda yaşayan müəllim 3 marşrut dəyişərək Kürdəxanıya dərs deməyə gedir. Yaxud mərkəzdə yaşayan müəllim Qaradağda dərs deməyə gedir. Düşünürəm ki, bunu qruplaşdırmaq olar və bunu etmək nə böyük bir problemdir ki?” Deputat dedi ki, müəllimin də qayğıları, sosial problemləri var və vaxta qənaət onun üçün vacibdir: “Gün ərzində 4-5 saatı yola sərf edən müəllim də çalışacaq ki, dərsi tez başa vurub evinə getsin. Heç şübhəsiz ki, bu da təhsil, tədris prosesinə öz mənfi təsirini göstərir”. Deputat qeyd etdi ki, tıxacların yaranmasının bir səbəbi də elə budur: “150 min müəllimin yerləşməsini elə sistemləşdirməliyik ki, onlar vaxtında məktəbə çata bilsinlər. Bu, məktəbdə dərsin keyfiyyətinə də təsir edir. Müəllimin də ailəsi var, sosial həyatı var. Bu məsələni həll edə bilməsək, təhsildə problemlər qalacaq. Azərbaycanda Çindəki qədər milyonlarla müəllim yoxdur ki, onların problemləri həll olunmasın. Ona görə də bu məsələnin diqqətdə qalmasını istəyirəm”.

İclasda Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında qanun layihəsi müzakirə olundu, namizədliyi irəli sürülən şəxslər təsdiqləndi. Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxış edərək namizədlərə uğurlar arzulamaqla yanaşı, ictimaiyyəti narahat edən məsələlərə diqqət çəkdi. Komitə sədri dedi ki, banklar tərəfindən verilən kreditlər orta və kiçik sahibkarlara sərf etmir: “Kredit faizləri aşağı salınmalıdır. Kredit faizləri aşağı salınmalıdır ki, sahibkarlar yeni obyektlər aça bilsin, güzəştlərdən yararlana bilsin.  Digər bir tərəfdən, vaxtilə ölkədə 207 bank var idi. Bu gün Mərkəzi Bank daxil olmaqla, 22 bank fəaliyyət göstərir. Bankların sayı azdır. Ölkədə regional və beynəlxalq banklar açılmalıdır”.

Azərbaycanda 60-70 valyutadəyişmə məntəqəsinin olduğunu deyən S.Novruzov COP29-un keçirildiyi günlərdə qonaqlar üçün çətinliklərin yarana biləcəyindən bəhs etdi. Bildirdi ki, şənbə günü bir bank valyuta dəyişir: “Belə çıxır 100 min adam sıraya düzülüb gözləyəcək ki, valyuta dəyişsin. Dünyanın hər yerində bunlar fəaliyyət göstərir. Valyutadəyişmə məntəqəsinin açılması çox vacibdir”. Komitə sədri əmanətlərin sığortalanması üçün 100 min yuxarı həddin qoyulduğunu da qeyd etdi: “Belə olan halda vətəndaşı məcburdur ki, pulunu sandıqda saxlasın. Başa düşürəm, bank riskə getmək istəmir. Amma əmanəti götürüb kreditlər verməklə də qazana bilərlər”.

Deputat həmçinin aztəminatlı ailələrin uşaqlarının təhsil haqlarının ödənilməsinə diqqət çəkib: “Biz bilirik ki, bankların çoxu şəhid və qazi ailələrinin borclarını siliblər, ona görə də təşəkkür edirik. Amma aztəminatlı ailələrin təhsil haqlarının ödənilməsi məsələsi də gündəmdə olmalıdır. Bankların hər biri ən azı 10-20 aztəminatlı ailənin təhsil haqlarını öz üzərinə götürə bilər. Bununla bağlı dünyada hər bir ölkədə təcrübələr var”. S.Novruzov onu da bildirdi ki, mənzillərin tikintisi ilə bağlı uzunmüddətli kreditlərin verilməsi Azərbaycanın gələcəyi üçün vacibdir.

Deputat Qüdrət Həsənquliyev çıxışında dedi ki, namizədlərin hər birinə səs verəcək. Amma onlara ünvanlanan suallarının olduğunu da bildirdi: “Azərbaycan Respublikasının Prezidenti 2016-cı ilin dekabrında, Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsini təsdiq etdi və orada iqtisadiyyatımızın sürətli inkişafını təmin etmək üçün 4 hədəf müəyyən olundu. Həmin hədəflərdən birincisi monetar siyasət üzrə üzən məzənnəyə keçidin təmin olunmasından ibarət idi”.

