Azad ərazilərdə 30 min nəfər yaşayır
Böyük Qayıdışın təməlinin qoyulduğu Cəbrayılın Cocuq Mərcanlı kəndindən başlayan doğma yurda geridönüşün 2020-ci ildə qazanılmış Zəfərdən cəmi 2 il sonra Zəngilan rayonunda inşa edilmiş “Ağıllı kənd”ə köçlə yeni səhifəsi açılıb. 30 ilə yaxın məcburi köçkün həyatı yaşayan insanların mərhələli şəkildə öz doğma dədə-baba yurdlarına qayıdışı geniş vüsət almağa başlayıb. Bu proses sürətlə və fasiləsiz davam etməklə Laçın şəhəri, Zabux və Sus kəndlərinə, Suqovuşan, Füzuli, Şuşa, Xocalı, Cəbrayıl və Xankəndinə qayıdışı da təmin edib. Bugünədək işğaldan azad olunmuş ərazilərimizə 9 minə yaxın keçmiş məcburi köçkün köçürülüb ki, bu da qısa dövr üçün olduqca böyük göstəricidir.
Yerli sakinlərin sayı 9 min nəfər olsa da...
Azad ərazilərimizdə əbədi məskunlaşan doğma sakinlərin sayı 9 min nəfər olsa da, ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurda bundan 3 dəfə çox insan yaşayır. Nəhəng quruculuq meydanına çevrilmiş bu bölgədə daha da böyüyən bərpa-quruculuq işlərinə, kommunal və sosial infrastrukturların qurulmasına, habelə yaşayış binalarının və kəndlərin salınmasına, inzibati binaların, obyektlərin, turizm və xidmət müəssisələrinin tikintisinə minlərlə insan cəlb edilib. Bölgədə yol, körpü, qaz, su, kanalizasiya, işıq, rabitə xətlərinin çəklişi, məktəb, xəstəxana, uşaq bağçası, idman, mədəniyyət evləri, mağaza və s. tikililərin inşasına saysız şirkət və podratçı təşkilatlar qoşulub. Bu layihələrdə inşaat, yenidənqurma, təmir, quraşdırma, konstruksiya, təchizat, avadanlıq və digər işlərdə 30-a yaxın şirkətin 2000-dən çox işçisi fəaliyyət göstərir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əhalinin qayıdışının təmin edilməsi ilə paralel şəkildə müxtəlif sosial və istehsal obyektləri, emal, sosial-iqtisadi xarakterli müəssisələr də inşa edilir. Həmin şəhər və kəndlərdə orta məktəb və uşaq bağçalaırı, tikiş müəssisəsi, çörəkbiçirmə sexləri, mağaza və marketlər fəaliyyət göstərir ki, buarada yüzlərlə insan çalışır. Eləcə də, bölgədə “KapitalBank”ın və digər bankların filialları, “Asan” və “Dost” Xidmət mərkəzləri, “Azərcell”, “Bakcell”, “Nar” şirkətinin, digər rabitə və mobil operatorların xidmət müəssisləri, iri supermarket və ticarət mərkəzləri, “Azərenerji”, “Azəriqaz”, “Azərpoçt”, Su Ehtiyatları Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər qurumların yerli idarələri fəaliyyət göstərir ki, onların əməkdaşlarının sayı bir neçə min nəfərə bərabərdir.
Tikinti, təmir, təchizat və digər layihələrdə minlərlə insan çalışır
Bu bölgədə hotel və turizm obyektlərinin əsası qoyulub, bir neçə hotel istifadəyə verilib. Şuşada “Qarabağ” və “Xarıbülbül” hotelləri fəaliyyət göstərir, Suqovuşanda böyük turizm istirahət kompleksinin yaradılması işləri davam etdirilir, Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hoteli, Xankəndidə “Qarabağ” və “Palace” hotelləri istifadəyə verilib. Təkcə, hotel və istirahət mərkəzlərində 400-dən çox insan işləyir. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verilib və burada da yüzlərlə insan çalışır.
Bölgədə 20-dən çox tikinti şirkəti fəaliyyət göstərir. Həmçinin, dövlət-özəl tərəfdaşlığı proqramı çərçivəsində böyükhəcmli infrastruktur və tikinti işləri icra olunmaqdadır, bu inşaat işlərinə 10-a yaxın özəl şirkət cəlb edilib. Təkcə, Ağdam şəhərində özəl tikinti şirkəti “PMD Group” və podratçı şirkətlər tərəfindən icra edilən inşaat işlərində 300-dən çox işçi çalışır. Həmin şirkət digər podratçıları Suqovuşan, Hadrut və digər yerlərdə də inşaat işlərinə qoşub ki, burada da yüzlərlə insan işlə təmin olunub.
Bölgədə 5 mindən çox sahibkarlıq subyekti fəaliyyət göstərir
Azad ərazilərdə iri sənaye şirkətləri, biznes subyektləri, kənd təsərrüfatı və aqrar fəaliyyətlərlə məşğul olan mülkiyyətçilər, turizm, xidmət, ticarət, ictimai iaşə və digər kommersiya növləri ilə məşğul olan minlərlə sahibkar məskunlaşıb. Onların sırasında 2 il əvvəl istifadəyə verilmiş Zəngilan rayonundakı “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksində 200-dən çox insan çalışır. Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” və Ağdam Sənaye Parkında 10-dan çox müəssisə fəaliyyət göstərir ki, burada yüzlərlə insan işləyir. Həmçinin Türkiyə, İsrail, Rusiya və digər ölkələrə məxsus sahibkarlar da bu ərazilərdə bir neçə investisiya layihəsi icra etməkdədir. Türkiyə şirkətlərindən “Eti Bakır A.Ş.”, “Artvin Maden A.Ş.”-nin 100-dən çox nümayəndəsi burada fəaliyyət göstərir.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”na əsasən, bölgədə sahibkarlar üçün geniş meydan açılıb. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 170-dən çox biznes layihəsi icra olunur, müxtəlif iqtisadi sektorlarda fəaliyyət göstərən mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin sayı 5 mindən çoxdur.
Bütün bu çoxşaxəli layihələrin sırası genişlənir və azad ərazilərdə əbədi məskunlaşan sakinlər və burada çalışan insanların sayı daha da artacaq.
ELBRUS CƏFƏRLİ