AZ

İqtisadi potensialın güclənməsi üçün yeni imkanlar yaranıb

Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra iqtisadi potensialının güclənməsi üçün yeni imkanlar yaranıb.  Hazırda həyata keçirilən müasir inkişaf ideologiyasına əsaslanan yeni sosial-iqtisadi artım modeli iqtisadiyyatın qarşıdakı illərdə daha da böyüməsi üçün dərin zəminlər hazırlayır. İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov “Yaşıl iqlim maliyyəsi və karbon qiymətqoyma siyasəti” mövzusunda keçirilən seminarda bildirib ki, ölkəmizin ortamüddətli iqtisadi proqramı olan “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası nəticəsində iqtisadiyyat hər il orta hesabla 3-4 faiz, qeyri-neft ÜDM-i isə illik orta hesabla 5 faiz artacaq. Yaxın 2 ildə sahibkarlıq sektorunun potensialları da güclənəcək və özəl sektorun iqtisadiyyatda payı 88 faizə çatdırılacaq.

İN-nin şöbə müdiri strategiyanın “yaşıl artım” hədəflərinin həyata keçirilməsində də mühüm əhəmiyyətindən bəhs edərək bildirib ki, sənədin icrası nəticəsində ölkə üzrə ümumi ərazidə yaşıllığın payı 12 faizdən 12,3 faizə qədər artacaq, istifadəyə yararsız torpaq sahələrinin payı 25 faizdən 15 faizədək azalacaq. Tullantıların təkrar emalı prosesinin əhatə dairəsi 20 faiz (regionlarda 10 faiz) təşkil edəcək. İqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə ekoloji təmiz nəqliyyat vasitələrindən və digər “yaşıl texnologiyalar”dan istifadə genişləndiriləcək. Elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payı 2026-cı ilədək 24 faizə çatdırılacaq.

Əlverişli xarici sərmayə mühitinin təmin edilməsi

Qeyd edək ki, 2022-2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf modelinin konsepti olan strategiya sənədi Azərbaycanda çoxsahəli inkişafın yeni keyfiyyət səviyyəsini müəyyən etmək məqsədi daşıyır. Həmin çərçivəyə əsasən, ölkəmizdə dayanıqlı, inklüziv iqtisadi artım templəri əsasında iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı mühüm prioritetlər müəyyənləşib. Strateji dövrdə inkişafın əsas sütunu qeyri-neft sektoru, bu sektorun əsas hərəkətverici qüvvəsi isə sahibkarlar ordusu hesab edilir. Dövlət həmin sütunların dinamikliyini artırmaq üçün qüvvəsini və resurslarını rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühitinin dəstəklənməsinə yönəldəcək. Həmçinin, real sektorun və sahibkarlığın maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, rəqabət qabiliyyətinin gücləndirilməsi, sahibkarlığın dəstəklənməsi və strateji  sahələrə investisiyaların təşviqi, eləcə də vergi-gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi üçün müvafiq addımlar atılacaq.

Hökumətin yürütdüyü siyasətə əsasən, qarşıdakı dövrdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi üçün əlverişli xarici sərmayə mühitinin təmin edilməsi və investorların innovasiya yönümlü sahələrə cəlb edilməsi əsas çağırışlardan biri olacaq.

Azad ərazilər vahid iqtisadiyyatın dəyər zəncirinə cəlb edilir

Yeni inkişaf modeli işğaldan azad olunmuş ərazilər də əhatə edilməklə vahid iqtisadiyyat - müasir dəyər zəncirinin qurulmasını da təşviq edir. Bu  ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasının təmin edilməsi, əlverişli biznes mühitinin və vergi-gömrük təşviqlərinin əhatəsinin daha da artırılması nəzərdə tutulur. Belə ki, ərazilərə yüksək texnoloji tutumlu investisiyaların cəlbi məqsədilə optimallaşma və stimullaşma tədbirləri davam etdiriləcək, burada çalışan biznesə dövlət dəstəyi tədbirləri, o cümlədən maliyyə təminatı imkanları yaxşılaşdırılacaq, kreditlərin və investisiyaların sığortalanması mexanizmi yaradılacaq.

Bu kompeks tədbirlərin icrası nəticəsində azad ərazilərdə “ağıllı” biznes modellərinin, iqtisadi zonaların, müasir istehsal infrastrukturu olan sənaye parkları və məhəllələrin, aqrar istehsal və aqrar emalı sahələrinin  yaradılması istiqamətində işlər görüləcək. Ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilməklə “yaşıl enerji zonası” konsepsiyası tətbiq ediləcək. Həmçinin, Qarabağ bölgəsinin turizm biznesi üçün cəlbedici, turistlər üçün əlçatan, unikal, keyfiyyətli və rəqabətli turizm xidmətləri təklif edən turizm destinasiyasına çevrilməsi layihələri icra olunacaq. Nəticədə, ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payı davamlı artacaq.

Qeyri-neft sektorunun ÜDM-də payı 77,8 faizə çatacaq

Beləliklə, azad ərazilərin iqtisadi gücü vahid inkişaf konseptinin tərkib hissəsi olmaqla milli iqtisadiyyatın və dəyər zəncirinin ayrılmaz hissəsinə çevriləcək. Bu isə ölkəmizin artım və dəyər potensialını əhəmiyyətli dərəcədə böyüdəcək. İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş proqnozlara əsasən, 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcək. 2028-ci ildə isə ÜDM-in 150,8 milyard  manata, o cümlədən qeyri-neft ÜDM-in həcminin 117,2 milyard manata qədər artacağı gözlənilir. Orta müddətdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft ÜDM-in isə 5 faiz olacağı proqnozlaşdırılır. 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3 faiz artacağı ehtimal edilir. Bu dinamika sonrakı illər üzrə davamlı şəkildə yüksələcək və 2028-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payı daha da artaraq 77,8 faizə çatacaq, neft-qaz sektorunun payı isə 22,2 faizə bərabər olacaq.

E.CƏFƏRLİ

Seçilən
26
yeniazerbaycan.com

1Mənbələr