İctimai və dövlət maraqlarının qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir. Çünki hər iki amil bütöv bir toplum üçün həyati əhəmiyyət kəsb edir. İctimai və dövlət maraqlarının müdafiəsi müasir dövrün ən mühüm şərtlərindəndir. Bu, hər bir vətəndaşın qarşısında duran mühüm məsələlərdəndir. Yəni hər bir vətəndaş kimliyindən asılı olmayaraq dövlətin, ictimaiyyətin maraqlarına xidmət etməyə borcludur. Vətəndaşın ilk məqsədi dövlətin və dövlətçiliyin möhkəmlənməsinə çalışmaq olmalıdır. Bu baxımdan, ictimai və dövlət maraqlarının müdafiəsi məsələləri daim aktuallığını qoruyur.
İctimai və dövlət maraqları barədə düşündükdə belə bəlli olur ki, həmin maraqların vəhdəti məhz azərbaycançılıq ideologiyasına əsaslanır. Həmin ideologiyanın da, həmin konseptin də müəllifinin Ulu Öndər Heydər Əliyev olduğunu hər birimiz çox yaxşı bilirik.
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə də müstəqil, milli maraqlara söykənən siyasət qurulub. Azərbaycan dövlətinin hər zaman yürüdülən siyasətinin mərkəzində milli maraqlar durur. Azərbaycanın daxili və xarici siyasətində ictimai və dövlət maraqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab olunur.
Günü-gündən müasirləşməkdə olan ölkəmizdə aparılan yenidənqurma, abadlıq işlərində xalq və dövlət birliyinin ən parlaq nümunəsini görməkdəyik. Gördüyümüz həmin işlər, əlbəttə ki, bizim ümumi maraqlarımızın, ictimai və dövlət maraqlarının təmin edilməsi, qorunması üçündür. Deməli, ictimai və dövlət maraqlarının qorunmasının gündən-günə aktuallığı, vacibliyi artır və bu, prioritet məsələ hesab olunur.
"Ölkəmizdə ictimai və dövlət maraqlarının müdafiəsi istiqamətində çalışmalar həyata keçirilir. İstər dövlət qurumları tərəfindən, istər qeyri-hökumət təşkilatları tərəfindən, istər lap belə götürək, ziyalılar, yəni fiziki şəxslər tərəfindən də bu istiqamətdə çalışmalar həyata keçirilir.
Qeyri-hökumət təşkilatları müxtəlif layihələr vasitəsilə ictimai və dövlət maraqlarının müdafiəsində aktivlik göstərirlər. Burada təbii ki, əsas aparıcı orqan Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Amma ümumən götürəndə müxtəlif digər dövlət qurumları da var ki, onlar öz hesabına müsabiqə elan etməklə, QHT-lərlə əməkdaşlıq çərçivəsində QHT-lərin ictimai və dövlət maraqlarının müdafiəsində fəal iştirakına dəstək olurlar".
Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Mübariz Göyüşlü deyib.
O qeyd edib ki, təkcə layihələr ilə deyil, çox fəal qeyri-hökümət təşkilatları var ki, onlar dövlət qurumlarının qəbul etdikləri qərarların icrası, daha sonra ictimai dövlət qurumları arasında vasitəçilik missiyasının yerinə yetirilməsi və bir sıra mühüm əhəmiyyətli məsələlərin maarifçiliyinin aparılması, ideoloji, siyasi və s. istiqamətdə maarifçilik fəaliyyətinin həyata keçirilməsi kimi çalışmalarda çox ciddi fəallıq göstərib və təkcə bu çalışmalar ölkə daxili deyil, həm də beynəlxalq miqyasda da çox fəal şəkildə müşahidə olunur:
"Bu mənada dövlət maraqlarının müdafiəsində, ictimai maraqların müdafiəsində onlar öz üzərinə düşən işləri yerinə yetirə bilirlər.
Əlbəttə, deyək ki, tam olaraq biz bununla razıyıq, xeyr. Yəni dövlətdə hələ çox iş var, çox iş görülməlidir, çox iş də görülə bilər. Bu mənada mən hesab edirəm ki, qeyri-hökumət təşkilatları fəallıqlarını daha da artıra bilərlər və artırmalıdırlar. Çünki Azərbaycan artıq qlobal miqyasda çalışmalar həyata keçirən bir ölkəyə çevrilib. Çox geniş şəkildə təkcə ölkə daxilində deyil, ortada beynəlxalq miqyasda da hesablanan fəaliyyətlər var. Bu mənada QHT-lər çalışmalarını genişləndirməlidir.
Məsələn, COP tədbirinin Bakıda keçirilməsi, özü də bu qəbildən olan çalışmalardandır. Bizim qeyri-hökumət təşkilatları dövlət maraqlarının müdafiəsi ilə bağlı, istər təhlükəsizlik, istər ideoloji, istər qanunvericiliyin təkmilləşdirilməsi, istər elm, təhsil, səhiyyə, hərbi, təhlükəsizlik və s. istiqamətlərdə gerçəkləşdirdikləri çoxsaylı fəaliyyətləri mövcuddur. Düşünürəm ki, qeyri-hökumət təşkilatlarının birgə gerçəkləşdirdiyi çalışmalar, icra etdiyi layihələr, apardığı təbliğat və s. dövlət maraqlarının müdafiəsi məsələsində çox mühümdür. 44 günlük Vətən müharibəsindən sonra da bu çalışmaların nümunəvi şəkildə gerçəkləşdirilməsinin şahidiyik.
Hesab edirəm ki, 44 günlük müharibədən sonra artıq QHT-lərimizin özlərinin də çalışmalarını, dəyişikliklərini müşahidə edirik və daha da dəyişilməsi lazımdır. Əvvəl biz daha çox Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası ilə bağlı məsələlərə diqqət ayırırdıqsa, indi dediyim kimi, qlobal miqyasda olan fəaliyyətlərə köklənmək və Azərbaycan üçün önəm daşıyan təhlükəsizlik, Azərbaycanın xaricdə imicinin təbliği və eyni zamanda bizim milli dövlətçiliyimizə təhdid kimi ola biləcək məsələlərə qarşı mübarizə üçün çalışmalıyıq. Məsələn, qida təhlükəsizliyi məsələsi, ideoloji təbliğat və ya gənclərdə vətənpərvərlik təbliğatı, kibertəhlükəsizlik, gənclər, sağlamlıq, narkomaniya və s. bu kimi məsələlərdə QHT-lərin daha da fəal olmasını, həm dövlət maraqlarını, həm də ictimai maraqları müdafiə etməsini arzu edirəm".
Röyalə Xəyal
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.