Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernando Santos bu gün qarşıdakı Estoniya və İsveçlə oyunlar üçün heyəti açıqlayıb.
Arena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ənənəvi olaraq heyəti yenə mətbuat konfransında açıqlayıb, seçimini əsaslandırıb.
Santos son oyunlarda əsas qapıçı kimi oynatdığı Mehdi Cənnətovu bu dəfə ümumiyyətlə milliyə çağırmamasını belə izah edib:
“Texniki qərardır. Mehdi ilə şəxsi heç bir problemim yoxdur. Son oyunlarda çıxışı ürəkaçan deyildi, bəyənmədim. Ona görə başqa qapıçılara şans verdim”.
Mahir Emreli Estoniya ilə görüşdə olmayacaq, Renat Dadaşov isə əməliyyat edilib. Santos hücum xəttindəki problemləri necə aradan qaldıracağı barədə sualı belə cavablandırıb:
“Çıxış yolu həmişə var. Əlimizdə olan materialla çıxış yolu tapmağa çalışacağıq. Bəzi oyunçular var ki, bu vəziyyətdən çıxmağımıza kömək edə bilərlər. Qarşıdakı məşqlərdə oyunçuları yoxlayacağıq və hücumda kimləri sınayacağımıza qərar verəcəyik”.
Fernando Santos UEFA Millətlər Liqasında bu mövsüm uğur qazanmağın mümkün olmayacağını nəzərə alaraq gənclərə şans verməyin önəmli olduğunu bildirib:
“Milliyə dəvət olunmuş oyunçuların ümumi orta yaş həddinə baxsanız, görərsiniz ki, 25-dir. Bu toplanışa iki yeni gənc də cəlb olunub. Məşqlər zamanı onları yoxlanışdan keçirəcəyik. Baxacağıq ki, hansılar gələcəkdə bizə kömək ola bilər. Gənc oyunçuların yanında təcrübəlilər də olmalıdır ki, onlara baxıb, nəsə öyrənib, inkişaf etsinlər. Yalnız gəncləri də çağırmaq düzgün alınmaz”.
Millimiz Estoniya yığmasını Qəbələdə qəbul edəcək. Santos əyalətdə oynamağın millimizin üzvləri üçün problem olmayacağını bildirib:
“Dünyanın hər yerində futbolçular hər bir iqlimə adaptasiya olurlar. Bu, sadəcə olaraq bəhanə ola bilər. Çoxlu bəhanələr ola bilər, dağlıq ərazidir, yağış yağdı, filan. İnanın ki, istək olarsa, bu dediyim amillər bəhanə deyil. 3000 metr hündürlükdən danışmırıq. Bəzi komandalar 3000 hündürlükdə oynayırlar, amma problem yaşamırlar.
Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Amma bir şeyi vurğulamaq lazımdır ki, yeni layihənin başlanğıcındayıq. İş gedir. Hamımız bunun üzərində çalışırıq. Heç nə bizi tutduğumuz yoldan çəkə bilməz”.