AZ

Trampın qayıdışı, Makronun təşvişi: Vədlər yerinə yetiriləcək?

Donald Tramp Birləşmiş Ştatlar tarixinin ən kritik, gərgin keçən prezident seçkilərinin qalibi oldu. Seçicilər Kollegiyasında 277 səs yığan Tramp minimum 270 səsi təmin edərək demokrat rəqibi Kamala Harrisi məğlub etdi. Respublikaçıların prezidentliyə namizədi 132 ildən sonra məğlubiyyətin ardından Ağ Evə qayıdan ikinci ABŞ prezidenti kimi tarixə düşdü.

Yeni və köhnə prezident kritik dövrdə vəzifəsinin icrasına başlayacaq. Ona görə ki, dünyanı münaqişələr bürüyüb, Qəzzada, Ukraynada müharibə davam edir. Yeni prezidentin bu problemlərə necə yanaşacağı maraq doğurur.

Trampın yeni administrasiyasından nələri gözləmək olar? Yeni prezident ilk çıxışında bildirib ki, “güclü, təhlükəsiz və çiçəklənən Amerikaya nail olmayınca dincəlməyəcəyəm".

Trampın dəstəkçiləri onun həm ölkə daxilində, həm də ölkə xaricində ABŞ-ni "yenidən böyük" edəcəyinə inanırlar. Ona qarşı olanlarsa Trampın ABŞ-də demokratiyaya ziyan vuracağına dair xəbərdarlıq edirlər. Onun postsovet məkanına münasibəti də fərqlidir. Daha çox Rusiya ilə normal münasibətlərin olmasının tərəfdarıdır.

Bakı-Vaşinqton münasibətləri

Trampın prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri yüksək səviyyədə olub. Təsadüfi deyil ki, Trampı ilk təbrik edənlər arasında Azərbaycan Prezidenti İlham Əliyev də var. Təbrik məktubunda deyilir:

“Seçkilərdə qazandığınız inamlı qələbə dost Amerika xalqının şəxsən Sizə, yürütdüyünüz siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsidir. Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Əminəm ki, Azərbaycan-ABŞ dostluq münasibətlərinin güclənməsi, ölkələrimizin milli maraqları, o cümlədən milli təhlükəsizlik maraqları əsasında tərəfdaşlığımızın irəli aparılması yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.

Makron təşviş içində

Trampın təkrar dönüşü ABŞ-nin xarici siyasətini yenidən formalaşmasını, çoxsaylı cəbhələrdə potensial radikal dəyişikliklər vəd edir. Avropa təşviş içindədir. Məsələn, Fransa prezidenti Emmanuel Makron ciddi narahatdır. Trampın prezident seçildiyi xəbəri təsdiqləndikdən dərhal sonra Makron Almaniya kansleri Olaf Şoltsa zəng edib. Makron Şoltsla yeni durumu müzakirə edərkən “suveren Avropa” ideyasının reallaşdırılmasının vacibliyindən danışıb. Yəni Makronun məntiqinə görə, Avropa ABŞ-nin siyasi, iqtisadi və hərbi asılılığından qurtulmalıdır. “The Financial Times” dərgisinə görə, Avropa İttifaqının bir qisim məmuru da Trampın qələbəsindən qorxuya düşüb. Bu, əsassız deyil. Tramp, böyük ehtimalla, keçmiş prezidentlik dövründə Avropaya ünvanladığı tələbi təkrarlayacaq: “Təhlükəsizliyinizə yönəlik xərclərinizi artırın, ABŞ sizin yükünüzü daşımayacaq”.

Seçilən
18
1
publika.az

1Mənbələr