AZ

"Makkeyni bizə daha ciddi dəstək verirdi..." - Arif Hacılı

Donald Trampın ABŞ-da yeni prezidentlik dönəmində necə davranacağı haqqında indidən fikir bildirmək çətindir. Çünki seçki kampaniyası dövründə verilən açıqlamalar və vədlərlə gerçək funksiyaları icra etmək arasında bəzən ciddi fərqlər olur. Trampın Qarabağ barədə, eləcə də ermənilərin Azərbaycan ərazisini tərk etməsi ilə bağlı seçki kampaniyası dövründə açıqlamaları ümid edək ki, erməni lobbisindən dəstək almaq üçün deyilmiş fikir idi.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Müsavat Partiyasının Məclis sədri Arif Hacılı deyib.

“Gələn il yanvarın 20-də dövlət başçısı kimi fəaliyyətə başlayacaq Trampın Ukrayna, Yaxın Şərq məsələsinə gerçək münasibətinin nədən ibarət olduğuna dair aydın təsəvvür yaranacaq. Çünki seçki kampaniyası dövründə səslənən populist fikirlərlə real fəaliyyət fərqli yanaşmaları ortaya çıxara bilir”, - deyə o əlavə edib.

Məclis sədri hesab edir ki, Donald Tramp Azərbaycan, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqlə bağlı seçki dövründə səsləndirdiyi fikirlərə yox, ABŞ-ın mənafelərini, bəşəriyyətin maraqlarını ifadə edən mövqeyə uyğun fəaliyyət göstərmək məcburiyyətində qalacaq: “ABŞ-dakı seçkilər Azərbaycanın daxili siyasətinə həlledici təsir göstəmir. Çünki Azərbaycanda olan siyasi qüvvələr, o cümlədən müxalifət ABŞ-ın hər hansı strukturlarından asılı deyil. Qanun da buna imkan vermir. Respublikaçılar və Demokratlar arasında müqayisə isə tamam fərqli bir yanaşma tələb edir”.

Arif Hacılı bildirib ki, əslində, Azərbaycanda demokratik qüvvələrə ən ciddi dəstək verən şəxs senator Con Makkeyni olub: “O Respublikaçılar Partiyasının liderlərindən biri idi. Demokratlar Partiyasının isə irəli sürdüyü dəyərlər, seçki kampaniyası dönəmində səsləndirdiyi insan haqqları və demokratiya ilə bağlı fikirləri fərqli rakursda olub.

Tramp isə daha çox Amerikanın daxili siyasətinə, rifah halının yaxşılaşmasına, ABŞ-ın güclü, təsirli dövlətə çevrilməsi istiqamətində açıqlamlar səsləndirirdi. ABŞ-dan kənarda yaşayan siyasətçilər, demokratiya və azadlıqlar uğrunda mübarizə aparanlar üçün bu daha cəlbedici görünürdü. Ancaq onun siyasətinin nə olacağını gələn ilin ilk aylarında daha dəqiq analiz etmək mümkün olacaq”.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
14
teleqraf.com

1Mənbələr