AZ

Müqəddəs Vətən savaşı, misilsiz Zəfər yürüşü

2020-ci ilin 8 noyabr günündən bizi, sanki, 4 il yox, heç 4 gün də ayırmır. 30 il gözlədiyimiz Qarabağın azadlığı uğrunda 44 günlük Vətən müharibəsi və onun Şuşanın fəthi ilə başa çatan Zəfər zirvəsi ötən 4 il ildə həmişə bizimlə olub. 3 il sonra Qarabağda gerçəkləşdirilmiş antiterror tədbirləri də həmin 44 günün nidası kimi qəbul edildi. Bir sözlə, 4 ildir ki, hər gün əvvəlki 30 ilin acısını əritməkdə olan Zəfərin şirinliyini dadmaqdayıq.

2020-ci il sentyabr ayının 27-də Azərbaycanın müstəqillik və dövlətçilik tarixinin yeni bir səhifəsi açıldı. Həmin gündən etibarən xalqımız Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında dəmir yumruğa çevrilərək Vətən müharibəsinə qalxdı, təxminən, 30 il davam edən erməni işğalına son qoyulması üçün azadlıq mübarizəsinə qoşuldu. Qərbin ermənipərəst dövlətləri və qüvvələri tərəfindən himayə olunan və onların siyasi, mənəvi və hərbi dəstəyi ilə ən adi beynəlxalq normaları ayaq altına alan erməni faşizminə müharibənin elə ilk günündə sarsıdıcı zərbə vuruldu. Ermənistan tərəfindən Azərbaycana qarşı 2020-ci il sentyabr ayının 27-də növbəti dəfə qəfil irimiqyaslı təcavüzə qərar verilsə də, əslində, bu təxribat gözlənilən idi. Çünki son iki ildə Ermənistan rəhbərliyinin Azərbaycana qarşı apardığı davakar və hədələyici siyasət bunu deməyə əsas verirdi. Belə ki, Azərbaycan tor paqlarının işğalının rəsmiləşdirilməsi və zorla qəbul etdirilməsi üçün Ermənistan rəhbərliyi hər cür təxribatlara əl atırdı. Ermənistan rəhbərliyi isə edilən xəbərdarlıqlara qulaq asmadı və 2020-ci il sentyabr ayının 27-də qarşıya qoyduğu məqsədə çatmaq üçün yenidən hərbi təxribat yolunu tutdu.

Həmin gün səhər tezdən Tərtər rayonunun Qapanlı, Ağdamın Çıraqlı və Orta Qərvənd, Füzulinin Alxanlı, Şükürbəyli və Cəbrayılın Cocuq Mərcanlı kəndləri iriçaplı silahlardan atəşə tutuldu. Nəticədə, mülki əhali arasında dünyasını dəyişənlər və yaralananlar oldu. Adları çəkilən rayonlardakı infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə sentyabr ayının 27-də səhər saat 6.00-dan etibarən cavab tədbirləri görməyə başladı.

Qoşun bölmələri düşmənə layiqli cavab vermək üçün başlanğıc vəziyyətə gətirildilər. Erməni hərbi təxribatının miqyası və xarakteri qiymətləndirildikdən sonra təmas xətti boyunca yerləşən hərbi qüvvələrə 7.30-dan etibarən kütləvi zərbə endirilməsi əmri verildi. Əlavə olaraq raket-artilleriya və aviasiya qüvvələri düşmənə sarsıdıcı zərbə vurulmasına cəlb olundu. Bu qüvvələrin qarşısında düşmən müdafiəsinin dərinliklərində yerləşən hərbi obyektlərə və hərbi qüvvələrə ağır zərbə vurulması tapşırığı qoyuldu.

Bununla, Ermənistanın hərbi təxribatlarının qarşısının alınması üçün başlanan əks-hücum əməliyyatının ilk mərhələsinin başlanğıcı qoyuldu. Bütünlükdə, üç mərhələdə yekunlaşan bu müharibənin ilk mərhələsində Azərbaycanın hərbi qüvvələri qarşısında dayanan vəzifələr əkshücum əməliyyatının hazırlanması, ilk eşelonda yerləşən Azərbaycan qüvvələrinin müdafiəsinin dayanıqlığına nail olunması, düşmənə kütləvi atəş zərbəsinin endirilməsi, əks-hücum üçün başlanğıc vəziyyətin tutulması, əsas qüvvələrin hücuma keçməsinin təmin edilməsi, düşmənin birinci eşalonda yerləşmiş qüvvələrin müdafiəsinin yarılması və digərləri idi.

