Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki şanlı qələbəsindən dörd il ötür. “Dəmir yumruq” əməliyyatı ilə başlayan II Qarabağ savaşı nəticəsində işğal altında olan torpaqlarımıza qovuşduq. 2020-ci il 8 noyabr tarixində 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük tarixi əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Məhz həmin gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərancamı ilə bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.
Bununla bağlı Publika.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, bu gün Azərbaycan 21-ci əsrin tək qalib ölkəsidir.
Onun sözlərinə görə, 30 illik işğal tarixinə malik Ermənistan keçən əsrin sonlarından başlayaraq həm Azərbaycanın 20 faiz ərazisini işğal edib, həm də milyondan artıq vətəndaşımızı sırf azərbaycanlı olduqları üçün doğma yurd-yuvasından didərgin salıb:
“BMT-nin 4 qətnaməsi olmasına baxmayaraq Ermənistan ard-arda Azərbaycan əleyhinə təxribatlar törədib və danışıqlar prosesini məqsədyönlü şəkildə uzadıb. Ermənistan təmas xəttində durmadan gərginliyi artırırdı, cəbhə xəttinə yaxın ərazilərimizdə hücum silahları və əlavə qoşunlar cəmləşdirirdi. Böyük həcmdə silah-sursatın Azərbaycan ordularının mövqeyinə yaxın ərazilərdə yerləşdirilməsi Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını sübut edirdi. Rəsmi İrəvan Azərbaycan tərəfindən səsləndirilən bəyanatları diqqətə almadı. BMT Təhlükəsizlik Şurasının qərarları və Azərbaycanın torpaqlarını işğaldan istənilən yolla azad edilməsinə dair bəyənatları Ermənistan tərəfindən qətiyyən diqqətə alınmadı. Beləliklə, növbəti Ermənistan təxribatlarının birində Azərbaycan Vətən Müharibəsinə başladı və cəmi 44 gün ərzində ərazilərimizin böyük bir hissəsini erməni silahlılarından təmizlədi. Ümumilikdə 300-dən çox yaşayış məntəqəsi Azərbaycanın nəzarəti altına keçdi”.
Ekspert əlavə edib ki, Ermənistanın Azərbaycanda yaratmış olduğu Ohanyan xətti kimi tanınan mühəndis-istehkam bölmələri cəmi bir neçə saat ərzində qəhrəman əsgər və zabitlərimiz tərəfindən darmadağın edilib: