AZ

Yeni Türk intibahının başlanğıcı

Sabir RÜSTƏMXANLI,
Xalq şairi

Milli azadlıq, müstəqillik, zəfər, milli qurtuluş yüz illər boyu həsrətini çəkdiyimiz, lüğətimizdə olsa da, həyatımızda olmayan sözlərdir. İndi bu sözlər və bu sözlərin arxasında duran unudulmaz hadisələr həmişəlik olaraq xalqımızın yaddaşına və təqvimimizə köçmüşdür. Zəfər bayramını bizə 2020-ci il noyabr ayının 8-də, Şuşanı fəth edən qəhrəman əsgərlərimiz hədiyyə etdilər. Həmin ilin dekabr ayında Azərbaycan Prezidentinin Fərmanı ilə Şuşada qazanılan Qələbə Zəfər bayramı kimi rəsmiləşdi. Ordumuzun bu rəşadəti bütün Qələbə arzularımızın yekunu və Yeni Türk intibahının başlanğıcı oldu.

Torpağımızın hər qarışı bizə əzizdir, lakin Şuşanın düşmən əlindən alınmasının son dərəcə böyük tarixi, mənəvi, psixoloji əhəmiyyətini hər birimiz bilirik. Azərbaycanın sənət zirvəsi, Qarabağ xanlarının baş kəndi, mədəniyyətimizə qızıl səhifələr yazmış böyük sənətkarların ata ocağı olan Şuşanın ermənilər tərəfindən işğalı hər birimiz üçün bir utanc mənbəyi idi və bunun məsuliyyətini bütün xalq daşıyırdı.

Üzeyir bəyin musiqisinə sakit qulaq asa bilmirdik. Vaqifin, Zakirin, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Yusif Vəzir Çəmənzəminlinin əsərlərini oxuyanda gözümüz dolurdu. Onların ruhları bizə dinclik vermirdi.

Paşinyan başda olmaqla Ermənistan rəhbərlərinin və Dağlıq Qarabağ faşistlərinin Şuşada qol açıb oynamaları yadımıza düşəndə xəcalət çəkirdik.

Azərbaycan Ordusu Şuşanı azad etməklə qürurumuzu qaytardı. Son dörd ildə Qarabağda baş verən hadisələr Azərbaycan tarixinin ən parlaq səhifələri siyahısındadır.

30 il ərzində Qarabağda törədilmiş vəhşiliklərin, son iki əsrdə bütün Cənubi Qafqazda qətlə yetirilən Azərbaycan türklərinin təsəvvürə gəlməz qanlı faciələrinin, Ermənistandan qovulan soydaşlarımızın üzləşdikləri zülmlərin cavabı böyük Qələbə, böyük Zəfər ola bilərdi. Amma 1988-ci ildən başlanan erməni terroru və torpaq iddiaları qələbəyə qədərki 32 ildə Azərbaycan xalqını çox ağır sınaqlardan keçirtdi. Dağlıq Qarabağdan və Ermənistandan çıxarılmış insanların qaçqın, köçkün həyatı sözlə ifadə edilə bilməyən bir faciə dastanıdır; sinəmizə çəkilən dağdır, yaradır və onun sağalması hələ çox çəkəcək.

Bu yaranı indi azad olunmuş Qarabağda görülən işlər, rayonlarımızın yenidən dirçəlişi, salınan yeni şəhərlər, kəndlər sağalda bilər.

30 il tarix üçün qısa bir zamandır. Ancaq bu illər bütöv ailələri məhv etdi; saysız-hesabsız insanın arzuları yarımçıq qaldı. Qarabağda əsrlərdən yadigar qalan abidələrimiz, hər biri bir sənət əsəri sayıla bilən gözəl evlərimiz dağıdıldı, qəbiristanlıqlarımız şümlandı. Zəfər bayramı fantastik bir loğman kimi yavaş-yavaş bu yaraları sağaldır.

Əslində, biz ən ağır günlərdə, SSRİ-nin silahlı qüvvələrinin yardımı ilə Azərbaycan torpaqlarını işğal edən erməni faşisminin qabağında əliyalın vəziyyətdə nə qədər sarsıntılar keçirtsək də, böyük güclərin, ATƏT-in Minsk qrupunun on illərlə davam edən oyunbazlıqlarının və ermənipərəst siyasətinin şahidi olsaq da sonda qələbəmizə inamımızı heç vaxt itirməmişdik. Çünki hər bir azərbaycanlı Ermənistanın bizim torpağımızda yaradılmış, kökü olmayan bir dövlət olduğunu, ərazilərimizdən kəsilib verilən yerlər hesabına şışırdildiyini, bütün iddəalarının əsassızlığını yaxşı bilirdi. Hər zaman bu inamla yazıb, bu inamla danışmışıq.

