AZ

Xalqımız 200 illik arzusunu reallaşdırdı – Millət vəkili

Yazını böyüt
Yazını kiçilt

Tarixi Zəfərimizin 4-cü ilini qeyd edirik. 8 noyabr ölkəmizin hər yerində böyük sevinc hissi ilə qeyd olunur.

Milli Məclisin deputatı Azər Badamov hafta.az-a açıqlamasında Zəfər Gününü xalqımızın şərəfli qəhrəmanlıq səhifəsi adlandırıb. O, bu gün xalqımızın üstündən “məğlub xalq” adının silinərək, “qalib xalq” yazıldığını deyir:

“Son 200 ildə xalqımız çoxlu haqsızlıq və soyqırımlarla üzləşib. Keçən əsrin 90-cı illərinin əvvəlində başlanmış Qarabağ müharibəsində isə Ermənistan ərazilərimizin 20%-ni işğal edərək 750 mindən çox azərbaycanılı öz doğma yurdlarında məcburi köçkün olmağa məhkum etmişdir. BMT Təhlükəsizlik Şurasında ərazilərimizin qeyd-şərtsiz azad olunmasına dair 4 qətnamə qəbul edilməsinə baxmayaraq, Ermənistan beynəlxalq hüququ heçə saydı. Bu qətnamələrin icrası və münaqişəni dinc yolla həll olunmasına mandat verilmiş ATƏT-in Minsk qrupu heç bir iş görmədi. Torpaqlarımızda erməni işğalını əbədiləşdirməyə çalışdı. Xalqımız bu məğlubiyyətlə barışmadı. 2003-cü ildə xalqın böyük dəstəyi ilə Prezident seçilən İlham Əliyevin qarşısına qoyduğu ən başlıca hədəf torpaqların işğaldan azad olunması ilə bağlı idi. Ölkəmizdə çoxsaylı islahatlar aparılaq iqtisadiyyat inkişaf etdirildi. Dövlət büdcəsindən ən çox maliyyə müdafiə sahəsinə ayrıldı. Ordumuz gücləndirildi, beynəlxalq təşkilatlarda ölkəmizin ədalətli mövqeyini müdafiə edən sənədlər qəbul etdirilərək hüquqi baza yaradıldı. Beləliklə, Zəfərə gedən yolun hazırlıq prosesi başa çatmaq üzrə idi.  Ermənistan reallığı dəyərləndirməyərək Azərbaycana "yeni ərazilər uğrunda yeni müharibə" ritorikası ilə çağırışlar etməyə başladı. O cümlədən, 2018-ci ildə hakimiyyətə gələn Paşinyan Cıdır düzündə rəqs edir və "Qarabağ Ermənistandır" deyirdi. Halbuki Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdə Azərbaycandan ona vaxt verilməsini xahiş edərək münaqişəni dinc yolla həll edəcəyinə vəd vermişdi. Valday klubunda isə Prezident İlham Əliyev beynəlxalq ictimaiyyət qarşısında çıxış edərək "Qarabağ Azərbaycandır və nida işarəsi" deməklə Paşinyanın cavabını vermiş oldu”.

A.Badamov II Qarabağ müharibəsini qaçılmaz edən məsələlərə diqqət çəkib. Onun sözlərinə görə, düşmən özünü yaratdığı müdafiə sədlərinə və ordusu ətrafındakı "məğlubedilməz" mifinə inandırmışdı:

“Ona görə də 27 sentyabr 2020-ci ildə təmas xəttində yenidən geniş təxribatlar törətməyə başladı. Xalq Ali Baş Komandanın "İrəli" əmrini gözləyirdi. Beləliklə, 27 sentyabrda bu əmr verildi. Ordumuz müharibənin ilk günündən müvəffəqiyyətlər qazanmağa başladı. Onminlərlə gənc könüllü şəkildə ordu sıralarına yazıldı. Xaricdə yaşayan gənclərimiz də ölkəyə qayıtdı, əlinə silah götürüb haqq işimizə qoşuldu”.

Deputat bildirir ki, 44 günlük müharibə xalqımız üçün Vətən Müharibəsi idi. Xaqlımız Xocalının, Xocavəndin, Zəngilanın, Başlıbelin, Qaradağlının, və digər soyqırımların qisasını almağına tələsirdi:

“Biz ermənilər kimi davranmadıq. Beynəlxalq normalar çərçivəsində müharibə apardıq. 44 günün hər  günü qəhrəmanlıq dastanı idi. Nəhayət, 8 noyabrda Müzəffər Ordumuzun  Şuşanı azad etməsi xalqımıza böyük bir bayram sevinci yaşatdı. Məhz Paşinyanın yalvarışlarına görə 10 noyabrda üçtərəfli Bəyanat imzalandı, münaqişənin həll olunması üçün hərbi yolu dayandırıb siyasi yollarla davam etdirilməsinə qərar verildi. Beləliklə, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan, şəhid verilmədən düşmən işğalından azad olundu. Ermənistan yalvarıb imza atdığı üçtərəfli bəyanata əməll etmədi. Biz öz gücümüzlə bu bəyanatın maddələrini Ermənistana icra etdirməyə məcbur olduq. Nəhayət, Paşinyan Qarabağın Azərbaycan olduğunu etiraf etdi. 20 sentyabr 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tərdbirləri ilə Qarabağda erməni separatçılığının kökünü kəsdik. Bakıda çay içmək arzusunda olan separatçıların rəhbərləri öz arzusuna çatmış və DTX-nın təcridxanasında çay içirlər. Bakıda tankların hərəkət edəcəyini arzulayan Ermənistan rəhbərliyinin arzusunu yerinə yetirdik və döyüş meydanında qənimət götürülmüş erməni tankları və döyüş texnikaları Zəfər paradımızda nümayiş etdirildi. Beləliklə, Müzəffər Ordumuz və xalqımız dəmir yumruğa çevrilərək 200 illik arzusunu reallaşdırdı”.

Deputat işğaldan azad olunmuş ərazilərimizin yenidən qurularaq cənnətə çevrildiyini vurğulayır. Bildirir ki, uzun illər məcburi köçkünlük həyatını yaşamağa məcbur olmuş insanlar öz doğma yurdlarına qayıtdılar, yenidən firavan və dinc həyatlarına qovuşdular: “Azərbaycan qlobal problemlərin həll olunduğu möhtəşəm tədbirlərə ev sahibliyi edir. Təşəbbüsləri dünya tərəfindən qəbul olunur. Azərbaycan indiki kimi heç vaxt güclü olmayıb. Bütün bu uğurlarımıza görə biz Prezident İlham Əliyevə borcluyuq”.

Seçilən
19
hafta.az

1Mənbələr