Əsgər və zabitlərimiz ilk gündən yalnız irəli getdilər. Qəhrəman oğullar atəşləri yarıb keçdilər, cəhənnimin üstündən ötdülər. 44 gündə bir nəfər də fərari olmadı. Düşmən isə qoşun-qoşun məğlub oldu, qaçmağa üz qoydu. Azərbaycan Ordusu tarixin ən mükəmməl savaşını apardı. Çünki bu əsl Vətən savaşı, Haqq döyüşü idi. Ölkəmiz bu müharibəyə hərtərəfli hazırlıq görmüşdü, üstəlik, xalqın 30 illik intiqam enerjisi toplanmışdı.

Ermənistanın Azərbaycana qarşı irimiqyaslı hərbi təxribatının başlanması ilə əlaqədar savaşın ilk günündə Prezident, Alli Baş Ko0mandan İlham Əliyevin rəhbərliyi altında ölkənin Təhlükəsizlik Şurasının iclası çağırıldı. Bu iclasdakı proqram xarakterli çıxışı zamanı İlham Əliyev Ali Baş Komandan kimi erməni hərbi təxribatlarının qarşısının alınması üçün irəlidə hansı vəzifələrin dayandığını müəyyənləşdirdi və onu bütün xalqa çatdırdı.

Həmin vəzifələr, əslində, bəlli hədəfləri ifadə edirdi – Ermənistanın Azərbaycana qarşı işğalına son qoymaq, respublikanın ərazi bütövlüyünü təmin etmək və qaçqın və köçkünləri öz yurdlarına döndərmək. Ali Baş Komandan müharibədə ölkəmizin qələbəsinə qəti inamını belə ifadə etdi: “Mən əminəm ki, bizim uğurlu əkshücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! 30 ilə yaxın da vam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Mən müxtəlif dövrlərdə dəfələrlə demişəm ki, bizə bu məsələnin, bu münaqişənin yarımçıq həlli lazım deyil. Biz öz torpağımızdayıq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verən deyi lik”.

Bu müharibə bütün parametrlərinə görə Azərbaycan üçün Vətən müharibəsi oldu. Beynəlxalq hüquq normalarına, Dağ lıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin tələblərinə məhəl qoymayan Ermənistan üçün isə bu müharibə işğalçılıq siyasətinin davamı idi. Vətən müharibəsinin başlanması ilə Ali Baş Komandan kimi İlham Əliyev əməliyyatların planlaşdırılmasını, əməliyyat istiqamətlərinin müəyyənləşdirilməsini, respublikanın hərbi gücünün cəbhəyə səfərbər olunmasına rəhbərliyi, siyasi-diplomatik fəaliyyətin müharibənin tələbləri üzərində qurulmasının təşkilatçılığını, uyğun informasiya mühitinin formalaşdırılmasının təşəbbüskarlığını öz üzərinə götürdü.

İlk gün xalqımıza ilk qələbəsini qazandırdı. Düşmən geri oturdulmağa başladı, xalqımız Zəfər əhvalına kökləndi. Günün birinci yarısında artıq bəzi istiqamətlərdən erməni silahlı qüvvələrinin müdafiə xətləri yarıldı. Nəticədə, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, günün ikinci yarısında isə Murov dağ silsiləsində Murov zirvəsi erməni işğalından azad edildi. Murov zirvəsinin azad edilməsi ilə Ağdərə–Vardenis avtomobil yolu Azərbaycan Ordusunun nəzarəti altına düşdü.

Adları çəkilən yaşayış məntəqələri Vətən müharibəsinin gedişində azadlığına qovuşmuş ilk yaşayış məntəqələri oldular. Bu məntəqələrin azad edilməsindən əlavə, gün ərzində erməni hərbi qüvvələrinin atəş mövqelərinə və hərbi texnikasına da sarsıdıcı zərbə endirildi. Müharibənin elə ilk gününün nəticələri göstərdi ki, güclü olması haqqında yalan çı mif yaradılmış quldurlaşmış Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin qüdrəti qarşısında gücsüz və acizdir. Mütəxəssislər də qeyd edirdilər ki, öz gücünə yersiz arxayınçılığa varmış Ermənistan ordusu yeni başlanan müharibədə XX əsrin 90-cı illərinin hərbi taktikasına istinad edirdisə, Azərbaycan XXI əsrin müharibəsinin aparılmasına qadir olduğunu nümayiş etdirdi.