1988-ci ilin 23 noyabrında meydana toplaşmış bir milyon insana üz tutub demişdim: “Biz Azərbaycan torpağının, yəni babalarımızın min illər ərzində qoruyub saxladığı torpağın bir qarışını belə heç kəsə verən deyilik! Biz Azərbaycan torpağına uzanan yad əllər kəsilməyənə qədər sakit olan deyilik!”.

1989-cu ilin 10 oktyabında “Azərbaycan” qəzetində yazırdım: “... İnamımız sarsılmazdır! Çünki, işimiz haqq işidir və xalqın gücü kimi sarsılmaz bir qüvvəyə arxalanırıq”!

O ilin 11 noyabrında yenə həmin qəzetdə yazırdım: “Sınmaq, dərdə boyun əymək, ürəyimizi çürütmək olmaz! Xalqın böyüklüyü ağır günlərdə, öz haqqını, torpağını, yurdunu müdafiə günlərində bəlli olur”.

1990-ci ilin 22 iyununda erməni tərəfində bizə qarşı vuruşduqlarına görə Azərbaycan hərbçilərinin əsir aldığı 6 rus əsgərinin azad edilməsinə kömək göstərməyimi məndən xahiş edən bir rus ziyalısına yazmışdım: “Yəqin ki siz, Rusiyanın tanınmış hüquqşünası və ictimai xadimi olaraq yaxşı bilirsiniz ki, “cavan uşaqlar” dediyiniz muzdlu rus əsgərləri Azərbaycana qarşı işğalçılıq müharibəsində iştirak edib, neçə-neçə azərbaycanlının qanını töküb, evlər yandırıb, rabitə vasitələrini partladıblar. Bütün bunlar sübut olunubdur.

...Məni yandıran təkcə itirilən torpaqlarımızın və müharibə qurbanlarının dərdi deyil, o torpaqları inanıram ki, biz gec-tez qaytaracağıq; məni yandıran bu boyda faciəni görən dünyanın özünü karlığa və korluğa vurması, insanların buz laqeydliyidir. Biz Xocalı, Şuşa, Kəlbəcər və s. bölgələrimizdə vəhşiliklə məhv edilmiş uşaqların, qocaların, qadınların ölümünə ağlayanda təəssüf ki, bircə nəfər rus ziyalısının – köhnə dostlarımızın səsini eşitmədik”

1992-ci ilin iyun ayında Nyu-Yorkda keçirilən Türkiyə–Amerika Cəmiyyətləri Asambleyasının keçirdiyi II Türk dünyası Konfrasındakı çıxışımı bu sözlərlə bitirmişdim: “8 milyonu Arazdan şimalda, təxminən, 30–35 milyonu da İranda, İraqda yaşayan bu millət (1992-ci ilin sayıdır – S.R.) gələn əsrdə həmin regionun taleyini həll edən bir gücə çevriləcəkdir. Azərbaycan öz torpaqlarını qoruyacaq, Azərbaycan haqq yolundadır, onu müdafiə etmək haqqa və Allaha tapınmaqdır”.

1994-cü ilin yayında, ermənilərin özlərini qalib kimi apardıqları günlərdə söz terrorçusu Silva Kaputikyanın bir məqaləsinə cavab olan “Mağaraya dönüş” adlı məktubda yazırdım: “Siz qonşularınız olan azərbaycanlıları Ermənistandan sonuncu nəfərə kimi qovanda – milli evinizi – “milli mağaranızı” quranda məğlub olmuşdunuz... Siz o illər ərzində körpələrinizin ürəyini, beynini nifrət zəhəri ilə zəhərləyəndə, “onlar pisdir, nələri varsa bizimdir” və s. cəfəngiyyatla onları ömürlük xəstələndirəndə, nəsillərinizi imandan, xeyirxahlıqdan məhrum edib, heç vaxt həyata keçməyəcək qondarma ideyalarla boğazlarına zəncir salanda məğlub olmuşdunuz.

Siz Quqarxda uşaqlarımızı diri-diri basdıranda, qadınların kürəyinə siqaret basanda, dünya müharibələrinin görmədiyi vəhşilikləri törədəndə, qulaq-göz qəniməti axtaranda, ibtidai insanlar kimi baş dərisini soyub, ölülərin ruhunu da təhqir edəndə məğlub olmuşdunuz”.

2010-cu ildə Uqandada İslam Konfransı Təşkilatı ölkələrinin Parlament İttifaqındakı çıxışında demişdim: “ Biz öz torpaqlarımızı azad edəcəyik, haqlı olduğumuzu bütün dünyaya göstərəcəyik. Lakin sizin yardımınız olsa, bu iş sürətlənər. Soyqırım uzaq tarixdə deyil, bizim günlərdə, Xocalıda Azərbaycan türklərinə qarşı yapılmışdır və ermənilər, heç şübhəsiz, bunun cavabını görəcəklər”.

Müxtəlif beynəlxalq qurumlarda və diaspor təşkilatlarımızda çıxışlarımın hamısı bu cür inamla doludur. Mən hələ bu ruhda yazılmış və bəziləri Qələbə marşlarına çevrilmiş şeirlərimi demirəm.

