AZ

Zəfər ayının müəllifləri

Azərbaycan müstəqillik illərinddə xalqımızın tarixini daha da zənginləşdirən bir sıra mühüm nailiyyətlərə imza atıb. Təbii ki, bu günümüz və gələcəyimiz üçün müstəsna önəm daşıyan həmin uğurların əldə olunduğu günlər də əbədiləşdirilib. Hazırda içində olduğumuz noyabr Azərbaycan üçün bayramlar, əlamətdar tarixlər ayı kimi səciyyələndirilə bilər. Bu aya təsadüf edən bayramlarımızın adları bir-birindən fərqlənsə də, onların hamısı müstəqil dövlət quruculuğu ilə bağlıdır. Digər ümumiləşdirici amil isə ondan ibarətdir ki, noyabr ayına təsadüf edən bayramların xalqımızın və respublikamızın həyatına daxil olması bilavasitə Ulu Öndər Heydər Əliyevin və onun siyasi varisi Prezident İlham Əliyevin fəaliyyətləri sayəsində mümkün olub. Beləliklə, yaşadığımız noyabr ayına aşağıdakı əlamətdar tarixlər təsadüf edir:

8 noyabr - Zəfər Günü

9 noyabr - Dövlət Bayrağı Günü

10 noyabr - Üçtərəfli Bəyanatın imzalandığı gün

12 noyabr - Konstitusiya Günü

17 noyabr - Milli Dirçəliş Günü

21 noyabr - Yeni Azərbaycan Partiyasının yaranma günü

Hər bir azərbaycanlının sonsuz qürur mənbəyi olan böyük Qələbə

Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamı ilə respublikamızda hər il noyabrın 8-i Zəfər Günü kimi qeyd olunur. Bu tarixin Zəfər bayramı kimi qeyd olunması Müzəffər Ordumuzun 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində böyük Qələbəyə imza atması ilə bağlıdır. Zəfər günü son 200 illik tariximizin ən şanlı səhifəsidir. Xalqımıza sonsuz sevinc və qürur yaşadan Qələbənin memarı isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

Prezident İlham Əliyev Azərbaycana rəhbərliyinin ilk dönəmlərindən başlayaraq ölkəni ərazi bütövlüyümüzün təmin olunması uğrunda haqq mübarizəsinə hazırladı. 44 günlük müharibədə qazanılan Qələbə tariximizdə əbədi qalacaq. Zəfər bayramının noyabrın 8-də qeyd edilməsi də təsadüfi deyildir. Qəhrəman hərbçilərimiz xalqımızın qəlbində xüsusi yeri olan əziz Şuşa şəhərini məhz 8 noyabr 2020-ci il tarixində düşmən tapdağından azad etməyə nail olmuşlar. Məhz Şuşanın işğaldan azad olunmasından sonra düşmən məğlubiyyətini dərk edərək iki gün sonra kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı.

Ölkənin bütün ərazisində əzəmətlə dalğalanan üçrəngli bayrağımız

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımızın yenidən Azərbaycanın dövlət rəmzlərindən biri kimi qəbul edilməsi bilavasitə böyük siyasətçi Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımız üçrəngli bayrağımızın yenidən dövlət rəmzi kimi təsdiqlənməsinin sevincini Naxçıvan Ali Sovetinin Heydər Əliyevin Sədrliyi ilə keçirilən 1990-cı il 17 noyabr tarixli sessiyasında çıxarılan tarixi qərarlarla yaşadı. Sessiyada Heydər Əliyevin təşəbbüsü əsasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı və dövlət rəmzi kimi qəbul olundu. Bu, xalqına bağlı olan böyük siyasətçinin milli təəssübkeşliyinin, vətənpərvərliyinin və cəsarətinin ifadəsi idi. Bu tarixi hadisə imperiyanın hələ ayaqüstə olduğu, qılıncının dalının da, qabağının da iti kəsdiyi bir dövrdə baş vermişdi. Sonradan - 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi.

Ötən dövrdə respublikamızda üçrəngli bayrağımıza həm dövlət, həm də cəmiyyət səviyyəsində münasibət daha da möhkəmlənib. Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb. Bəhs olunan sənədə əsasən ölkəmizdə hər il 9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Qalib Azərbaycanın şərtləri əsasında imzalanan üçtərəfli bəyanat

Üç onillik ərzində Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazilərinin 20 faizini işğal altında saxlayan və yeni ərazilər tutmaq iddialarından çıxış edən işğalçı Ermənistanı cəzalandırmaq lazım idi və bunu Azərbaycan 44 günlük Vətən müharibəsində etdi.

Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə də noyabrın 8-də Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı və Ermənistanın öz məğlubiyyətini etiraf etməsi ilə nəticələndi.  Bundan sonra noyabrın 10-da qalib Azərbaycanın şərtləri əsasında hazırlanan və məğlub Ermənistan üçün kapitulyasiya aktı sayılan üçtərəfli bəyanat imzalandı. Həmin sənədə əsasən Ermənistan Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana döyüşsüz qaytarmağa məcbur oldu.

Vətəndaşlara geniş təminatlar verən Konstitusiya

12 noyabr 1995-ci il tarixində müstəqil Azərbaycanın ilk Konstitusiyası (Əsas Qanunu) ümumxalq səsverməsi-referendum yolu ilə qəbul edilib. Bu Əsas Qanun hazırlanarkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınıb. Əsas Qanunun qəbul edilməsi ilə ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində yeni mərhələnin təməli qoyuldu.

Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi böyük siyasətçi Heydər Əliyevdir. 1995-ci ilin may ayında yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiqləndi. Komissiya Heydər Əliyevin Sədrliyi ilə fəaliyyət göstərirdi. O, Konstitusiyanın ən təkmil formada hazırlanmasını qarşıya məqsəd qoymuşdu.

Müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və qəbul edilməsi Heydər Əliyevin dövlətçilik tariximizdə ən böyük xidmətlərindən biridir. Sənədi dəyərləndirən Heydər Əliyev deyirdi: “Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsaslar yaradıbdır, bütün təminatları veribdir”.

Ölkəmizin Əsas Qanununun müəllifi olan Heydər Əliyev, həm də Konstitusiyanın qəbul olunduğu 12 noyabrın ölkədə bayram kimi qeyd olunması təşəbbüsü ilə çıxış edib. Onun 1996-cı il 1 noyabr tarixində imzaladığı fərmana əsasən hər il noyabrın 12-si müstəqil Azərbaycanda Konstitusiya Günü kimi qeyd edilir.

Xalqın milli ideyalar uğrunda bir yumruq kimi birləşdiyi gün

Ötən əsrin səksəninci illərinin sonlarından başlayaraq keçmiş ittifaq məkanında bir sıra proseslər başladı. Artıq çürümüş imperiyanın əsl mahiyyəti aydınlaşır, uzun illər təlqin olunan kommunist beynəlmiləlçiliyinin puç olduğu üzə çıxırdı. 1988-ci ilin əvvəlindən etibarən Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başladı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində iğtişaşlar törətdilər. Onlar tarixi torpağımız olan Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana  birləşdirilməsini tələb edirdilər. Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. 1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan indiki Azadlıq meydanında keçmiş sovet hakimiyyətinin xalqımıza qarşı apardığı siyasətə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin izdihamlı mitinqi başlandı. Bütün xalq bir yumruq kimi birləşmişdi. Bu, əsl xalq, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində keçmiş sovet qoşunları ümumxalq mitinqini dağıtmağa nail olsalar da, sonradan xalqımızın müstəqillik uğrunda mübarizəsi dönməz bir məcraya yönəldi.

Qələbələr partiyası

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi sayılan Yeni Azərbaycan Partiyası  “91-lər”in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransında yaradılıb.

Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın Sədri Heydər Əliyevin prezident seçilməsi, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrildi. Yeni Azərbaycan Partiyasının Sədri 1992-2003-cü illərdə Heydər Əliyev olub. 2005-ci ildən isə YAP-ın Sədri İlham Əliyevdir.

Yeni Azərbaycan Partiyasının namizədləri 1993, 1998, 2003, 2008, 2013, 2018 və 2024-cü illərdə baş tutan Prezident seçkilərində qalib gəlib. 1993 və 1998-ci illərdə Heydər Əliyev, 2003, 2008, 2013, 2018, 2024-cü illərdə isə İlham Əliyev Azərbaycan Prezidenti seçilib.

1995, 2000, 2005, 2010, 2015, 2020 və 2024-cü illərdə keçirilən parlament seçkilərində də Yeni Azərbaycan Partiyası qalib gəlib. 125 üzvdən ibarət olan Milli Məclisdə YAP 1995-ci ildə 53, 2000-ci ildə 77, 2005-ci ildə 63, 2010-cu ildə 71, 2015-ci ildə 74, 2020-ci ildə 70, 2024-cü ildə isə 68 deputatla təmsil olunub.

Qatıldığı bütün seçkilərin qalibi olan və sıralarında 800 minə yaxın üzvü birləşdirən YAP dünənin, bu günün, gələcəyin partiyasıdır.

Mübariz FEYİZLİ

Seçilən
15
yeniazerbaycan.com

1Mənbələr