Sentyabr ayının 27-dən başlayaraq Azərbaycan Ordusunun müzəffər yürüşünün başlanğıcı qoyuldu və həmin gündən başlayaraq Azərbaycanın hərbi qüvvələri hər gün yeni-yeni Vətən torpağının azad edilməsinin böyük sevincini Azərbaycan xalqına yaşatdı. Bu hünəri müzəffər Ali Baş Komandan belə dəyərləndirirdi: “Hər gün biz irəliyə gedirdik, 44 gün ərzində bir gün də olmayıb ki, biz geri çəkilək. Bir gün də olmayıb ki, hansısa məsələni biz həll etməyək. Hər gün səhər mənim tərəfimdən hər günün döyüş-əməliyyat planı təsdiq edilirdi, günün sonunda da təhlil olunurdu. Biz bunun nəticəsində qısa müddət ərzində böyük Qələbə qazana bilmişik, öz doğma torpaqlarımızı düşməndən azad edə bilmişik”.

Bu 44 günlük qzadlıq və qəhrəmanlıq yürüşünün zirvəsi olan Şuşanın fəthi azğın düşmənin diz çöküb təslim aktını imzalaması ilə nəticələndi. Şuşa döyüşü hərb tariximizin ən uca zirvəsini təşkil etdiyinə və çağdaçş tariximizə Zəfər günü kimi yazıldığına görə bir hərbi tarixçi kimi bu barədə daha ətraflı söz açmaq istəyirəm.

Əsası qoyulduğu gündən Azərbaycanın milli və mədəniyyət mərkəzi olmaqdan əlavə Şuşa şəhəri həm də qərar tutduğu məkan etibarilə ətraf bölgənin nəzarət altında saxlanması üçün xüsusi hərbi-strateji əhəmiyyət kəsb edirdi. Bu mənada bu şəhərin azad edilməsi və yenidən Azərbaycan dövlətinin nəzarəti altına qaytarılması Ermənistanın işğalçılığına son qoyulması və respublikanın ərazi bütövlüyünün təmin edilməsi üçün ciddi hərbi-siyasi üstünlüyə yol aça bilərdi.

Ona görə də Vətən müharibəsinin gedişində Şuşa şəhərinin azad edilməsi, bu şəhərdə milli ruhun bərpa edilməsi istəyi Azərbaycan xalqının və onun dövlət rəhbərliyinin diqqət mərkəzində dayanan mühüm məsələlərdən biri idi. Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də təsdiq edirdi və bildirirdi ki, Şuşasız bizim işimiz yarımçıq olardı: “Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Təbii ki, müzakirələr prosesində də hər zaman bu məsələ gündəlikdə idi. Amma mənim mövq-eyim hər zaman belə olub ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq”.

2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsindən sonra cənub bölgəsində fəaliyyət götərən Azərbaycan qüvvələrinin əsas zərbə gücü Laçın və Şuşaya doğru istiqamətləndirildi. Amma İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa şəhərinin azad edilməsi üçün konkret addımların atılmasına Hadrutun erməni hərbi qüvvələrindən təmizlənməsindən sonra başlandı. Ali Baş Komandan bu barədə bildirirdi ki, oktyabrın 9-da Hadrutun “azad edilməsindən sonra biz Şuşaya istiqamət götürdük. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq biz Şuşanı işğalçılardan azad etdik”.

Hadrutun azad edilməsi Şuşaya aparan yolun nəzarət altına alınması baxımından hərbi əhəmiyyət kəsb edirdi. Bu qəsəbə erməni işğalından azad edildikdən sonra əsas diqqət ətraf yaşayış məntəqələrinin və Füzulinin azad edilməsinə istiqamətləndirildi. Şuşa istiqamətində uğurlu hücuma başlanması həm də göstərilən yaşayış məntəqələrinin azad edilməsindən asılı idi. Burada planlaşdırılan döyüşlərin aparılmasınaa xüsusi təyinatlı qüvvvələr daha fəal şəkildə cəlb edildilər. Hərbi rəhbərliyin qərarına əsasən bölgədəki xüsusi təyintlı qüvvələr iki dəstəyə bölündülər. Birinci dəstəyə Füzuli–Xocavənd, ikinci dəstəyə isə Hadrut–Şuşa istiqamətində irəliləmək əmri verildi. İki gün ərzində aparılan döyüşlər nəticəsində Füzulinin bir-neçə yaşayış məntəqəsi, Hadrut–Qarakollu yolu, bir neçə böyük yaşayış məntəqəsi və strateji yüksəklik ələ keçirildi.