Ordumuzun qələbəsi həm də sözümüzün qələbəsinə çevrildi; sözümüzə güc qatdı və ədəbiyyatımıza yeni-yeni mövzular verdi.

8 noyabrda Şuşanın fəthi xəbərini eşidəndən sonra “Qarabağa dönüş” adlı bir poema yazmışam. Sözümü həmin poemadan bir parça ilə yekunlaşdırıram:

Arxada qaldı divar, öndə düşmən səngəri,
Səngərin o üzündə ruhumuzun şəhəri.
Pənah xanın, Vaqifin, Natəvanın şəhəri,
Zirvələrə köklənən tar-kamanın şəhəri.
Hər həyətdən yollara aşan qızıl gülləri,
Canlı güllər eşqinə oxuyan Bülbülləri.
Nəcəf bəyin ocağı, Əhməd bəyin yuvası,
Hacıbəyli nəslinin bitməz Vətən qovğası.
Gah tarixə əl atdı, gah bu günü dindirdi,
Üvertüra üstündə milləti sevindirdi.
Həm bulaq zümzüməsi, həm okean səsiydi,
Üzeyir musiqisi – ruhun möcüzəsiydi...
Söz-söhbəti dillərdə, kefi daim çağ olan,
İşi – sənət, musiqi, yazıb-yaratmaq olan,
Dağı, daşı, torpağı tarixdən bu yana sirr,
Bir qaraçı nəslinə qala bilərmi əsir?
Səsim, sözüm, musiqim bu qayanın üstündə,
Məni kim endirəcək bu qayanın üstündən?
Bu səngərdə yenilsən divardan enmək olmaz.
Şuşanı fəth etmədən geriyə dönmək olmaz...
Əsgər fürsət bilincə çiskinli gecələri
Dumanla qatılaşıb bu bələdçi qaranlıq.
Səsindən işıqlanıb şəhərin küçələri,
Addımından oyanır yatan ruhlar bir anlıq.
Mürgülü keşikçilər göz açıb-qırpanacan
İçirlər nuşi-canla ölümün şərbətini.
Nə anlaya biliblər hara uçub getdi can,
Nə sözə növbə çatıb anlada heyrətini.
Göyün dumanı kimi qondu düşmən başına
Yerdən, göydən gəldiyi bilinməyən bir əsgər.
Mərmi, güllə başına dolu kimi yağsa da
Yürüşü pozulmayan, ələnməyən bir əsgər.
Səsi çıxmazdan qabaq ağzından çıxır canı.
On ölkədən gələnin əcəli burda çatır...
Düşmən bir də ayılır, yollarında Şuşanın
Məscidə doldurduğu donuz sürüsü yatır.
Döşünə döyən ordu qanqal kimi biçilib,
Leş-leşin üstündədir, oyanmaz bu yuxudan.
Düşmən siçana dönüb, düşmən elə kiçilib
Silahla bir-birinə saldırır qorxusundan.
Günahsız körpələrin qanı tutub gözünü,
Hesabat verməlidir bu qiyamət günündə.
Qorxudan ağlı çaşıb, biçir özü-özünü,
Bir ordu qaçıb gedir yüz əsgərin önündən.
İntiqam səhnəsini qəsdən uzadır gecə,
Yalvarışlar dağıdır dağların yuxusunu.
Dumana qarışaraq yerə üz sürtüb keçən,
Əsgər aslana dönüb qovur it ilxısını.
Dabanına tüpürüb generalı, zabiti,
Tankın, topun üstündən tullanaraq qaçırlar.
Arvad-uşaq qatili dözmür ər döyüşünə,
Tülkü texnikasını qullanaraq qaçırlar.
Şuşanın dolayları dönüb şahmar ilana,
Sağ çıxanlar bu yolda ərisinlər, itsinlər.
Heç kim cəsarət edib boylanmasın dalına.
Açılıb Laçın yolu – qoy rədd olub getsinlər!
Şuşanın gecəsindən yad nəfəsi hayların
Sökülüb atılınca astaca sökülür dan.
İşığı qayıdıbdır Günəşlərin, Ayların
Müqəddəs bayrağımdır gecəni aydınladan!...

                                    ***

Bu gün türkün bayramı, işğalçının yasıydı,
Allahın hökmü ilə yazılmışdı bu yazı.
Onun “bəla” dediyi Allahın balasıydı.
Xocalı qırğınının alınmışdı qisası.
Ordum Cəbrayıldadır, Arazdan bir az bəri,
Arada sıx meşələr, neçə cəbhə xətti var.
Düşmən hələ bilmir ki, savaşın dahiləri –
Adsız qəhrəmanlarım – Yaşma igidləri var.
Allahın hökmü ilə yazılmışdı bu yazı,
Millətimin zilləti axır çatmışdı sona.
30 illik həsrətin alınmışdı qisası,
Bir milyon göz baxırdı öz viranə yurduna!

Seçilən
11
xalqqazeti.az

1Mənbələr