AZ

Bayrağımız Azərbaycan dövlətinin suverenliyinin rəmzidir

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.

Dövlət bayrağımızdakı səkkiz guşə ilə bağlı da müxtəlif izahlar vardır. Bir izahda bildirilir: Ay (qəməri) təqvimi islam ölkələrində geniş istifadə olunurdu. Ay təqvimində tarixdə “Türk dövrü” kimi qalmış bir təqvim yaradılmışdır. Ay fazalarının təkrarlanması müddətinə uyğunluq üçün təqvimdə hər səkkiz ildə üç dəfə (2, 5 və 7-ci illərdə) ilin axırıncı ayı olan Zilhəccəsinə 30-cu gün əlavə edilirdi. Beləliklə, “Türk dövrü kimi tanınan bu təqvim dəqiqliyinə görə fərqlənirdi. Sonralar “Türk dövrü təqvimini yenidən təkmilləşdirərək hər 126 ildən bir səkkizlik dövrün axırıncı dövründəki 7-ci il zamanı Zilhiccəni 29 sutka saxlamaqla dəqiqliyi 1290-cı ildə bir sutkaya qaldırmış və təqvimdən XVI əsrdən Türkiyədə istifadə etmişlər. Çox güman ki, əsası Osman Qazi tərəfindən qoyulmuş Türk İmperatorluğunun bayrağındakı ay hilalı yanındakı səkkizbucaqlı dövlətin vaxt ölçüsü cədvəlinə rəmzi işarədir . Bəzi izahlarda isə səkkiz guşəli ulduz “Od Yurdu”nun səkkiz hərflə yazılışına işarədir. Böyük yazıçı C.Cabbarlı yazırdı: “Səkkiz künclü şu ulduz səkkiz hərfli Od yurdu”.

Bayrağımızdakı göy rəng türkləşmək ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr tikilmişdi. Bu abidələrin əksəriyyəti göy rəngdə olmuşdu. Bu baxımdan göy rəng həm də simvolik məna daşımışdır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir. Bayrağımızdakı yaşıl rəng islam dininə mənsubluğumuzu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” əsərində yaşıl rəngin geniş izahını vermişdir.

Milli bayrağımızdakı qırmızı rəng müasirləşməni, inkişafı əsas götürür. Məlum olduğu kimi, XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş vermişdi. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olmuşdu. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Ə.Hüseynzadə yazırdı: “Avropalaşalım, firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maarifinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqlan girsin!” .

Milli bayrağımızda qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstantinopolun gerbi olmuşdu. Türklər 1453-cü ildə Konstantinopolu aldıqdan sonra həmin gerb Osmanlı imperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilmiş və həmin dində olan başqa xalqlara keçmişdir. Müxtəlif guşəli ulduzların təsvirlərinin izləri dünya sivilizasiyasının ən qədim məskəni hesab olunan Mesopotomiya ilə əlaqədardır. Ulduz təsvirlərinin yaranması astronomiya elmi ilə bağlıdır. Böyük yazıçı C.Cabbarlı şeirlərinin birində yazırdı: Bu ay, ulduz boyaların qurultayı nə demək, Bizcə belə söyləmək. Bu göy boya - göy Moğoldan qalmış bir türk nişanı, Bir türk oğlu olmalı. Yaşıl boya- islamlığın sarsılmayan imanı, Ürəklərə dolmalı. Bu al boya- azadlığın, təcəddüdün fərmanı, Mədəniyyət bulmalı.

Nurlana Abdullayeva,
48 saylı məktəbin müəllimi

Seçilən
8
ikisahil.az

1Mənbələr