Erməni hərbi-siyasi rəhbərliyi Azərbaycanın hərbi qüvvələrinin Şuşaya həm də Hadrutdan keçməklə hücum edəcəyini gözləyirdi. Bunun qarşısının alınması üçün Hadrutdan Qırmızı Bazara aparan yolun şimal-qərbindəki dağ yüksəkliklərində erməni hərbi qüvvələri möhkəmləndirilmiş müdafiə mövqeləri qurmuşdular. Belə bir ehtimal var idi ki, Azərbaycan Ordusu bu istiqamətdən Şuşaya doğru irəliləmək istəsə onda əlverişli mövqelərdən bu orduya güclü zərbə vurmaq mümkün olacaqdır. Qırmızı Bazardan keçən yolun ətrafında güclü müdafiə mövqelərinin qurulması erməni hərbi komandanlığının Qarabağın, xüsusilə Şuşa və Xankəndin qorunması üçün yaratdığı çoxeşelonlu müdafiə sisteminin tərkib hissəsi idi.

Ermənistan rəhbərliyinin planlarına görə, əgər cənubdakı aran ərazilərdə, xüsusilə Füzuli–Cəbrayıl istiqamətdindəki erməni müdafiə xətləri Azərbaycan Ordusu tərəfindən yarılmış olardısa, onda Hadrut-Qırmızı Bazar yolunun hər iki kənarındakı dağ yüksəkliklərində yaradılmış müdafiə xətti ilə Azərbaycan qüvvələrinin Şuşaya dorğu irəliləməsinin qarşısını almaq olardı. Bu yolun ermənilər tərəfindən bağlanması ilə Azərbaycan hərbi qüvvələrinin, hərbi texnikasının Şuşaya yaxınlaşmasına ciddi əngəllər yaradılmış olardı.

Hadrut-Qırmızı Bazardan keçməklə Şuşaya aparan yol hər iki tərəf üçün hərbi-strateji əhəmiyyət kəsb edirdi. Bu yol ilə irəliləmək Azərbaycan Ordusu üçün müəyyən itkilərlə müşayiət oluna bilərdi. Ona görə, Qırmızı Bazardan keçən yolun ətrafında hərbi gərginliyi saxlamaqla Azərbaycan Ordusunun bölmələri Hadrutdan başlayaraq yolsuz dağlıq və sıx meşəlik ərazilərlə Şuşaya doğru irəliləməyə başladılar.

Hadrutdan düz xətt boyunca Şuşaya qədər olan 50-60 kilometr məsafədəki sıldırım dağlı ərazilər o dərəcədə keçilməz ərazilər idi ki, erməni hərbi komandanlığı üçün Azərbaycan Ordusunun rəhbərliyi tərəfindən belə bir qərar veriləcəyi insan zəkasına sığışmayacaq bir seçim kimi qəbul edilirdi. Digər tərəfdən erməni hərbi-siyasi rəhbərliyi inanmırdı ki, Azərbaycan Ordusunun bölmələri hərbi texnikanın və pilotsuz uçuş aparatlarının köməyi olmadan erməni mövqelərinə doğru irəliləməyə cəsarət edə bilərlər. Amma Azərbaycan Ordusunun rəhbərliyi belə bir qərarı qəbul etdi. Bununla belə Azərbaycanın hərbi komandanlığı Hadrut–Xocavənd istiqamətində xeyli sayda qüvvə də saxladı ki, oradakı erməni qüvvələrinin Şuşanın müdafiəsinə yönəlməsinin qarşısı alınsın.

Həvalə edilmiş döyüş tapşırığının icrası üçün yaradıcı təfəkkürün ortaya qoyulması, gözlənilməzliyin, sürətin məntiqi seçimlə düzgün uzlaşdırılması, fiziki göztəricilər və mənəvi motivlər Azərbaycanın xüsusi təyinatlı qüvvələrinə imkan verdi ki, çox mürəkkəb coğrafi şəraiti arxada qoynaqla Şuşa şəhərinə yaxınlaşsın və bu şəhərin həndəvərindən yerləşmiş erməni hərbi qüvvələri ilə döyüşlərə başlasın. Hərbi aviasiyanın, raket-artilleriya qüvvələrinin fəal himayəsindən uzaq düşmüş Azərbaycan bölmələri kiçik dəstələrlə düşmənin müdafiə sahələrini tədri-cən zərərsizləşdirərək Şuşa həndəvərinə qədər təhlükəli və məsuliyyətli bir yol keçməli oldular.

Dağ yüksəkliklərində yaradılmış atəş nöqtələrindən erməni hərbi qüvvələrinin müqavimət göstərmək cəhdləri də Azərbaycan bölmələrinin irəliləməsinin qarşısını saxlaya bilmədi. 2020-ci il oktyabr ayının 29-30-da Azərbaycan Ordusunun bölmələri atrtıq Daşaltı kəndi ətrafında döyüşlər aparırdılar. Bu kənd Şuşanın qapısı hesab edilirdi və erməni hərbi komandanlığına aydın idi ki, bu kəndin işğaldan azad edilməsi erməni hərbi qüvvələrinin durumunu daha da ağırlaşdırlacaqdır.