Deputat qeyd etdi ki, orada mərhələlər üzrə 2020-ci və 2025-ci ilə qədər olan dövr müəyyən olunmuşdu: “Artıq bu dövrlər başa çatır və biz hələ də üzən məzənnəyə keçməmişik. Yeni təyin olunanların bu məsələyə münasibətini öyrənmək istəyirəm. İkinci bir məsələ. Mən zaman-zaman parlamentin iclaslarında məsələ qaldırırdım ki, niyə Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsi yerli kommersiya banklarında saxlanılmır ki, Azərbaycan sahibkarlarının ucuz kreditlərə çıxışı təmin olunsun. O cümlədən Mərkəzi Bank da öz ehtiyatlarını kommersiya banklarında aşağı faizlərlə saxlaya bilər ki, sahibkarlar ucuz kreditlər əldə etsin”. Millət vəkili ardınca bunları söylədi: “Məsələn, bu ilin 10 ayı ərzində iqtisadiyyatımıza cəmi 12 milyard manat investisiya qoyulub ki, bu da ölkəmiz üçün çox kiçik bir rəqəmdir. Çox təəssüf ki, banklar birgə layihələrdə iştirak eləmirlər və onu maliyyələşdirmirlər. Bundan başqa, bilirik ki, son illər Azərbaycanda 20-dən artıq bank bağlanıb. Ona görə də əhalinin banklara olan etimadı azalıb. Hörmətli Siyavuş Novruzov da bunu qeyd elədi. Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmov vaxtilə deyirdi ki, evlərdə 10 milyard dollara qədər vəsait saxlanılır. Yəni hansı tədbirlər görülməlidir ki, o vəsait iqtisadiyyatımıza yatırılsın, vətəndaşların banklara inamı bərpa olunsun? Bu baxımdan hesab edirəm ki, Mərkəzi Bankın üzərinə çox böyük iş düşür və Mərkəzi Bank bu istiqamətdə konkret addımlar atmalıdır. Mərkəzi Bankın üzvlərinin bu barədə məlumat verməsini arzu edirəm. Mən 2 milyard manatın gətirilib yerli banklarda yerləşdirilməsini təklif edəndə, o zaman Elman Rüstəmov deyirdi ki, bizim iqtisadiyyatımız bu vəsaiti həzm edə bilməz. Amma biz özümüz hər il beynəlxalq maliyyə qurumlarından həmin faizlərlə və dövlət zəmanəti ilə milyardlarla vəsait kreditlər götürürük. Ona görə də həmin vəsaitlərin bir hissəsinin gətirilməsi barədə onların fikirlərini öyrənmək istəyirəm".

İclasda “Torpaq icarəsi haqqında” Qanuna təklif olunan əlavə və dəyişikliklər üçüncü oxunuşda təsdiqləndi. Layihəyə əsasən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək. Layihədə qeyd olunur ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın aqrar təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.

“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi ikinci oxunuşda təsdiqləndi. Deputat Siyavuş Novruzov layihə barədə danışarkən təsadüfi qəzalar nəticəsində həlak olanların istəklərinə cavab olaraq bildirdi ki, avtomobil qəzası nəticəsində dünyasını dəyişən hərbçiyə şəhid statusunun verilməsi qanunvericiliyə uyğun deyil. O qeyd etdi ki, şəhid adı döyüş vaxtı ən yüksək amallar uğrunda dünyasını dəyişmiş şəxslərə verilir: “Amma çox vaxt müddətdən artıq xidmət keçmək haqqında hərbi müqavilə bağlamış və ya çağırış əsasında xidmət keçənlər hərbi formada avtomobil qəzasına düşəndə və ya günvurmadan dünyasını dəyişirsə, onun valideynləri şəhid statusu tələb edirlər. Bu da düzgün deyil. Onlara şəhid statusu vermək olmur, bununla bağlı müraciətlər etməsinlər. Belə hallar qanunvericiliyimizə uyğun deyil”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

Seçilən
17
2
musavat.com

3Mənbələr