Cəlilabad Rayon Veteranlar Təşkilatı şəhid Mübariz İsayevin qardaşı Sakit Üçtəpəlinin “Sən olmayan məzarına gəlmişəm” kitabının təqdimatını keçirib.
Mərasimdə Müharibə və Əmək veteranları, şəhid ataları, tanınmış yaradıcı ziyalılar, İctimai birliklərin, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Rayon Veteranlar Təşkilatının sədri, şair-publisist Ədalət Salman qeyd edib ki, qəhrəman şəhidlərimiz haqqında kitabların hazırlanıb nəşr edilməsi böyük əhəmiyyət kəsb edir. Belə əsərlər bu gün gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynayır. Bu kitabların təqdimatını keçirib şəhidlərimizi yaxından tanıtmaq məqsədi ilə maarifləndirici tədbirlər təşkil etmək isə bizim vətəndaşlıq borcumuzdur.
Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin atası Arif Abdullayev, rayon icra hakimiyyətinin Üçtəpə kənd ərazi nümayəndəsi Hafiz Əliyev, “Qarabağ qaziləri” İctimai Birliyi rayon filialının rəhbəri Maşallah Əliyev, AYB üzvləri Gülbala Teymur, İman Abdulla, Əlövsət Tahirli, Səlamat Biləsuvarlı, Mikayıl İnçəçaylı, Əhməd Qala, Hacı İlqar, Kərbəlayı Zaman, Akif Babayev, müharibə veteranı Qurban Əhməd və başqaları çıxış edərək şəhid Mübariz İsayevə həsr olunmuş kitabın məziyyətlərindən danışıb, şeirlərdən nümunələr oxuyub və müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.
Sonra Sakit Üçtəpəliyə vətənpərvərlik ruhunda yazdığı əsərlərinə görə rayon Veteranlar Təşkilatının fəxri fərmanı təqdim olunub. “Sən olmayan məzarına gəlmişəm” kitabının müəllifi Sakit Üçtəpəli tədbir iştirakçılarına təşəkkürünü bildirib.