Bu zamatəkcə Şuşa ətrafında deyil, eyni zamanda, Qubadlı və Xocavənd istiqamətdində də gərgin döyüşlər davam etdi. Bu şəhərlərin hər ikisi Şuşaya aparan strateji yolların üzərində yerləşirdi. Xocanvənddən keçən yol Qarabağın cənub-şərqindən Şuşaya çıxmaq imkanı verə bilərdisə, Qubadlıdan keçən yol isə Qarabağın cənub-qərbindən, Ermənistan sərhədi boyunca irəliləməklə Laçına çıxmaq və Laçın–Şuşa yolunu nəzarət altına almaq imkanı verə bilərdi.

Qubadlıdan Laçına aparan ensiz dağ yolu həm Ermənistan tərəfindən, həm də Laçın istiqamətindən erməni hərbi qüvvələrinin atəş nəzarəti altına alınmışdı. Coğrafi şəraitin xüsusiyyətlərinə görə, erməni hərbi qüvvələri böyük qüvvə cəlb etmədən də bu istiqaməti raker-artilleriya nəzarəti altına ala bilərdilər. Müşahidəçilər hətta onu da qeyd edirdilər ki, erməni hərbi-siyasi rəhbərliyi lazımi çevikliyi nümayiş etdirəcəyi təqdirdə Qubadlı istiqamətindəki Azərbaycan hərbi qüvvələrinə ciddi təhlükə də yarada bilərdi.

Noyabr ayının 3-də Laçın–Şuşa yolu hərəkət üçün bağlanıldı və hətta Ermənistandan Xankəndinə gəlmiş olan bir sıra jurnalistlər artıq bu yol ilə geri qayıda bilmədilər. Bununla eyni zamanda Qarabağdakı erməni qüvvələrinin Ermənistanla əsas təchizat yolu da bağlanmış oldu.

Şuşa şəhərinin azad edilməsi üçün Azərbaycan Ordusunun əldə etdiyi mühüm uğurlardan biri isə noyabr ayının 4-də Daşaltı kəndinin erməni işğalından azad edilməsi oldu. Bu kəndin azad edilməsi üçün Azərbaycanın ordu bölmələri, o cümlədən xüsusi təyintlı qüvvələr ciddi sınaqlarla qarşılaşmalı oldular. Bu kəndin azad edilməsi Azərbaycanın ordu bölmələrinə Şuşa ətrafında əlavə taktiki üstünlüklər yaratmaqla Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin Şuşaya girməsini də asanlaşdırmalı idi.

Daşaltı ətrafında tədricən güclü Azərbaycan dəstəsi formalaşdırılmışdı. Bu kəndin Şuşanın müdafiəsi üçün hansı əhəmiyyət kəsb etdiyini erməni hərbi-siyasi rəhbərliyi də yaxşı başa düşürdü. Ona görə də erməni hərbi komandanlığı da bura əlavə qüvvələr cəlb etməklə Azərbaycan Ordusunun hücumunun qrşısını almağa çalışırdı. Xüsusilə, Daşaltı kəndinə aparan yolu kənarında yerləşən 1431 və 1553 nömrəli hakim yüksəkliklərdə böyük sayda erməni qüvvələri yerləşdirilmişdi. Həmin yüksəklikləri işğaldanazad etmədən, Daşaltı kəndinə yaxınlaşmaq da mümkün deyildi.

Noyabr ayınnı ilk günlərindən etibarən Şuşa ətrafında hava şəraiti də mürəkkəbləşmişdi. Ona görə Azərbaycan bölmələri artilleriyanın və pilotsuz hava aparatlarının imkanlarından istifadə etmək məhdudiyyəti ilə qarşılaşmışdılar. Bu isə əlverişli coğrafi şəraitdə qərar tutan erməni hərbi qüvvələrinin daha yaxşı müdafiə olunmaq imkanlarını artırırdı. Onun nəticəsi idi ki, Azərbaycan bölmələri 1553 nömrəli yüksəkliyin ələ keçirilməsi üçün çox ağır bir döyüşə qatılmalı oldu. Həmin yüksəkliyin alınmasında xüsusi təyinatlı qüvvələri üç taboru iştirak edirdi.

(ardı var)

Mehman SÜLEYMANOV,
Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun professoru, tarix elmləri doktoru

Seçilən
11
xalqqazeti.az

1Mənbələr