AZ

Qanunda boşluq tapdı: İllərdir oteldə pulsuz yaşayır

ABŞ-nin Nyu-York şəhərində bir oteldə tapdığı hüquqi boşluqdan istifadə edərək, 5 il heç bir ödəniş etmədən otelin sahibi olduğunu iddia edən Mikki Barretonun işi üzrə yeni qərar çıxarılıb.

News24.az xəbər verir ki, “New York Times” nəşrinin məlumatına görə, 2018-ci ildə “New Yorker” otelində bir gecə qalmaq üçün 200 dollar ödədikdən sonra Nyu-Yorkun kirayə qanununda boşluq olduğunu görən Barreto “daimi sakin” olduğunu iddia edərək, ödəniş etmədən otaqda yaşamağa davam edib.

Manhetten dairəsinin prokuroru Alvin Braqq bildirib ki, 49 yaşlı Barretonun psixi sağlamlıq problemləri və narkotik maddələrdən asılılığı ona proseslərin ciddiliyini dərk etməyə mane olub. Hakim Cori Veston Barretonun mühakimə olunmaq üçün yararsız hesab edildiyini və ona müvafiq psixoloji müalicə mərkəzində yerləşməsi üçün noyabrın 13-dək vaxt verdiyini bildirib.

Qeyd edək ki, 2018-ci ildə New Yorker otelinin 2565 nömrəli otağında bir gecə üçün 200 dollar ödəyən Barreto kirayə qanununda boşluqdan istifadə edərək otağın daimi sakini olduğunu iddia edib. 2019-cu ildə otelin mülkiyyət sənədinin ona məxsus olduğunu iddia edən Barreto oteldəki restoran sahibinə icarə haqqının qaldığı otağa ödənilməsini və otelin bank hesablarının ona köçürülməsini tələb edib.

Otelin vəkilləri bu hərəkətlərlə bağlı mülki və mənzil məhkəmələrinə müraciət edərək Barretonu oteldən çıxarmağa çalışsalar da, heç bir hüquqi həll yolu tapılmayıb. Fevral ayında fırıldaqçılıq və məhkəmə qərarlarına əməl etməmək kimi 24 ittihamla təqsirləndirilən Barreto otelin Şimali Koreyadakı kilsəyə aid olduğunu və pul axınının ABŞ sanksiyalarını pozduğunu iddia edərək, özünü müdafiə edib. Fevral ayında həbs edilən Barretonun pasportu müsadirə olunduqdan sonra zaminə buraxılıb.

Bu maraqlı işdə Barretonun psixi sağlamlıq problemlərinə görə mühakimə oluna bilməməsi hüquqi prosesin dayanmasına səbəb olub.

Aynurə


Seçilən
10
1
news24.az

2Mənbələr