Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətovu yığmaya niyə dəvət etməməsi ilə bağlı açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis “şəhərlilər”in qolkiperinin son turlardakı çıxışını məqbul saymadığını və bu baxımdan da milliyə dəvət etmədiyini bildirib:
“Bu, texniki qərardır. Mehdi ilə şəxsi heç bir problem yoxdur. Son oyunlarda çıxışı ürəkaçan deyildi, bəyənmədim. Ona görə başqa qapıçılara şans verdim”.
Təcrübəli çalışdırıcı həmçinin qarşıdakı Estoniya ilə oyuna da toxunub:
“Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Amma bir şeyi vurğulamaq lazımdır ki, yeni layihənin başlanğıcındayıq. İş gedir. Hamılıqla bərabər bunun üzərində çalışırıq. Heç nə bizi tutduğumuz yoldan çəkə bilməz”.